Martın 14-də “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün “New Generation 3.0 (Yeni nəsil 3.0)” layihəsinin təqdimatını keçirmişdir. New Generation 3.0 layihəsi “Coca-Cola” Fondu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı çərçivəsində həyata keçiriləcək. Ölkənin 7-dək regionunu əhatə edəcək bu təşəbbüs vasitəsilə 3000 gənc müxtəlif biznes təlimlərində iştirak edəcək, təlimləri uğurla bitirənlər isə öz startaplarını qurmaq üçün müsabiqəyə qatılacaq.

Bu barədə araz.az-a  daxil olan məlumata görə, Fairmont Baku hoteldə keçirilən tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, “Coca-Cola” Şirkətinin Qafqaz regionu üzrə direktoru İlker Sermen, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin sədri Ülviyyə Axundova, müxtəlif qurumların rəhbər nümayəndələri, sahibkarlıq, startap fəaliyyəti ilə məşğul olan və ya bu sahədə marağı olan gənclər iştirak edib.

Açılış nitqini edən DVC İctimai Birliyinin sədri Ülviyyə Axundova tədbir iştirakçılarını salamlayıb, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının fəaliyyəti və “Yeni nəsil 3.0 (New Generation 3.0)” layihəsini təqdim edib, dövlət və özəl qurumların ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafına, gənclərdə bu sahəyə marağın yaradılmasına verilən dəstəyin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva və “Coca-Cola” Şirkətinin Qafqaz regionu üzrə direktoru İlker Sermen gənclərin startap və sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, bu sahədə əldə olunan nəticələr və “Youth Inc.” Sahibkarlıq Proqramının fəaliyyətinin önəmini qeyd ediblər.

Rəsmi çıxışlardan sonra Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, “Coca-Cola” Şirkətinin Qafqaz regionu üzrə direktoru İlker Sermen və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundovanın iştirakı ilə əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib, şəbəkələşmə üçün çay fasiləsinə keçid edildi.

Qeyd edək ki, DVC-nin “Youth Inc.” Sahibkarlıq Proqramının rolu gənclər və gənc sahibkarlar arasında təşəbbüsləri dəstəkləmək, sahibkarlıq haqqında məlumatlılığı artırmaq, gənclər və qadınlara sahibkarlıq təhsili verərək onların cəmiyyətdəki və iqtisadi inkişafdakı rolunu artırmaqdır. “Youth Inc.” Sahibkarlıq Proqramı fəaliyyət göstərdiyi 10 il ərzində +18000 gənci əhatə etmiş, 46 biznes layihənin dəstəkçisi olmaqla yanaşı, 31 biznes layihənin fəaliyyətə başlanmasına və 200-dən çox iş yerinin yaranmasına nail olmuşdur.

araz.az xəbər portalı. 

 

araz.az xəbər portalı.