Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Köçbək kəndindən olan Şükür Məhəmməd oğlu Yusifova, Bakı Dövlət Universitetinin Mülki Hüquq Kafedrasının müdiri vəzifəsinə təyin olunması münasibəti ilə, “Dərələyəz” qəzetinin kollektivi adından, dərin hörmət və səmimi duyğular ifadəsi olan təbrik ünvanlanıb. Həmyerli uğurlarından doğan fəxr və fərəh, dərin hörmət və səmimi duyğular ifadəsi olan bu təbrik barədə, “Dərələyəz” qəzetinin Baş redaktoru Raqub Kamal, araz.az-a da, açıqlama verib: “Bizə fərəh verən uğurları ilə fəxrimizə çevrilən həmyerlimiz, dəyərli ziyalımız Şükür Yusifov 2000-ci ildən Bakı Dövlət Universitetinin Mülki Hüquq Fakültəsində çalışır. Hüquq üzrə fəlsəfə doktoru, dosent, 100-ə yaxın dəyərli elmi məqalə, dərslik, tədris-metodik və dərs vəsaitləri müəllifidir.

Şükür müəllim 2012-ci ildən — Dövlət Gömrük Komitəsinin Akademiyası təsis olunandan, bu elm ocağına da dəvət alıb və indiyədək, burada, əmək müqaviləsi əsasında, mülki hüquq dərslərini belə yüksək səviyyədə tədris edir. Eyni zamanda, Ədliyyə Nazirliyinin Akademiyasında vəkillərə, hakimlərə, dövlət qulluğuna qəbul olunanlara təlim dərsləri də keçir. Ayrıca olaraq, o, “Sabah” Qrupuna da dəvət alıb. Orada da, keçdiyi yaddaqalan təlimləri ilə tanınıb. Bu təlim dərslərindən yararlananlar, Şükür müəllimin bu dərsləri yüksək səviyyədə keçməsindən ağızdolusu danışırlar. Bu da, bizə, xüsusi bir fərəh hissi bəxş edir. Ümumiyyətlə, həmyerlimizin belə bütün uğurları ilə fəxr edirik.

Şükür müəllim, hətta, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsi Elmi Şurasının obyektiv və şəffaf keçən son toplantısında, seçkilərin nəticəsi ilə, Mülki Hüquq Kafedrasının müdiri vəzifəsinə təyinat alıb. Bu, Şükür müəllimə, həmçinin, fakültə Elmi Şurası üzvlərinin də göstərdikləri yüksək etimad və dərin hörmətlərinin daha bir nəticə göstəricisidir. Bütün bunlar bizə, xüsusi bir fərəh gətirir! Elə, bunlara görə, eləcə də Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsinə təyin olunması münasibəti ilə, onu bir daha təbrik edir, həyatda uzun ömür və möhkəm cansağlığı ilə bərabər, ona, bu şərəfli və məsuliyyətli işində də, böyük uğurlar arzulayırıq! Elə, şəxsən onun özünə ünvanlandığımız təbrikin mövzusu da, bu barədədir”.
Raqub Kamal bizimlə söhbətində onu da bildirdi ki, redaksiya kollektivinin bu təbrikinin mətnini, “Dərələyəz ” qəzetinin son sayında dərc ediblər. Baş redaktor, xüsusi olaraq onu da vurğuladı ki, Şükür Yusifov, BDU-nun rəhbər şəxslərinə, professor-müəllim heyətinə, ona göstərdikləri yüksək etimada görə, öz dərin təşəkkür və minnətdarlığını, mətbuat vasitəsi ilə çatdırmağı, bizdən xahiş edib. Hətta Yusif müəllim ona göstərilən bu yüksək etimadı doğruldacağına, üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəyinə, dövlətimizə və dövlətçiliyimizə ləyaqətlə xidmət edəcəyinə, mülki hüquq elminin inkişafı naminə səylə çalışacağına və əlindən gələni əsirgəməyəcəyinə də söz verib.

Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.