Milli Hərəkatda Caryar Türkmən kimi tanınan Türkmənistan Milli Demokratik Cəbhəsinin lideri Avdygafur Satashın Axar.az -a müsahibəsini, araz.az da, dəyərli oxucularına təqdim edir:

– İranda yaşayan türk xalqlarının milli oyanışı başlayıb. Bu prosesdə türkmənlərin aktivliyi necədir?

– Güney türkmənlərinin sayı təxminən 5 milyondur. Onlardan bir hissəsi kiçik şəhərlərdə və kəndlərdə yaşayır. Türkmənlər, əsasən İranın şimalında, Xəzər dənizinin cənub-şərq sahilində və Türkmənistan Respublikasının cənub sərhədində yerləşiblər. Türkmən-Sahra 15 şəhər və qəsəbə, həmçinin 1600-ə yaxın kənddən ibarətdir. İndiki Türkmən-Sahra (Cənubi Türkmənistan) ərazisinə Gülüstan əyaləti, Mazandaran əyalətinin bir hissəsi və Xorasan əyalətinin şimal hissəsi daxildir. Mazandaran da Xəzər ətrafını əhatə edir. Bu vilayətlər İran-fars rejiminin şovinist və ədalətsiz bölgüsünün məhsuludur. Güney Türkmənistan milli oyanış hərəkatı hələ İran İslam İnqilabından başlayıb. İranda demokratik dövlətin qurulmasını istəyib, bir ildən sonra İran islam rejimi tərəfindən sıxışdırılan muxtar demokratik quruluş qurduq. İran dövləti də inqilabdan iki ay sonra bizə hərbi güc göstərdi. Biz yenildik, muxtar respublikamız dağıldı. Lakin şah tərəfindən alınan yerləri türkmən millətinə qaytara bildik.

– Avropada martın 25-də keçiriləcək Güney azərbaycanlıların aksiyası haqqında düşüncələriniz maraqlıdır. Türkmən qardaşlarımız da bu aksiyanı dəstəkləyir?

– Türkmənlər hər zaman Güney Azərbaycan türklərinin yanındadır. Baxmayaraq ki, İran dövləti şiə-sünni faktorundan istifadə edərək, hər iki milləti ayrı saxlayıb, onları yaxınlaşmağa qoymayıb. Amma millətçilərə bu məsələ işləmədi və işləməz də. Türkmənlərin Güney Azərbaycanla əlaqələri 2009-cu il sel fəlakətindən sonra daha da gücləndi. Türkmən ərazisini sel apardı və bizə ilk köməyə gələn Güney azərbaycanlılar oldu.

– İraqda yaşayan Kərkük türkləri (türkmanlar) öz ana dilində yazıb-oxumaq haqqına sahibdir. İranda yaşayan türk xalqları bu haqqı nə zaman əldə edəcək?

– İran dövləti İraq dövləti kimi deyil. İraqda bir zamanlar diktatorluq olsa da, müstəqil dövlətlərin hökmü ilə devrilib. Amma İranda Qacar dövləti devrilərkən, ingilis generalı Edmund Ayronsayd tərəfindən Britaniya imperiyasına tabe olan qondarma hökümət quruldu: Pəhləvilər hakimiyyətə gəldi. İslam Cümhuriyyəti dövrü də bu cür davam edir. Odur ki, biz haqlarımızı savaşla ala bilərik. İran dövləti cinayətkar və nökər bir dövlətdir. Heç bir zaman müstəqil olmayıb və olmayacaqdır. Biz inanırıq ki, yaxın günlərdə bu rejimi dağıdayacağıq. Qoy, orada farsların müstəqil dövləti olsun! Lakin orada türkmənlərin, Güney Azərbaycan türklərinin, əhvazların, kürdlərin də müstəqil dövlətləri olacaq. 21-ci əsrdə Xamenei və onun dinçi, cinayətkar hərəkətləri yolverilməzdir. İran-fars rejiminin yaxında yıxılacağına ümidliyik.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.