Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsini icra edən – Rəhimov Rahim Hacı oğlunun əməllərinə keçməzdən öncə onun keçmişinə bir nəzər salaq. Bu vəzifəsindən əvvəl Rahim Rəhimov Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi olub.
araz.az gundelik-baku.com-a istinadən xəbər verir ki, həmin vəzifədə çalışdığı zaman az qala ölkədəki hüquqi şəxslərin çoxunu dövlətdən narazı salıb. Belə ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov və onun əməkdaşları səlahiyyət hədlərini aşaraq, ictimai təşkilatlara, hüquqi şəxslərə qarşı qanunsuzluqlara yol veriblər.
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, “Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi”nin rəisi olan Rahim Rəhimov ölkə qanunlarını pozaraq verməli olduğu, hazırlanması maksimum 2 saata mümkün olan sənədləri vətəndaşlara az qala 30 günə təqdim ediblər. Və kim narazılıq edibsə, Rahim Rəhimov onlara “Kimə istəyirsən get şikayət elə”, deyərək cavab verib. Rahim Rəhimovdan ən çox şikayət edənlər arasında QHT rəhbərləri də az deyil. QHT rəhbərləri deyir ki, Prezidentimiz İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsinə dair tapşırıqlar verdiyi, vətəndaşlarla qanundankənar davranışlar sərgiləyən məmurlara sərt xəbərdarlıqlar etdiyi, ortaya ciddi iradə qoyduğu bir vaxtda, Rahim Rəhimov kimi məmurlar sözün əsl mənasında bürokratiyaya, süründürməçiliyə, qanunsuzluğa, məmur özbaşınalığına, insanlarla anormal davranışa yol verirlər. Hətta vətəndaşları o həddə çatdırırlar ki, bir balaca əsəbləri yerində olmayan şəxslər elə Rahim Rəhimovun idarəsinin qarşısında özünü yandırmaq məcburiyyətində qalır.
Bəli, belə bir mənfi reputasiyası olan məmuru daha da irəli çəkərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsinə təyin ediblər, yəni bu adam hazırda həm də Mərkəzin rəisi vəzifəsini də icra edir. Bilənlər yaxşı bilir ki, normal ekspertiza olmadan ədalətli və obyektiv məhkəmə qərarından danışmaq absurddur.
Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ mexanizmlərin tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Yəni Ekspertiza Mərkəzinin faəliyyəti müasir tələblərə cavab verməlidir.
İndi təsəvvür edin ki, bu sahəyə Rahim Rəhimov rəhbərlik edir. Rahim Rəhimov sonuncu çıxışında deyir ki, ekspertlərərimiz tərəfindən 371 mindən çox tədqiqat obyekti araşdırılaraq 90 faizə yaxın – 39 mindən çox sual cavablandırılıb. Cari ildə tikinti-texniki, müharibə cinayətləri ilə bağlı olan ballistik, əmtəəşünaslıq, mühasibatlıq, narkotik vasitələrin, audio və video yazıların ekspertizaları üzrə işlərin sayında artım qeydə alınıb.
Fikir verdinizmi, bu adam elə bil pambıq planından-zaddan danışan köhnə kolxoz sədrlərini xatırladır. Amma əslində Rahim Rəhimov və onun əməkdaşları “zakaz”la, yəni sifarişlə ekspert rəyi hazırlayırlar, bir az kobud desək, ekspertizanı hərraca, bazara çeviriblər. Yəni kim daha yüksək “summa” təklif eləsə, ekspert rəyi onun istədiyi kimi olur. Bu qədər bəsit və sadə.
Onu da qeyd edək ki, Azərbaycanda bu gün ən çox yayılan məsələ şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı iddialardır. Dərc olunan materiallara rəyi isə rəis müavini Rahim Rəhimovun imzası həll edir.
İndi görün məhkəmələrimizin çıxardığı qərarlar nə gündədir.
Sözün qısası, hələ rəis müavini vəzifəsini icra edən Rahim Rəhimov Allah qoymasa rəis olsa, bu qurumda nələr baş verəcək…
Görəsən, hörmətli ədliyyə nazirimiz Fikrət müəllim bu qanunsuzluqlara necə baxır..?

araz.az xəbər portalı.

P.S. Növbəti yazımızda Rahim Rəmimliyə ən yaxın ekspertin kim olduğu və rəis təyin olunarsa, həmin şəxsin müavin olması üçün edilən söhbətlərdən bəhs edəcəyik. 

araz.az xəbər portalı.