saygac

“Ehtiyatlı olun, fırıldaqçılar iş başındadır. Son zamanlar ölkə üzrə elektrik və qaz sayğaclarına məlum olmayan qüvvələr tərəfindən kütləvi müdaxilə etmə halları qeyd olunur.

Sonra sayğaca müdaxilə adı altında ölkənin bir sıra regionlarında vətəndaşlara böyük məbləğdə cərimə yazılır. Vətəndaşların bu barədə şikayətlərinə isə heç bir yerdə düzgün baxılmır. Haq-nahaq insanları cərimələri zorla ödəməyə məcbur edirlər”. Yenivaz.com xəbər verir ki, bunu sosial şəbəkədəki səhifəsində tanınmış jurnalist Tapdıq Abbas bildirib.
“Hadisələrin ilkin jurnalist təhqiqatı və analizi bu prosesin əhaliyə qarşı qəsdən “Azərişıq” ASC və “Azəriqaz” İB-də çalışan qrup tərəfindən kütləvi şəkildə həyata keçirilməsi ehtimalını gücləndirir. Hadisəyə aid bu cür hallar artıq Bakı şəhərinin ayrı-ayrı rayonlarında, Beyləqanda, İmişlidə, Şamaxıda və digər yerlərdə qeydə alınıb. Əhalidən xahiş edirik ki, bu cür hadisə ilə üzləşən şəxslər dərhal onlara yazılmış cərimə aktları əsasında aidiyyəti üzrə ərazidə olan hüquq-mühafizə orqanlarına müraciət etsinlər”,-deyə T. Abbas vurğulayıb.
Məsələ ilə bağlı Yeniavaz.com saytı “Azəriqaz” İstehsalat Birliyindən rəsmi mövqe öyrənib. “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev səsləndirilən bu fikirlərlə razılaşmayıb: “Bu sualınıza 2 sözlə cavab verirəm: şayiədir, əsası yoxdur”.
“Qaz sayğacına kənar şəxslərin müdaxilə etməsindən şübhələnən abonent hara müraciət etməlidir?” sualımıza İbrahim Kərbalayevin cavabı belə olub: “Sayğacda hər hansı bir qüsur baş verdikdə abonent tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin “Çağrı mərkəzi”nə müraciət olunur və əməkdaşlar tərəfindən yerində baxış keçirilib araşdırılır. Sayğacda hər hansı bir qüsur yaranıbsa çıxarılır, abonentin qazsız qalmaması üçün yerinə yeni sayğac quraşdırılır. Qaz xətti üzərindən çıxarılmış nasaz sayğac dövlət yoxlamasından keçirilməsi üçün müvafiq şöbəyə göndərilir. Dövlət yoxlamasından müddətdən asılı olaraq nə vaxt rəy gəlirsə, həmin rəyə uyğun olaraq da tədbir görülür – sayğaca müdaxil olub, yoxsa zavod istehsalında olan qüsurdur.
Əgər kənar müdaxilə olubsa, itirilmiş qazın bərpasi üçün hesablama aparılır. Siz buna cərimə deyirsiniz, amma cərimə deyil. Söhbət itirilmiş qazın bərpası üçün hesablama aparılandan sonra müəyyən edilmiş məbləğdən gedir. Bəli, abonent həmin pulu ödəməlidir. Əgər vətəndaş sayğaca başqa şəxslərin müdaxilə etdiyini düşünürsə, bunun qəsdən edilməsindən şübhələnirsə, o zaman müvafiq olaraq yaşadığı ərazi üzrə polis şöbəsinə müraciət edib şikayətini bildirə bilər”.
Bəs “Azəriqaz” rəsmisinin təbirincə desək, itirilmiş qazın bərpası üçün hesablama necə aparılır, bu məbləğ necə müəyyənləşdirilir?
“Əgər obyektdirsə, qeyri-yaşayış sahəsidirsə, yaxud əhali istehlakçısıdırsa, avadanlıqların sərfiyyatına görə hesablama aparılır. İl ərzində vətəndaşlara nə qədər belə “cərimə” yazılması ilə bağlı əlimdə statistik rəqəm yoxdur. Amma bir daha deyirəm, bu sırf cərimə deyil ki, onu vətəndaşdan qanunla tələb edəsən. İşlədicinin avadanlığının sərfiyyatına görə hesablama aparılır və müəyyənləşdirilmiş məbləğ ondan alınır”,-deyə İ. Kərbalayev vurğulayıb.
Nicat

araz.az xəbər portalı.