Bakının “Nəsimi” bazarı yaxınlığında yerləşən “Green life” sağlamlıq mərkəzi vətəndaşları tələyə salıb.
AzEuroNews.com xəbər verir ki, tibb mərkəzi işsiz insanları işə qəbul adı ilə aldadır. Sağlamlıq mərkəzi müxtəlif elan saytlarında işçi axtardığını bəyan edir.
İşsizlikdən əziyyət çəkən onlarla vətəndaş “Green life” sağlamlıq mərkəzinə nicat kimi baxaraq pənah aparır.
Çünki mərkəzin elan saytlarında təklifi çox cəlbedicidir: səhər saat 10:00-dan 14:00-dək, 14:00-dan isə 18:00-dək iki növbəli iş rejimi var.
Bu 4 saat ərzində işləməyə görə 250-500 manat arasında əmək haqqı vəd edilir. Hətta İsveçrə, Avstriya, Danimarka kimi ölkələr də bu inkişafa çatmayıblar.
Amma nədənsə “Green life” sağlamlıq mərkəzi sivil Avropanı da qabaqlayaraq işsizlərə belə təkliflər irəli sürür.
Siz burada operator, kadrlar üzrə mütəxəssis, satış meneceri, əczaçı, pr vakansiyalarında işləyə bilərsiniz. Amma…
Amması budur ki, belə hallarla qarşılaşanlardan bir neçəsi başına gələnləri əməkdaşımıza danışıb. Onun sözlərinə görə, operator vəzifəsi üçün müraciət edib.
Mərkəzdən ona bildirilib ki, iş təcrübəsi mənimsədikdən sonra evdən də çalışa bilər. Bunun üçün ilk növbədə pulsuz-parasız, işsiz vətəndaş 15 manat ödəniş etməlidir.
Bu pulu nə üçün istədiklərini özləri də izah edə bilmirlər. Guya müqavilə bağlanır və həmin işsiz binəva hər gün mərkəzdə kurslarda iştirak edir.
Bu kursların isə təklif olunan sahələrlə heç bir əlaqəsi yoxdur. Belə ki, klinikanın moderatoru mühazirədə uzun-uzadı biznesin təşkili, idarəçiliyi və s. barədə cansıxıcı nəzəri mövzulardan danışır.
İş üçün müraciət edənlərə bir neçə gün gəlib mühazirədə iştirak etmələri tələb olunur. Çarəsiz qalan işsiz vətəndaşlar da məcburən mühazirəyə qatılırlar.
Amma bu mühazirələrin onların vəzifəsinə, maaşına və s. hansı aidiyyatı olduğu məlum deyil.
Nəticədə bu monoton, boz gedib-gəlmələrdən bezmiş vətəndaş bir də ora ayaq basmır. Əvəzində 15 manat da gedir, gündəlik nəqliyyata verilən pul da…
İşsiz vətəndaşı işə qəbul etmək, ona avans vermək yerinə 15 manat alırlar, kələ gəlirlər və yola salırlar.
Sonra məlum olur ki, operatorun vəzifəsi gündə 200 mənzilə zəng etmək, Green life” sağlamlıq mərkəzi haqda məlumat vermək, müştəri cəlb eləmək, hər müştəriyə görə 10 manat faiz almaq imiş.
Yəni, heç bir maaşdan söhbət getmir, operator gətirdiyi müştəridən dolanmalıdır. Əgər ayda 15 müştəri olsa, bu, cəmi 150 manat edir. Bu da işsiz vətəndaşın yol pulusu və gündəlik xərclərinə güclə yetir.
araz.az xəbər portalı.