İran hökuməti ölkədə məcburi hicab qanununu həyata keçirmək üçün yeni təkliflər irəli sürüb. Təkliflərə hicab qaydasına əməl etməyən qadınların tapılaraq cəzalandırılmasından ötrü müşahidə kameralarından istifadə də daxildir.
Bütün bunlar ötən ilin sentyabrında gənc qadının guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfatı və bundan sonra aylarla davam edən etirazlar fonunda baş verir.
Hələ də davam edən etirazlar fonunda İran parlamentinin iclasında mədəniyyət komissiyasının üzvü Bijan Nobaveh deyib ki, qurum hicabla bağlı yeddi yeni qayda təklif edib, rəhbərlik onları qəbul edib və təkliflər Milli Təhlükəsizlik Şurasında müzakirə olunub. Yeni təkliflərdə fiziki cəza nəzərdə tutulmur. Qaydanı pozanlar öncədən müəyyənləşdirilmiş cədvəl əsasında cəzalandırılacaqlar. Müşahidə kameralarından ictimai yerlərdə hicab bağlamayan qadınların aşkarlanması üçün istifadə olunacaq, qaydanı pozanlar mobil telefon və internet əlaqəsinin kəsilməsi daxil olmaqla müxtəlif cür cəzalandırılacaq. Dəlil toplamaq və qaydanı pozanların müəyyənləşdirilməsi ilə polis və ədliyyə orqanları məşğul olacaq. Mağaza sahibləri və ticarət mərkəzləri kimi biznesləri idarə edənlər qaydaların həyata keçirilməsi üçün məsuliyyət daşıyacaqlar. Rəsmilər bəzi “qayda pozanlar”ın biznesini möhürləyir. Bu həftə Kaşan və Tehranda “Saray Ameriha” oteli, Almas Kommersiya Ticarət Kompleksi işəgötürənlərin məcburi hicab qanununa əməl etməməsi əsas gətirilərək bağlanıb. Xatırladaq ki, İranda hicab 1979-cu il islam inqilabından sonra yaşı 9-dan yuxarı qızlar və qadınlar üçün məcburi elan edilib. Ancaq qadınlar illər boyu bu qaydanın hüdudlarından kənara çıxıb, rəsmilər isə buna göz yumub. 22 yaşlı Məhsa Əmini ötən il sentyabrda polisdə vəfat edəndən sonra etirazlar başlanıb, sonradan miqyası böyüyüb. On minlərlə iranlı küçələrə çıxaraq dini isteblişmentə etirazını bildirib. Təhlükəsizlik qüvvələri isə etirazçılara divan tutub, minlərlə insan saxlanıb, bəzilərinə ölüm cəzası kəsilib. İnsan haqları qrupları etirazlarda azı 500 nəfərin öldürüldüyünü deyir. Bu arada isə İranda təhlükəsizlik xidmətləri bir videoklipdə rəqs etdikləri görünən gənc qızların kimliyini müəyyənləşdirməyə çalışır. Yerli mənbələrin verdiyi məlumata görə, video internetə Tehranın Ekbatan məhəlləsindən yüklənib. Nigeriyalı müğənni Remanın mahnısının sədaları altında rəqs edən qızların videosu martın 8-də – Beynəlxalq Qadınlar Günündə dərc olunub. Videonun Ekbatan məhəlləsindəki 13 nömrəli binanın həyətində çəkildiyi məlumdur. Sosial media platformalarında yayılan video İranda və onun xaricində böyük marağa səbəb olub. Həmin məhəlləyə aid Ekbatan adlı “Twitter” hesabından yazılmış bir postda xəbərdarlıq edilir ki, sözügedən qızlar həbs edilə və ya pis rəftara məruz qala bilərlər. Həmin postda bu da qeyd olunur ki, təhlükəsizlik qüvvələri qızların kimliyini müəyyənləşdirmək məqsədilə 13 nömrəli binanın kameralarının yazılarını araşdırır. Bu da xəbər verilir ki, rəqs edən qızların videosunu ilk dəfə dərc etmiş “Instagram” hesabı da hazırda işləmir. Qeyd edək ki, Ekbatan məhəlləsi son 6 ayda Tehranda davam edən etiraz aksiyalarının bir növ episentri olub. Təhlükəsizlik qüvvələri paytaxtın məhz bu məhəlləsində etirazları yatırmaq üçün son üç ayda çoxsaylı reydlər keçirib. Burada həyata keçirilmiş kütləvi həbslərə baxmayaraq, müxtəlif formada etiraz aktları davam edir.
İndi hesab edilir ki, rejimin hicabla bağlı yeni qadağaları İranda aksiyaları yenidən alovlandıra bilər. Hökumət tərəfindən daha sərt şəkildə tənzimlənən şəriət qanunlarına və hicab tələblərinə məhəl qoymayan qadınlar, cərimə və həbs cəzalarına baxmayaraq, artıq azad olmaq istədikılərini bəyan edirlər. İranın hər yerində parklarda, küçələrdə və dəniz kənarında hicabsız videolarını paylaşzn qadınlar hakimiyyətdə olan kişilərə müraciət edib: “Bizi öz mülkünüz kimi görürsünüz. Sizin ləyaqətinizə xidmət etdiyimizi düşünürsüz. Bizi zəif və kövrək görürsüz və öz güvənsizliyinizi ört-basdır etmək üçün bizi başımızı örtməyə məcbur edirsiniz”. İran hüquq müdafiəçisi Nəsrin Sutudə isə bildirir ki, edam təhlükəsinə, repressiyalara baxmayaraq, İran xalqının bu rejimə nifrəti, onu dəyişmək istəyi ara vermir. Hüquq müdafiəçisi qeyd edib ki, 8 aydır sürən etiraz aksiyaları Tehran rejiminin mövqeyini dəyişməyib: “Bununla belə, qadınlar itaətsizliyi davam etdirirlər”. O, cəmiyyətin İrandakı mövcud sistemi dəyişməsini tələb etdiklərini vurğulayaraq, İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin də bu məqsədlə referendumun keçirilməsini tələb etdiyini bildirib. Bu fonda İran qadınları “Qadın, həyat, azadlıq!” deməklə rejimin qoyduğu qaydalara, qadağalara qarşı çıxır. Onların haqlı tələbləri parlamentdə müzakirə olunmur. Əvəzində, yuxarıda qeyd edidiyi kimi, parlamentdə yeni cəfəng tələblər gündəmə gətirilir. Hesab edilir ki, İran rejimi dəyişmədiyi müddət ərzində burada qadınlara, digər cəmiyyət üzvlərinə münasibətdə hüquqların pozulması davam edəcək.
Tahir TAĞIYEV.
araz.az xəbər portalı.