Ulu Öndər Heydər Əliyevlə görüşmək də, ruzi-bərəkət rəmzi müqəddəs Goranboy torpağında nəsibim oldu!” — FOTO-FAKTLARDA ƏBƏDİLƏŞƏN XOŞ XATİRƏLƏR

“Ağ qızıl” ustası, həmin unudulmaz görüş üçün, Ulu Tanrı tərəfindən ona bəxş edilən şansdan, xüsusi bir intonasiya ilə, ağızdolusu danışdı

Əsas mövzusu, məzmunundakı süjet xətti başlıqlarından aydın görünən bu yazımıza ön söz — proloq olaraq, öncə onu qeyd etmək istəyirik ki, insan əməyinin qiyməti, onun zəhmətsevərliyi, öz işinə olan həvəs və diqqəti ilə ölçülür. Məhz buna görə də, əmək adamları həmişə diqqət mərkəzində olur, halal zəhmətləri hesabına başucalığı qazananlar hər kəs tərəfindən sevilir. Goranboy rayonunda doğulub, boya-başa çatan Solmaz xanım Baxşəliyeva (Məmmədova) da, ictimaiyyətin dərin hörmət bəslədiyi belələri arasında seçilənlərdən biri olub və onların sırasında öz əməyinə layiq yerini alıb. İşinə sonsuz sevgi bəsləyən və halal zəhməti hesabına xariqələr yaradan Solmaz xanım, məhz bu bacarığına görə, hələ sovetlər dönəmində, Ulu Öndər Heydər Əliyev kimi Dahi Rəhbərlə görüşə, hətta onun xeyir-duasını da ala bilib.

On sözdə qeyd olunanlarla bağlı, öz unudulmaz xatirələrini, saatlarla, araz.az xəbər portalının əməkdaşları olaraq, bizə, xüsusi bir intonasiyada, ağızdolusu fəxarət və sonsuz fərəh coşqusuyla danışmaqdan doymayan “ağ qızıl” ustası, əmək qəhrəmanı Solmaz xanımın dediklərinə görə, o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin, mütəmadi olaraq, bölgələrə işgüzar səfərləri olurdu: “Bir dəfə, rayonumuza olan belə bir səfəri zamanı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev, pambıq sahəsində, mənimlə də görüşdü. Görüşümüz başlayarkən, hamının yanında öncə xüsusi olaraq onu vurğuladı ki, cavan bir qız olsam da, işimə olan hədsiz sevgim, zəhmətsevərliyim və işgüzarılığım onu heyran edib. Ulu Öndər, elə buna görə, mənimlə və mənim kimi Vətən övladlarıyla fəxr etdiyini də, dilə gətirdi.

Həmin görüşün, o vaxtdan indiyədək mənə sevinc və fərəh bəxş edən həmin epizodu, günü bu günədək gözlərim önündədir və belə gedişlə, heç vaxt unudası da deyiləm!”.

Hazırda, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi — Tədqiqat İnstitutundakı Davamlı Əkinçilik və Bitki Diversifikasiyası şöbəsində, böyük elmi işçi olaraq fəaliyyət göstərən əmək bahadırı Solmaz Sabir qızı Baxşəliyeva həmsöhbətimiz olarkən və həmin xatirələrini yada salarkən, aşağıda qeyd etdiklərimiz barədə də, böyük iftixar hissləriylə danışdı:

— 1977-ci ildə orta məktəbi bitirdikdən sonra, bir müddət kolxoz təsərrüfatında çalışdım. Bundan sonra, Kənd Təsərrüfatı Texnikumunun aqronomluq fakültəsinə daxil oldum. Bu texnikumu bitirib, öncə kolxozda sahə aqronomu və briqadir köməkçisi, bir qədər keçdikdən sonra isə, briqadir vəzifələrində işlədim. Dəfələrlə Rayon Sovetinin deputatı da oldum.

Əvvəlcədən qeyd etdiyim kimi, Heydər Əliyev rayona gələrkən, bizim briqadada da oldu. Bu gəlişi zamanı, Ümummilli Lideri gül-çiçəklə qarşıladıq. Bundan sonra, Dahi Rəhbər pambıq sahəsinə baş çəkərək, pambıq kollarına da baxdı və onlara göstərilən aqrotexniki qulluqla maraqlandı. Bu azmış kimi, o, həmçinin mənim ailə vəziyyətimlə, ortadakı problemlərimlə və arzu-istəklərimlə də, ətraflı maraqlandı. Elə, buna görə də, əlimə fürsət düşdü və ali təhsil almaq istəyimi Dahi Rəhbərin özünə çatdırdım…

Yeri gəlmişkən, barəsində danışdığım unudulmaz görüşümüzlə bağlı xatirələrimə bir haşiyə çıxaraq, onu da qeyd etmək istəyirəm ki, yaddaqalan həmin görüşümüzdən dərhal sonra, mənə, ali təhsil almağım üçün, kolxozumuzun rəhbər heyəti tərəfindən olduqca yaxşı bir şərait yaradıldı. Beləcə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, qiyabi də olsa, yüksək səviyyədə bitirə bildim.

…Həmin görüş zamanı, Heydər Əliyev bizim sahəni gəzəndən sonra, tarla düşərgəsinə də qalxdı və orada, hamısı cavanlardan ibarət bizim briqadanın üzvləri ilə, olduqca maraqlı və geniş bir söhbət apardı. Əmək haqlarımızla maraqlandı, sonra düşərgədə mitinq keçirdi. Bundan sonra, mən də, Heydər Əliyevin iştirakı ilə, rayon mərkəzində keçirilən partiya-təsərrüfat fəallarının yığıncağında çıxış etdim. Öz çıxışımda, hörmətli qonağa onu da çatdırdım ki, onun göstərişi ilə, bu il kəndimizdə 1176 yerlik orta məktəb binasının tikintisi başlanıb. Buna görə, kənd camaatının ona dərin təşəkkürü var və bunu, Dahi Rəhbərin özünə mənim çatdırmağımı, onlar məndən dönə-dönə xahiş ediblər…

Bu yerdə, Solmaz xanımın dediklərinə əsasən, onu da qeyd edək ki, Heydər Əliyev həmin səfəri zamanı, Orconikidze adına kolxozda, onun başçılıq etdiyi briqadanın pambıq tarlasında olarkən, pambıqçılar üçün yaradılan şəraitə də baxıb. Onda, Birinci katibin rayona gəlişi ərəfəsində, pambıqçıların istirahəti üçün nəzərdə tutulan düşərgə də istifadəyə verilibmiş. Burada, normal istirahət üçün, lazımi hər cür gözəl şərait də yaradılıbmış.

Heydər Əliyev pambıq sahəsinə baxarkən, bitkilərin barını da yoxlayıb, pambıqçıların əməyinin hədər getmədiyini, məhsuldarlığın yaxşı olduğunu söyləyib və bütün bunlara görə, pambıqçıların işini yüksək qiymətləndirib. Hətta briqadir Solmaz Baxşəliyeva ilə, ətraflı söhbəti də olub. “Ağ qızıl” ustası, rəhbəri olduğu kollektivin ötən mövsüm dövlətə 520 ton pambıq verdiyi, bu il isə, 1000 ton pambıq satmaq qərarına gəldiyi, lakin hörmətli qonağın bu briqadaya baş çəkməsi ilə əlaqədar olaraq, öhdəliyini 100 ton da artırdığı barədə, yüksək iftixar hissi ilə məlumat verib. Heydər Əliyev kollektivin bu vətənpərvərlik təşəbbüsünü bəyəndiyini, plantasiyaları nəzərdən keçirərək, pambıqçıların belə qərara gəlmələri üçün, möhkəm əsas olduğunu öz gözləri ilə görüb və bundan sonra, tarlalardan bol məhsul götürüləcəyini xüsusi olaraq qeyd edib.

Hörmətli qonaq, onda, Solmaz xanımın rəhbəri olduğu briqadanın tarla düşərgəsində pambıqçılarla görüşə gələn Lenin adına kolxozun üzvləriylə, özünün görüşü zamanı belə deyib: “Bu gün, biz, Qızılhacılı kəndinin sakinləri, zəhmət adamları ilə görüşürük. Bu görüş mənə xoş təsir bağışlayır. Bu günkü mənzərə, gözəl sahə düşərgəsində, elə bil ki, təbiətlə insanların əlaqəsini bir daha möhkəmlədir, respublikamızda, eləcə də sizin kolxozda yeni əmək coşqunluğunu təcəssüm etdirir. Sizin polad iradəniz, ildən-ilə qazandığınız müvəffəqiyyətlər, bərəkətli torpağa göstərdiyiniz qayğı, adamların əməksevərliyi bizi ürəkdən sevindirir, fərəhimizi getdikcə daha da artırır. Biz inanırıq ki, kənd əməkçiləri Vətən qarşısında öz borclarını layiqincə yerinə yetirəcəklər. Məhz bunlara görə də, Sizinlə fəxr edirik!”.

Heydər Əliyev sonra deyib ki, Qasım İsmayılov rayonu əvvəllər respulikamızda pambıqçılıq sahəsində şöhrət qazanan bölgələrdən biri olub: “Təəssüf ki, son illər bu şöhrət itirilib, pambıqçılığa münasibət dəyişib. Azərbaycan KP MK isə, 1969-cu ilin avqust plenumundan sonra, hər yerdə olduğu kimi, Qasım İsmayılov rayonunda da, pambıqçılığa münasibəti olduqca yaxşılaşdırıb. Buna görə də, son illər dövlətə məhsul satışı planları artıqlaması ilə yerinə yetirilib. Ötən təsərrüfat ilində də, rayon pambıqçılarının qazandıqları müvəffəqiyyətlər sevindiricidir. Dövlətə 47.000 tondan çox pambıq satılıb ki, bu da, 1980-ci ildəkindən 13.000 ton artıqdır. Bu il isə, “ağ qızıl” ustaları daha gərgin işləyir, bol məhsul uğrunda qüvvələrini əsirgəmirlər. Rayonun əvvəlki şöhrətini özünə qaytarmaq, onun respublikanın ən qabaqcıl rayonlar sırasında uğurla addımlaması üçün, pambıqçılara hər cür imkan və şərait yaradılıb. Şübhəsiz ki, bu imkanlardan daha səmərəli istifadə ediləcək və bu da, ən uca zirvələrə çatmaq üçün, fundamental bir əsas olacaq!”.

Onda, Orconikidze adına kolxozun briqadiri olan Solmaz Baxşəliyeva Birinci katibə müraciətlə çıxış edib: “…İnsan həyatında elə xoş anlar, xoş dəqiqələr olur ki, ömür boyu unudulmur, yaddan çıxmır və beləcə, ən gözəl xatirəyə çevrilir… Bir-neçə saat bundan əvvəl, Sizin bizim kolxoza gəlişiniz, briqadamızın işi ilə dərindən maraqlanmağınız, həyat və fəaliyyətimizdə xoş anlar olaraq, unudulmaz xoş xatirəyə çevriləcək. Bütün bunlar bizə, daha yaxşı işləməyimiz üçün, fərəh hissləri dolu yüksək bir ruh coşqunluğu bəxş edəcək!”.

Xüsusi olaraq, onu da bildiririk ki, onda, Heydər Əliyev rayonun ən iri təsərrüfatlarından biri olan Qızılhacılı kəndindəki Orconikidze adına kolxozda, Solmaz Baxşəliyevanın rəhbərlik etdiyi briqadada əməkçilərlə görüşəndə, pambıq sahəsində briqadirin özüylə səmimi söhbət edəndə, o, cavan bir qız idi. Heydər Əliyev onun ailə vəziyyəti ilə maraqlanarkən, subay olduğunu bilib və üzünü rayonun Birinci katibi Arif Cəfərova tutaraq, belə deyib: “Cəfərov, niyə evləndirmirsiniz bu qızı?!.”.

Bu yerdə, bir daha qeyd etməyi lazım bilirik ki, bundan sonra, briqadanın yenicə istifadəyə verilmiş sahə düşərgəsinə qalxan, orada pambıqçıların istirahətinin təşkili ilə tanış olan Dahi Rəhbər, hətta kolxozun qarğıdalı sahəsinə, Naftalanla Qızılhacılı kəndi arasındakı təpənin üstündə tikilmiş sahə düşərgəsinə də baş çəkib. Ətraf ərazidən bir qədər hündürdə olan sahə düşərgəsindən ətrafı xeyli seyr edib. Bundan sonra da, “ağ qızıl” ustası Solmaz xanım kimi əmək qəhrəmanlarının gənc nəslə nümunə olan vətənpərvərlikləri və zəhmətsevərlikləri barədə ağızdolusu danışıb. Onu da deyib ki, belə əməkçilər haqqında nə qədər deyilsə, nə qədər yazılsa da, yenə azdır!..

Əmək qəhrəmanı Solmaz xanım Baxşəliyevanın, onunla baş tutan bu görüşümüzün sonunda, dərin hörmət və səmimi duyğular ifadəsi olan sözlərlə bir daha dediklərinin marağını nəzərə alıb, olduğu kimi, bu yazımızın son sözü — epiloqu əvəzi olaraq vermək qənaətinə gəldik. Onun dedikləri:

— Bəzən belə düşünürəm ki, çox şanslı insanam. Çünki bu Dahi İnsanla görüşmək, onun əlini sıxmaq, onunla canlı ünsiyyətdə olmaq, bu istəkdə olan çoxlarına qismət olmadı. Minlərlə insan belə bir məqamı arzulayarkən, Böyük Allahımız bu şansı hələ lap cavan ikən mənə qismət etdi!

Ulu Öndər Goranboy rayonunun Qızılhacılı kəndinə — mənim doğma kəndimə, bizim kolxoza gələndə, mənim vur-tut 22 yaşım vardı. Buna baxmayaraq, Ümummilli Lider mənim briqadama baş çəkdi. Yeri gəlmişkən, xüsusi olaraq bir daha qeyd etməyi lazım bilirəm ki, onu gül-çiçəklə qarşılamaq da mənə nəsib oldu. Onda, el-obanın gözündə, mən, zəhmətkeş, yaxşı işləri bacaran, enerjili və cəld bir qız idim. Di gəl ki, çoxlarının həsəd apardığı, bütün dünyada daim diqqət mərkəzində, əksəriyyət üçünsə, əlçatmaz olan bu Dahi Şəxsiyyətin qarşısında çox cılız görünürdum. Hətta bu əzəməti təsirindən onunla danışmağa belə cürətim çatmırdı, həyəcandan tir-tir əsirdim. Amma cəmi 5 dəqiqə keçmiş, bu həyəcanımdan əsər-əlamət qalmadı. Özü elə bir mülayimlik, elə bir xoş və səmimi münasibət nümayiş etdirdi ki, az keçmiş, sanki elə bildim atamla, əmimlə, dayımla danışır, üstəlik özümü çox rahat və sərbəst hiss edirdim. Birinci katib təkcə mənim yox, hamının hər işiylə maraqlandı: Tarladakı işlərimizlə, öhdəliklərimizlə, planlarımızla, şəxsi həyatımızla, dolanışığımızla, ailə vəziyyətimizlə, hətta nə yeyib, nə içdiyimizlə belə!

Tarla düşərgəsində oturub, çay da içdik. Və bu çay süfrəsi arxasında çox səmimi söhbətimiz oldu. O, hətta mənə dedi ki, bu qədər zəhmətkeş, qoçaq qızam, nədən ailə həyatı qurmamışam. Çox utandım və Ulu Öndərin bu sualına cavab verə bilmədim. O danışdıqca, diqqətimi ondan ayıra bilmırdim və heyrət içində idim. Elə bil yuxu görürdüm; Sanki Yer adamı ilə yox, Yuxarılardan gəlmiş ilahi bir qüvvə sahibi ilə danışırdım. Onda gördüm ki, doğrudan da, O, qeyri-adi bir insandır. Heyrətlənirdim, ona görə ki, gör, Böyük Allahımız bu insana nə qədər böyük zəka, ağıl, fenomenal yaddaş, yüksək səviyyədə mədəniyyət verib ki, bu xüsusiyyətləri müqabilində, hər kəslə öz dilində danışıb, ünsiyyət qura bilir. Söhbətimiz zamanı, hətta bizim sahəmizi, bizdən gözəl bildiyini belə ortaya qoyurdu. Bu da, məni, bir daha heyrətləndirirdi: Axı, necə ola bilər ki, adam bu qədər dahi, bu qədər uzaqgörən, bu qədər ciddi, eyni zamanda bu qədər sadə, ata kimi qayğıkeş və mehriban olsun?!.

…Mən, Ümumilli Liderlə bu görüşümün bütün detallarını xatırlayıram və həmişə belə deyib, belə düşünürəm: “Nə xoş ki, Uca Yaradan mənə belə bir xoş gün də yaşatdı!”.

Məhi ELSEVƏR,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

REDAKSİYADAN:
Şükürlər olsun ki, ölkəmizdə, əmək qəhrəmanı Solmaz xanım Baxşəliyevanın tutduğu şərəfli əmək yolunu davam etdirən cavan xanımlarımız yetərincədir. Redaksiyamız adından, tutduqları bu şərəfli yolda, biz də, onlara bitib-tükənməyən uğurlar diləyirik!

araz.az xəbər portalı.