Əbil HƏSƏN

(hekayə)

Ali təhsilimi başa vurub, bir müddət işsiz qaldım: Hara müraciət edirdimsə, məndən iş stajı tələb olunurdu. Universitetdə oxuduğumdan, heç yerdə işləyə də bilməmişdim. Kəsəsi, işsizlikdən təngə gəlmişdim. Dolanışığımı təmin etmək üçün, hər iş görməyə belə hazır idim. Elə, bu anlarda hərbi xidmətə çağırış vərəqəsi aldım. Hazırlaşıb, əsgərliyə getdim, xidmətim pis də keçmədi. Əsgərliyi başa vurmağıma az qalmış, komandir məni yanına çağırıb, zabit kimi xidmətimi davam etdirməyimi istədiyini bildirdi:
– Orduda sənin kimi mütəxəssislərə böyük ehtiyac var!
Doğrusu, bu təklif mənə göydəndüşmə oldu. Elə, buna görə də, fikirləşmədən komandirin təklifini qəbul etdim. Bizim hərbi hissəmiz mərkəzdən xeyli uzaqda, sərhədə yaxın kiçik bir şəhərdə yerləşirdi. Məni hər cür şəraiti olan üç otaqlı geniş mənzillə də təmin etmişdilər. Məvacibim də pis deyildi. Anamı da gətirib, bu kiçik şəhərdə yaşamağa başladıq.
Anam səmimi və düşdüýü hər cür mühitdə xoş ünsiyyət qurmağı bacaran bir qadındır. Mən hər gün səhər tezdən hərbi hissəyə gedəndən sonra, o, evi səliqə-səhmana salıb, şəhəri gəzməyə çıxırdı. Beləcə, az müddətdə, burada da, xeyli qadınla xoş ünsiyyət qurub, özünə yaxın etməyi bacarmış, dost rəfiqələrinin sayını günü-gündən çoxaltmışdı. Mən axşam evə gələndə yeməyimi verib, bu şəhərdə gördüklərindən, tanış olduğu qadınlardan söhbət salırdı. Özü də, xüsusi bir həvəslə… …Yaşım otuzu haqlasa da, hələ evlənmək haqqında fikirləşmirdim. Daha doğrusu, fikirləşməyə vaxt tapa bilmirdim. Anam isə, mənim evlənməyimi istəyirdi. Bir gün işdən qayıdanda, evimizin həmişəkindən daha səliqəli olduğunu gördüm. Anam təəccübləndiyimi görüb, üzünü mənə tutub dedi: -Sağ olsun Xatirəni. O, mənə kömək elədi.
Mənsə, anamdan Xatirənin kim olduğunu soruşdum. Cavabı qısa və lakonik oldu:
– Bizim təzə qonşumuzdu. Sağ olsun, hərdən gəlib mənə kömək eləyir. Məndən başqa, heç kimə yaxınlığı yoxdur. Sakit bir qızdı. Məktəbdə müəllimə işləyir.
Mən də hərdən o qızla rastlaşardım. Vaxtsız ağarmış saçları onu olduğundan yaşlı göstərirdi. Əynindəki paltarlar köhnə olsa da, təmiz və səliqəli saxlamağı bacarırdı. Hiss olunurdu ki səviyyəli xanımdı. Mənə elə gəlirdi ki, hardasa görmüşəm, amma xatırlaya bilmirdim. Elə, həmin gün, anamla söhbət edərkən, onun Xatirə olduğunu bildim. Anam hər gün Xatirə haqqında mənə ağızdolusu danışıb, onu tərifləyirdi. Qapalı bir qız olduğunu, daim dərd çəkdiyini deyirdi.
Bir gün evə gələrkən, anamla Xatirənin söhbət etdiklərini gördüm. Başları söhbətə elə qarışmışdı ki, mənim içəri girməyimi belə hiss etmədilər. Söhbətləri o qədər maraqlı idi ki!.. Qonşu otaqda sakitcə oturub, onlara qulaq asırdım:
– Qızım, az özünə qapan. Adam dərdini dedikcə, yüngülləşir. Mən də sənin anan.
Xatirə anamın təkidindən sonra, başına gələnləri danışmağa başladı:
– Mən atasız böyümüşəm. Onun haqqında elə məlumatım da yoxdur. Heç üzünü də görməmişəm. Anamdan atam haqqında soruşanda, onun şəhid olduğunu deyirdi.
Atam anamla evlənəndə ailəli olub. Anamın bundan xəbəri olmayıb. O, anamgilin kəndində işləyərkən, anamı qaçıraraq, bura gətirib. Yataqxanada yer alıb, anamı tikiş fabrikində işə düzəldib. Anam onu da deyirdi ki, onlar evlənəndən az sonra Qarabağ hadisələri başlayıb. Atam da könüllü olaraq orduya gedib.
Bir müddət sonra, qapımıza əynində əsgər paltarı olan bir adam gəlib, anama atamın döyüş zamanı öldüyü xəbərini çatdırıb. Mən də, anamın dediyinə inanıb, atamla fəxr edirdim – elə, anam da! Anam gündüzlər fabrikdə işləyir, axşamlar isə, evlərdə paltar yumaqla məni böyüdürdü.
Mən ali məktəbi qurtarıb, şirkətlərin birində işə düzəldim. Aylıq məvacibim pis deyildi. Pis də dolanmırdıq. Hər şey öz axarında yaxşı gedirdi. Amma birdən…
…Həyat gözlənilməz hadisələrlə doludur. Bizim şirkətin prezidenti Vüqar adlı ucaboylu, enlikürək bir oğlan idi. Ailəsi də vardı. Deyilənlərə görə, atası yüksək vəzifəli dövlət məmuru idi. Vüqarın kəsdiyi başa sorğu-sual da olmazdı. Gözlərini məndən çəkmirdi. Kimsəsiz olduğumu bilib, mənə cürbəcür əxlaqsız təkliflər edirdi. Mən razı olmurdum. Vüqar isə, məndən əl çəkmirdi. Namusumu hər şeydən üstün tutub, işdən getmək haqqında fikirləşirdim. İş yerimi də itirmək istəmirdim.
Bir gün Vüqar məni kabinetinə çağırıb, tapşırıqlar verdi və onların iş gününün sonuna hazır olmasını istədi. Onda, başım işə o qədər qarışmışdı ki, havanın qaralmağından da xəbərim olmadı. İşdən çıxanda isə, Vüqar qapıda mənim qolumdan tutub, maşına oturtdu. Əli ilə ağzımı tutmuşdu ki, səsimi çıxara bilməyim. Maşında ondan başqa iki nəfər də vardı. Məni şəhər kənarındakı bir evə gətirdilər. Vüqarla mən otaqda tək qaldıq. Masanın üstündə cürbəcür içkilər düzülmüşdü. O, mənə içki təklif etdi. Mən razı olmadım.
Vüqar içdi. Mən buradan qaçmağın yollarını axtarırdım. Qapıda itlər var idi. Bu vaxt, o, mənə dedi: – Nahaq fikirləşirsən, burdan çıxa bilməyəcəksən. İtlər səni parça-parça edər.
Birdən o mənə tərəf gəlməyə başladı. Əlini atıb, paltarımın yaxasını çəkib, cıraraq dedi: – Onsuz da, sən mənimsən, axıradək mənim də olacaqsan. Səni heç kimə verməyəcəm.
Mən nə qədər yalvarıb, ağladımsa, o, mənə heç fikir vermədi, elə, üstümə gəlməyə başladı. Mən masanın üstündəki araq şüşəsini götürüb, onun gicgahına güclü zərbə endirdim. O, başını tutaraq: “-Neynədin?!” – deyib, yerə yıxıldı.
Vüqarın qanından yerdə göl əmələ gəldi. Mən nə edəcəyimi bilmirdim. Vüqar can verirdi. Qaçmaq istədim. Həyətdəki itlərdən qorxdum. Nəhayət, özümü ələ alıb, Vüqarın telefonu ilə polisə zəng vurdum. Öz telefonumu Vüqar almışdı. Polislər gəlib, məni apardılar…
…Mən həbs olundum. İstintaq müəyyən etdi ki, atam ölməyib. Sən demə, heç Qarabağın yolunu da tanımır. Anamı kimsəsiz qoyub. Onu aldadıb. Hamilə vəziyyətində qoyaraq, aradan çıxıb. Özü də, yüksək vəzifədə işləyir. Ən dəhşətlisi isə…
Mən öldürdüyüm adam, sən demə, mənim qardaşım imiş…
…Həbsdə özümü yaxşı apardığıma görə, vaxtından tez azadlığa çıxdım. Baş verənlərə dözə bilməyən anam artıq ölmüşdü.
Mənsə, orada tək yaşaya bilmirdim. Hamı mənə pis baxırdı. Eşitdim ki burada müəllimə ehtiyac var. Ona görə də, bu şəhərə köçdüm…
…Xatirənin taleyinə üzüldüm. Onun necə namuslu, qürurlu bir qız olduğunu bildim. Sən demə, Xatirə mənimlə eyni universitetdə təhsil alıb.
Qismətə bax, Ulu Tanrı anamın axtardığı gəlinin özünü, öz ayağı ilə bizə göndərib, o da, Tanrı buyruğuna rəğmən, gəlib çıxıbdı bizə.
Yəqin, o Böyük Allah, öz mübarəkini də, üstümüzdən heç vaxt əskik etməyəcək!

araz.az xəbər portalı.