DYP 01“Belə bir xəbər yayılıb ki, müvafiq standartlara cavab verən od söndürəni olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.5-ci maddəsinə əsasən, 50 manat məbləğində cərimə ediləcəklər. Amma hazırda belə cərimənin tətbiqi mümkün deyil”. Yeniavaz.com xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov bildirib.

“Özü də bunu tək mən demirəm. Bu, dolayısı ilə Prezidentin 17.04.2018 tarixli, 1926 saylı Fərmanında da deyilir. Birincisi, od söndürənin olmadığı halda İXM-in 342.5-ci maddəsi üzrə məsuliyyətdən söhbət gedə bilməz. Od söndürənin avtomobildə olması “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin “konstruksiyanın digər ünsürləri” adlanan 7-ci hissəsinin tələbi olsa da, həm mühəndis-texniki baxımdan, həm də sadə məntiqə əsasən od söndürənin nəqliyyat vasitəsinin konstruksiyasına heç bir aidiyyəti yoxdur. İXM-in 342.5-ci maddəsi isə konstruksiyasının digər yerləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə nəzərdə tutur. Hətta İXM-in başqa normalarından da aydın olur ki, od söndürənin olmadığı halda İXM-in 342.5-ci maddəsi üzrə məsuliyyət mümkün deyil. Məsələn, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin 7-ci hissəsi dərman qutusunun da məcburiliyini nəzərdə tutsa da, dərman qutusunun olmamasına görə İXM-in ayrıca və aydın yazılmış normasında (356.1-ci maddədə) məsuliyyət müəyyən olunur. Bu da o deməkdir ki, dərman qutusu, od söndürən və başqa bu kimi əlavə əşyalar konstruksiya elementi deyil.

İkincisi, 17.04.2018 tarixli, 1926 saylı Fərmanın 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılır ki, “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq və beynəlxalq təcrübə nəzərə alınmaqla od söndürənə dair tələbləri, habelə ondan istifadə təlimatını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin (hələlik bu sənədlər qəbul edilməyib). Bu tapşırıq o deməkdir ki, avtomobillərdə istifadə üçün nəzərdə tutulan od söndürənə dair bütün hüquqi məsələlər həll edilməlidir. Mən düşünürəm ki, tapşırığın icrasından sonra od söndürənin olmamsına görə məsuliyyət məsələsinə də aydınlıq gəlməlidir. Hələlik isə avtomobildə od söndürən olmamasına görə sürücü barəsində hər hansı cərimə tətbiq edilə bilməz.

Amma sürücülərə tövsiyə edirəm ki, avtomobillərində istifadəyə yararlı od söndürən saxlasınlar. Çünki bu, qanunun tələbidir və od söndürəni olmayan avtomobil texniki baxışdan keçməməlidir. Digər tərəfdən, avtomobiliniz və ya yolda başqa birinin avtomobili qəflətən yana bilər. Belə halda od söndürən sizi və sizin xeyirxahlığınız sayəsində başqasını külli miqdarda ziyandan qoruyacaq”,-deyə ekspert vurğulayıb.

araz.az xəbər portalı.