Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur”, “Fatehlərin zəfəri” və “Qan içində işıq” tarixi romanlarının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
araz.az azertag.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra doğma Qarabağımızın zəngin ədəbi mühitinin yenidən qurulduğunu bildirib. “Qarabağ ruhunun yaşadılmasında, xalqımızın mübarizə ovqatının formalaşmasında ədəbiyyatımız bütün dövrlərdə aparıcı rol oynayıb. Əminik ki, bundan sonra ədəbiyyatımızda qələbə ruhlu yeni-yeni əsərlər, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarını əks etdirən tarixi romanlar yazılacaq”, – deyə N.Həmzəyev qeyd edib.
Sonra filologiya elmləri doktoru, professor Salidə Şərifova, şair İbrahim Yusifoğlu, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslan, şair Məmməd Tahir, yazıçı Bayram İskəndərli və başqaları təqdim olunan romanların məziyyətlərindən danışıblar.
Tarixi romanların müəllifi Güllü Məmmədova müzakirənin keçirilməsinə şərait yaradıldığına görə BDU rəhbərliyinə təşəkkürünü bildirib, iştirakçılara imzalı kitablarını hədiyyə edib.
Sonda tələbələrin ifasında bədii hissə nümayiş olunub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.