1533727299_baba.jpg

Məlumatımız vardı ki,“Borçalı” İctimai Birliyinin həmtəsisçisi Ayvaz Ayvazov (Eyvaz Borçalı) vaxtilə Rusiya kəşfiyyat orqanlarının hansı iri çinli fiquruna xidmət edirdi. O da bəllidir ki, həmin şəxsin təhriki ilə A.Ayvazov 2003-cü ildə açıq bəyanatla “Borçalı” İctimai Birliyini digər təsisçilər və üzvlərlə razılaşdırmadan prezident seçkilərində müxalifətin bəzi radikal qanadlarını dəstəkləmişdi.

Ona görə də yüzlərlə insan cəmiyyətdən uzaqlaşdı və onun düzgün yol tutmadığına öz etirazını bildirdi. Və nəticədə 1993-cü ildə Şərif Kərimli və Hidayət Nuriyevin təsis etdikləri və sonradan A.Ayvazovun birləşdiyi bu cəmiyyət Zəlimxan Məmmədli kimi avantüristin əlinə keçdi. Sonuncu onu çal-çağır meydanına çevirməklə ali məqsədlərdən yayındırdı.2016-cı ildə isə Cəmiyyəti Z.Məmmədlidən ala bilməyəcəyini görən A.Ayvazov növbəti fırıldağa əl ataraq, təsisçiləri və bir qrup Borçalı kökənli şəxsləri aldatmaq yolu ilə təşəbbüs qrupu yaradıb ümumi yığıncaq çağırmağa nail oldu və yeni sədr seçdirdi.
Yeni sədrin istefa ərizəsindən sonra İctimai Birliyin idarə heyətinin ümumi yığıncaq çağırmaq və yeni sədr seçkisinə hazırlaşmaq səlahiyyəti verdiyi İşçi qrup 02 dekabr 2017-ci ildə ümumi yığıncaq keçirdi və yeni sədr seçildi. Bundan bir həftə sonra, dekabrın 9-da A.Ayvazovun qaragüruhçu dəstəsi də heç bir səlahiyyəti olmadan yeni bir konfrans çağırdı və İctimai Birliyə A.Ayvazovun istədiyi adamı sədr seçdirdi.
Təbii ki, Ədliyyə Nazirliyi seçilən sədrlərin heç birini təsdiq etmədən bunu məhkəmə yolu ilə ayırd etməyi məsləhət bildi. A.Ayvazov 127 nəfər konfrans iştirakçısının açıq səsverməsi yolu ilə 02 dekabr 2017-ci ildə sədr seçilən şəxsi özünün seçdirdiyi şəxsin adından məhkəməyə verdirdi.
Mən məhkəmələrdəki özbaşınalıqlar haqqında çox eşitmişdim, ancaq birinci dəfə idi ki, bunun canlı şahidi olurdum. 3 dəfə formal şeylərə görə iclasları təxirə salan Binəqədi rayon məhkəməsinin hakimi Kamran Əsədov iyulun 24-nə təyin olunmuş iclasa xəstəlik səbəbindən gələ bilməyən və bu barədə onun katibinə iki dəfə zəng edərək xəbərdarlıq edən cavabdehin olmamasından istifadə edərək, cavabdeh tərəfindən təqdim olunan sənədlərdə heç bir araşdırma aparmadan, iddiaçının subyektiv dəlillərinə və Allah bilir, nələrəsə əsaslanaraq, tam əsassız və savadsız bir qətnamə çıxarıb. Yazdığı qətnamədən rəqəmlərlə oynamağı çox xoşladığı bəlli olan Kamran Əsədov yığıncağın iştirakçı siyahısında “onluq”larla “təklik”lərin yerini tamamilə səhv salıb…
A.Ayvazovun ağasının kim olduğunu bildik, bəs sənin ağan kimdir, Kamran Əsədov? Bəlkə də “kimdir”in əvəzinə “nədir” yazsaydıq, daha doğru olardı…

Şərif Kərimli, yazıçı-publisist,
“Borçalı” İctimai Birliyinin
2017-ci il 02 dekabr tarixli ümumi yığıncağında seçilmiş sədri

araz.az xəbər portalı.