Azərbaycanda bəzi dövlət qurumlarının təşkil etdiyi tenderlərdə ciddi qanun pozuntularına yol verilir.

Ölkədə son illərdə həyata keçirilən köklü islahatlar uzun müddət dövlət büdcəsinə qənim kəsilən rəsmi qurumların fəaliyyətində dönüş yaratmalı olsa da, əksinə, dövlətin vəsaitlərinin qanunsuz mənimsəmə hallarının artdığı müşahidə edilməkdədir.

araz.az yenicag.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti sanitariya və texniki təmizlik idarəsi də büdcə pullarının talanmasında xüsusi aktivliyi ilə seçilən qurumlar sırasındadır.

Qeyd edək ki, Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında minlərlə xüsusi texnika var. Həmin texnikalar üçün ehtiyat hissələri və şinlərin alınması, yanacaqla təchiz edilməsi üçün hər il çoxsaylı tenderlər həyata keçirilir.

Adından da göründüyü kimi, Sanitariya və Texniki Təmizlik İdarəsinin əsas funksiyalarından biri də qarlı-şaxtalı havalarda yollarda təhlükəsiz hərəkətin təmin olunması üçün xidmət göstərməkdir. O baxımdan sözügedən İdarə bu məqsədlə hər il texniki duz və qum məhsullarının alınmasına yüz minlərlə manat vəsait xərcləyir. Ancaq iddialara görə, milyonlarla vəsaitin sərf olunduğu tenderlər, əslində, formal xarakter daşıyır.

Sanitariya və Texniki Təmizlik İdarəsinin yekunlaşdırdığı son tenderi araşdırdıqda, prosesin həqiqətən, formal olaraq həyata keçirildiyi barədə iddiaların heç də əsassız olmadığı qənaəti yaranır. Yenə də iddialara əsasən, adıçəkilən İdarənin sifarişçi olduğu satınalmalarda qalib elan etdiyi şirkətlərin böyük əksəriyyəti “otkat” məqsədi ilə yaradılan təşkilatlardır. O cümlədən tenderlərdə qalib elan edilən MMC-lərin qanuni təmsilçilərinin əksəriyyəti isə “proxy” şəxslərdir. Sadəcə, o şəxslərin adlarına yaradılan MMC-lər vasitəsilə bəzi məmurlar büdcədən böyük pullar mənimsəyirlər.

Sanitariya və Texniki Təmizlik İdarəsinin yekun vurduğu son satınalmada da yuxarıda qeyd etdiyimiz xarakterli kifayət qədər şübhəli məqamlar var. İdarə “Xüsusi təyinatlı müxtəlif avtonəqliyyat vasitələri və maşın-mexanizmlərinə ehtiyyat hissələrinin və həmçinin təmiri üçün mal materialların satın alınması” lotu üzrə 2023-cü ilin mart ayının 9-da 194.998 manatlıq tenderə yekun vurub.

Həmin tenderdə 2013-cü ilin avqust ayında yaradılan “PEYK-KN” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qalib elan edilib. Şirkətin hüquqi ünvanı olaraq Binəqədi rayonu, Azadlıq prospekti ev 165 mənzil 62 göstərilib. Şirkətin qanuni təmsilçisi isə Hacı Asif Hacı oğludur.

Əlbəttə, bura qədər hər şey normal görünə bilər. Lakin bu şirkətin qanuni təmsilçisi Hacı Asif Hacı barədə Daxili İşlər Nazirliyinin (DİN) 2009-cu ilin oktyabrın 15-də yaydığı press-relizdə olduqca ilginc məlumat yer alır. Nazirliyin yaydığı məlumatda deyilir:

“Oktyabrın 16-da Binəqədi rayon sakini Hacı Asif Hacı oğlu qısqanclıq zəminində arvadı Ziyafəti taxta parçası ilə döyərək qətlə yetirmişdir. Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Asif tutulmuşdur”.

Maraqlıdır, 2009-cu ildə xüsusi amansızlıqla insan qətlə yetirmiş şəxs necə olur ki, 4 il sonra şirkət yaradaraq Sanitariya və Texniki Təmizlik İdarəsinin 200 min manatlıq tenderində qalib elan edilir?

Ehtimal ki, “PEYK-KN” MMC-nin qanuni təmsilçisi Hacı Asif Sanitariya və Texniki Təmizlik İdarəsinin digər tenderlərində qalib elan edilən MMC-lərin bir çoxlarının qanuni təmsilçiləri kimi “proxy” şəxsdir və onun ümumiyyətlə, adına belə bir MMC-nin yaradıldığından xəbəri belə yoxdur.

Qeyd edək ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında” 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı qismində yaradılıb.

Bu dövlət müəssisəsi əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın tam ödənilməsi məqsədi ilə həmin sahə üzrə göstərilən xidmətin təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə artıq uzun illərdir, Rafael Mehralıyev rəhbərlik edir. Maraqlıdır ki, Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovun vəzifə baxımından tabe olduğu Rafael Mehralıyevin həmyerlisi və qohumu olduğu bildirilir.

Göründüyü kimi, Sanitariya və Texniki Təmizlik İdarəsinin həyata keçirdiyi tenderlərdə qanunsuzluqlara yol verilməsinə və şübhəli məqamların olduğuna dair iddialar yetərincə ciddi xarakter daşıdığı üçün onlara qurum tərəfindən münasibət bildirilməsi zəruridir. Lakin həmin iddialara aydınlıq gətirilməsi məqsədi ilə Sanitariya və Texniki Təmizlik İdarəsinə rəsmi qaydada sorğu göndərsək də, qurum tərəfindən müraciətimizə hələ cavab verilməyib.

Mövzunu diqqətdə saxlayacağıq.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.