heyet-evleri.jpg

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklər müzakirə olunub.

araz.az bakivaxti.az-a istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələrinin çıxarış (kupça) ilə təmin ediləcək.

Vüqar Bayramov: Sənədsiz 40 min əmlaka çıxarış veriləcək

Dəyişikliyi şərh edən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa ediıməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək.

“Digər dəyişikliklər ilə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək”.

Onun sözlərinə görə, müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacbliyi qeyd olunub.

“İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək”, – deyə Vüqar Bayramov əlavə edib.

Elnur Fərzəliyev: Çıxarışı olmayan evlərdən vergi yığıla bilməz

Əmlak eksperti Elnur Fərzəliyevin Bakıvaxtı.az-a dediyinə görə, təkcə Bakı və Abşeronda 500 min civarında çıxarış ala bilməyən fərdi həyət evləri və qeyri-yaşayış obyektləri var ki, uzun illərdir fəaliyyət göstərsə də, çıxarışların verilməsində problemlər var:

“Çıxarışların verilməməsində əsas səbəb həmin torpaqların təyinatının yaşayış məntəqələri üçün deyil, digər təyinatlı olması və yaxud tikintilərin normativlərə uyğun aparılmamasıdır. Bu gün həmin sənədsiz həyət evlərinə çıxarışların verilməsi üçün ilk növbədə torpaqların təyinatı dəyişdirilib yaşayış məntəqələrinə çevrilməlidir. Daha sonra həmin evlərə çıxarışlar verilə bilər”.

Ekspert deyib ki, bu gün sənədsiz evlər massivi arta-arta gedir. Yəni bu, keçmişin problemi deyil, olub, var, bu gün də davam edir, sabah da olacaq. Bu gün çıxarışı olmayan ərazilərdə tikinti işləri yenə də davam edir.

Onun sözlərinə görə, həmin ərazilərə çəkilən kommunal xətlər – qaz, su, işıq fərdi yaşayış evi kimi deyil, texniki şərt əsasında qeyri-yaşayış obyekti kimi çəkilib:

“Yəni ən azından 3-4 qurum buranı qeyri-yaşayış obyektləri kimi tanıyır. Qadağan olunmuş ərazilərdə, vulkanik dağların ətrafında, yüksək gərginlikli elektirik xətlərin altında və s. bu kimi yerlərdə tikilmiş evlərə çıxarış verilməyə bilər. Bu ərazilərə çıxarışların verilməsi qanunla qadağadır”.

Müsahibimiz hesab edir ki, ilk növbədə normativlərə uyğun olan evlərə, daha sonra isə digərlərinı çıxarış verilər. E.Fərzəliyevə görə, şəhərin mərkəzində 100 il əvvəl tikilmiş yaşayış massivləri də var ki, insanlar hələ də çıxarışsız yaşayırlar. Burda itirən tərəf dövlət büdcəsi və vətəndaşdır.

Ekspert qeyd edib ki, ən çox satılan evlər həmin çıxarışsız həyət evləridir:

“Onların çıxarışı olmadığına görə satışda dövlətə vergi ödənilə bilmir. Həmçinin, banklar faydalana, kreditlə satıla bilmir, vətəndaşlar öz evlərində qeydiyyat düşmürlər. Bu kimi problemlərin əsas səbəbi həmin evlərin çıxarışının olmamasıdır. Təbii ki, çıxarış olarsa, həmin evlər sığortalana da bilər”.

E.Fərzəliyev onu da deyib ki, çıxarışlar verilərsə, vətəndaşların mülkiyyət hüququ tanınar. Mülkiyyət hüququ tannındıqda vətəndaşlar həmin torpağı istədiyi adama bağışlaya, sata, banka qoya, sığortlaya bilir:

“Bələdiyyələr burdan bir büdcə formalaşdıra bilər. Bələdiyyələrin büdcəsi yığdıqları vergilərlə ölçülür. Çıxarışı olmayan evlərdən isə bələdiyyə torpaq və əmlak vergisi yığa bilməz. Bu baxımdan, bu məsəlı reallaşarsa, təqdirəlayiqdir. Çünki bununla bağlı dəfələrlə ölkə başçısının tapşırığı, fərmanı olub. Amma icra mexanizmi çox zəif gedir. Bu, birbaşa ölkə başçısının tapşırığı ilə olmalıdır. Reallaşarsa, nə gözəl”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.