Parlament Jurnalistləri Birliyinin təsis etdiyi Şirməmməd Hüseynov mükafatının 2022-ci il üzrə laureatı Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Vilayət Quliyevdir. Bu gün Mətbuat Şurasında laureta mükafatın təqdim olunması ilə bağlı toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, ustad Şirməmməd Hüseynovun adını daşıyan mükafatın iki il öncə təsis edilməsi onun böyük irsinə dərin ehtiramın nümunəsidir. R.Məcid Ş.Hüseynovu Azərbaycan Xalq Cümhuriyyətinin müasir dövrümüzdəki ən böyük tədqiqatçısı adlandırıb.
Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda bildirilir ki, MŞ sədri AXC dövrünün ictimai-siyasi xadimlərinin keçdikləri örnək həyat yolunun araşdırılmasının və cəmiyyətə çatdırılmasının görkəmli alimin çoxillik elmi fəaliyyətinin qayəsini təşkil etdiyini vurğulayıb. Ustadın adı ilə bağlı mükafatın layiqli sahibinə çatmasından məmnunluğunu ifadə edib. MŞ sədri çıxışında, həmçinin, V.Quliyevin diplomatik fəaliyyətlə bərabər, Azərbaycan elminə titanik xidmət göstərdiyini diqqətə çatdırıb.
Tanınmış jurnalist, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova həyat yoldaşı Ş.Hüseynovun xalq və dövlət tərəfindən eyni dərəcədə sevilən böyük alim və ziyalı olduğunu vurğulayaraq, onun adını daşıyan mükafatın AXC irsini yaşadan dəyərli şəxslərə təqdimatının əhəmiyyətli cəhətlərini sadalayıb.
MŞ İdarə Heyətinin üzvü, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı Şirməmməd Hüseynov mükafatı ilə bağlı prinsipal məqamlardan söz açaraq, laureat V.Quliyevin bütün parametrlər üzrə layiqli seçim olduğunu bildirib, bu seçimi rəhbərlik etdiyi qurumda birləşmiş jurnalistlərin ümumi qənaəti kimi dəyərləndirib. E.Eyvazlı onu da bildirib ki, V.Quliyev parlaq diplomatdır, eyni zamanda, Azərbaycan tarixinin və ədəbiyyatının araşdırılması sahəsindəki müstəsna xidmətlərə malik dəyərli elm xadimidir.
V.Quliyev toplantıdakı çıxışında yüksək etimada görə təşəkkürünü bildirb. O, ustad jurnalistin adını daşıyan mükafatın özü üçün böyük anlam daşıdığını, son dərəcə qiymətli olduğunu vurğulayıb. Qarşıdakı illərdə də Azərbaycan elminin inkişafı üçün var gücü ilə çalışacağını diqqətə çatdırıb.
Çıxış edənlərdən Milli Məclisin deputatları Aqil Abbas və Vüqar İsgəndərov, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal laureata təbriklərini çatdırmaqla, onun Azərbaycan ədəbiyyatına, elminə misilsiz töhfələrindən söz amaqla yanaşı, PJB-nin Şirməmməd Hüseynov mükafatını ustad qələm sahibinin, əvəzsiz müəllimin, böyük ziyalının və alimin irsinə ehtiramın, yüksək qədirbilənliyin nümunəsi kimi qiymətləndiriblər.
Qeyd edək ki, 2019-cu ildə təsis olunmuş Şirməmməd Hüseynov mükafatının 2020-ci il üçün laureatı araşdırmaçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildəki lauretı isə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva olub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.