Avropa Parlamenti martın 14-də Azərbaycana qarşı növbəti “qətnamə” qəbul etməyə hazırlaşır.
Budəfəki qətnamə də bundan öncəkilər kimi obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterlidir. Məsələ ondadır ki, bu ilk belə hal deyil.
AP tərəfindən Azərbaycana qarşı qəbul edilən bu və bu tipli təşəbbüslərin və qətnamələrin artıq sayı-hesabı itib. Misal üçün bundan öncəki qətnamədə Avropa Parlamenti Azərbaycanı Dağlıq Qarabağda və ətraf ərazilərdəki erməni mədəni irsinə qarşı münasibətinə görə tənqid etmişdi. Həmin Qətnamənin lehinə 635, əleyhinə 2 səs vermiş 42 millət vəkili isə bitərəf qalmışdı.
Budəfəki qətnamə layihəsinin ilkin mətninə nəzər saldıqda həm motiv, həm də arqument baxımından öncəkilərdən fərqlənmədiyini görmək mümkündür.
Məsələn, qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistanı hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də hazırda de-fakto fəaliyyət göstərməyən “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə ümumiyyətlə olmayan məsələlər qeyd edilib.
Birincisi, Azərbaycanın Ermənistana hərbi təcavüz etməsi iddiasının heç bir əsası yoxdur. Digər tərəfdən, bunu müəyyən etmək çox rahatdır. Peyk görüntülərini izləyərək iki ölkə arasında təyin edilməyən şərti sərhəddəki aktivliyi müşahidə etmək mümkündür.
İkincisi, Laçın yolunun “blokada”da olması kimi iddialar artıq çürüyüb. Az qala hər gün Azərbaycan televiziya kanaları başda olmaqla, sosial şəbəkələrdə Rusiya sülhməramlılarınına məxsus nəqliyyat vasitələrinin, habelə mülki ermənilərin bu yoldan sərbəst gediş-gəlişini əks etdirən görüntülər paylaşılır.
Üçüncüsü, Qarabağdakı ermənilərə statusun verilməsi kimi məsələlərin Avropa Parlamenti səviyyəsində müzakirə edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.
Bu, həm Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin pozulması, həm də suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidentinin dediyi kimi ölkəmizdə yaşayan digər etnik azınlıqlar kimi ermənilərin də hüquq və azadlıqları dolayı yolla statusu Azərbaycan konstitusiyası ilə tənzimlənir.
Əslində, məlum qətnamə layihəsi və mətn daxilində yer alan “arqumentlər” bir daha Avroparlementin erməni lobbisinin sifarişi ilə hərəkət etdiyini təsdiqləyir. Sanki AP Ermənistan Parlamentinin komitəsinə çevrilib, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir.
Korupsiya cinayətləri “konyak diplomatiyası”
Avropa Parlamentinin Azərbaycana qarşı növbəti “qətnamə” qəbul etməyə hazırlaşması həm də o baxımdan daha bizi təəccübləndirmir ki, qurum son dövrlər ancaq korrupsiya cinayətləri və Azərbaycana qarşı qərəzli addımları ilə gündəmə gəlir.
Misal üçün Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi qurumun içində olduğu vəziyyəti əyani sübut edir.
Digər tərəfdən Avropa Parlamentinin bir çox deputatının Avropa İttifaqı-Ermənistan dostluq qrupu üzərindən ciddi şəkildə maliyyə əldə etməsi faktları da mövcuddur. Bu məsələdə isə əsas diqqətçəkən şəxs ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır.
Belə ki, Avropa İttifaqı-Ermənistan dostluq qrupu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx bağlıdır. Kaspar Karapetyan isə bu təşkilatın prezidentidir.
Kaspar Karapetyan AP-nin bir sıra deputatlarını sözün əsl mənasında drijor çubuğu ilə idarə edir. Karapetyanın brilliant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır.
Bu mənada Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur.
Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.