Elmira KƏNAN
Əvvələr çayın çox böyük hörməti vardı. Kasıbın da, varlının da süfrəsindən əksik olmazdı – armudu stəkanda! Pürrəngi çay, məşhur Lənkəran çayı..
Qonaqpərvərliyin ən nümunəvi göstəricilərindən biri də bu idi ki, qapıdan girən şəxsə öncə çay təklif edərdilər. Yeməkdən sonra acılan çay süfrəsinin də ayrı ləzzəti olardı. Hətta, elçilikdə də, qızın “hərisi” verilirdisə , “şirinlik çayı” istəyərdilər. Nə oldusa, çay öz nüfuzu ilə birdən birə nüfuzsuz oldu.
Çay ilk növbədə susuzluğu yatırtmaqla bərabər, insanlar arasında salınan ən səmimi körpüdür. Ümumiyyətlə, insanlara yaxınlaşmaq üçün, hiylə dolu müxtəlif yollar var. Bu yollar, texnologiyanın inkişaf etdiyi bir dövrdə belə, sosial və qeyri sosial şəbəkələrdən öz təcrübəsini sınaqdan keçirərək, sonda yenə çayın üzərinə gəlib çıxdı. Əlqərəz, baş ağrıtmayım, birbaşa mətləbə keçim.
Tutaq ki, hər hansı bir mövzuya aid yazı yazırsan, saytlara müraciət edirsən. Saytın redaktoru əvvəlcə yazılarını istəyir, oxuyur, bəyənir, hətta səninlə dostlaşır. Sən heç qonorar da istəmirsən, çünki saytların maliyyə durumunun yüksək olmadığını bilirsən. Sadəcə, həyati yazılarını oxucularla paylaşırsan. Bir neçə gün keçəndən sonra redaktor səni çaya dəvət edir. Sənin yazın isə hələ dərc edilməyib. Demək, caydan sonra yazın işıq üzü görəcək. “Lənət şeytana!” – deyib, çaydan imtina edirsən.
Ürəyini boşaltmaq üçün, sevgini rəngli boyalara verirsən və demək istədiklərini yağlı boya ilə kətan üzərində izah etməyə çalışırsan. Rəsm çəkməyə o qədər həvəslisən ki, sərgi də təşkil etmək istəyirsən. Səni təşkilatçılıq işləri ilə bağlı bir adama yönləndirilər. İşlərin sürətli getməsi üçün hazırlıları gücləndirirsən. Yeni əsərlər yaradırsan, hər şəkillərə uyğun çərçivələr seçirsən, dost-tanış siyahısı tutursan. Bir sözlə, başını qaşımağa vaxtın yoxdur. Qəfildən zəng gəlir. Baxırsan ki, zəng edən sənin sərgini keçirməyə kömək edən şəxsdir. O da, səni axşamüstü çaya dəvət edir: “Bəlkə bir çay içək, istəsən, sonra kinoya da gedərik…”.
Sərgi hara, çay hara?! Hələ, bununla bərabər, bir film də izləmək… Yenə: “Lənət şeytana!” – deyib, bu adamın da çayından imtina edirsən.
Düşünürsən ki, əşi, sən nə yazarsan, nə rəssam; Başını sal aşağı, müəllimliyni elə. Doğrudan da, müəllimlik müqəddəs vəzifədir. Bu peşə sahibləri daima axtarışda olmalı, öz üzərində işləməlidir. Hətta, auditoriyada dərs deyən müəllimin mutləq elmi dərəcəsi olmalıdır. Ən azı, cüzi də olsa, maaşında da fərq var. Axı, elmi rəhbərlərin hamısının diqqətə ehtiyacı var. Hətta, 3 nağd elmi rəhbərin könlündən çay keçır. Koridorda səninlə görüşərkən əlindən elə bərk tutub sıxır ki, sanki sonuncu qatara minmək üçün tələsir. Bunlara da: “Lənət şeytana!” – deyib, yoluna davam edirsən.
Əgər adamın övladı varsa, mütləq həkimə, vəkilə işi düşməlidir. Bu ölkədə yaşayırsansa, hər cür qanun pozuntuları ilə uzləşmək, adət ənənəyə çevrilib artıq.
Qanun sənin tərəfində olsa belə, yenə haqsızlıqlarla üzləşirsən, hansısa mərdiməzarla rastlaşırsan, nəhayət vəkilə üz tutmağa məcbur olursan. Ən azı ona güvən hissin güclüdür ki, hüquqlarını qorumaqda sənə yardımçı olacaq. Ona inanırsan və arxasınca gedirsən. Və birdən xəbər tutursan ki, bu ölkənin vəkili də çoxdanın “çayxoru” imiş…
…Hava dəyişir. Qəfildən uşaq xəstələnir. Ora-bura qaçsan da, dərdinə çarə tapa bilmirsən. Nəhayət, sənə bir həkim məsləhət görürlər. Həkim də sağ olsun, gəlib uşağı müayinə edir. Tez-tez xəstənin vəziyyəti ilə maraqlanır, məlumat verməyi xahiş edir. Sən də şükür edirsən ki, nə yaxşı belə insan həkimlər var. Hətta, ona “hörmət” etmək istəsən də, səndən bir qəpik belə pul götürmür. Bir müddət keçir. Günlərin bir günü sənə mesaj gəlir. Və: “Nə yaxşı ki, belə insan həkimlər var!” – dediyimiz həkim də səni çaya dəvət edir. Əgər Onkologiya Xəstəxanasının başında oturan, bir işə yaramayan vəzifəli məmurlardan biri sənə kartını verib: “Bəlkə bir çay icib, danışaq, sohbətləşək!” – deməsəydi, bu həkimə çoxdan dəli olardım.
Daha deməyə söz də yox, vəziyyəti izah etməyə ifadə də tapmadım. Bu yerdə belə qənaətə gəlirsən ki, bu ölkədə hamının başı xarabdır. Gərək, sən də, başı xarab olasan, ya da idmanla məşğul olasan ki, bu depressiyadan qurtulasan. Artıq idman sənin gündəlik həyatına çevrilir. Məşqçin də sənə lazımi göstərişlərini verir, nəyi harada düz, ya səhv etdiyini izah edir. Sağlam ruhla yeni həyata qədəm qoyursan. Həm də, cayı unutmaq üçün, ancaq su içməyə qərar vermisən. Əhvalın çox yüksəkdir – sevincək zalı tərk edib, evə tələsirsən. Birdən gözün qapıda duran məşqçinə sataşır. Sən demə, səni gözləyirmiş. Yaxınlaşıb sağollaşmaq istəyirsən ki, qəfildən dillənir:
– Bəlkə bir çay içək!
– …
Bura – sözün bitdiyi yer. Əslində, siyahını uzada da bilərdim. Elə, burda dayansam yaxşıdır. Sadəcə, artıq “Lənət şeytana!” deyil, “Lənət sizlərə!“ – deyib, zalı tərk edirəm…
…Gecənin səssizliyində, eyvanda, tək-tənha oturub çay içirəm. Elə, bu vaxt uzaqdan bir mahnı sədası gəlir:
“Kimin ağrıyır canı?!.
Bir çay içsin mərcanı.
Min bir dərdin dərmanı –
Çay, çay, çay…”. Nə yaxşı ki, bu mahnımızın qəlb oxşayan həzin sədaları varmış. Narahat qəlbimə yeganə təsəlli də, elə, bu həzin sədalardır…
araz.az xəbər portalı.