191489.jpg

Seyid Camal Əzimbəyli: ”Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu istiqamətdə layihələr hazırlayıb həyata keçirməlidir…”

Xəbər verdiyimiz kimi, Özbəkistan məscidlərində cümə namazı zamanı imamlar intiharın İslamda ən böyük günahlardan biri olması haqda moizələr oxumağa başlayıb. Bu cür tədbirlər ölkə başçısı Şövkət Mirziyoyevin hökumət iclaslarından birində son dövrlərdə ölkədə özünəqəsdlərin sayının artması ilə bağlı narahatlığını ifadə etməsindən sonra Nazirlər Kabineti nəzdində Dini İşlər Komitəsinin tapşırığı ilə həyata keçirilir.

İnkarolunmaz bir faktdır ki, son onilliklərdə, elə son yay aylarında Azərbaycan vətəndaşları arasında da müxtəlif motivli intihar, yaxud intuhara cəhd halları artmaqdadır. Lakin təəssüf ki, həm sırf maddi problemlər; işsizlik, pulsuzluq, kredit borcları, həm də psixoloji-ruhi səbəblərdən baş verən özünəqəsd hallarının profilaktikası üçün hökumət və ictimai təşkilatlar tərəfindən heç bir ciddi tədbir görülmür…

Qarabağ Seyid Ocaqları İctimai Birliyinin sədri, hər cümə günü “Space” kanalında canlı efirə çıxan “İnam” verilişinin aparıcısı, tanınmış şərqşünas Seyid Camal Əzimbəylinin Moderator.az -a açıqlamasında məsələyə münasibəti belə oldu:

”Son illər və xüsusən son aylarda intihar hallarının və özəlliklə gənclər arasında artması çox üzücüdür. Və bir inanc, bir təqva adamı kimi də mən bundan çox narahatlıq hissi keçirirəm. Bəzən deyirlər ki, intiharların əksəriyyəti sosial problemlərlə bağlı baş verir. Amma kiçik bir araşdırma aparsaq, görərik ki, gənclər arasındakı özünəqəsdlərin çoxu sevdiyinə qovuşmamaq, imtahanda balı az toplamaq, ali məktəbə daxil olmamaq üzündən valideyn qınağına tuş gəlməkdən qorxu və s. ilə bağlıdır. Düşünürəm ki, belə gənclərin çoxu İslami maariflənmədən nəsibini almadığından Allaha imanı zəif olub. Bu da təəssüf ki, acı nəticələrə gətirib.
Düzdü, ölkədə son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sistemli şəkildə həyata keçirdiyi maarifləndirmə işi artıq Azərbaycanın dini mühitinə yeni bir nəfəs gətirib. Demək olar ki, hər həftə bu rəsmi qurum tərəfindən paytaxt və bölgələrdə 7-8 maariflənidirici tədbir keçirilir. Komitənin xətti ilə İctimai televiziyada “Din və cəmiyyət” verilişi fəaliyyət göstərir. Təvazökarlıqda uzaq olsa da, bir fakt olaraq onu da deyim ki, ölkəmizin tele-məkanında yeganə canlı dini veriliş olan, ideya müəllifi və aparıcısı olduğum, hər cümə günü “Space” kanalında efirə çıxan “İnam” verilişində də tamaşaçılarımızın xidmətində duraraq İslam gerçəklərini doğru şəkildə çatdırmağa çalışırıq. Və son bir ildə biz həmin verilişin iki buraxılışını sırf intihar məsələsinə həsr etmiş, tamaşaçıların “İslamda intihar” mövzusnda suallarını cavablandırmışıq. Görünür, bunlar da azdır. Yəni artıq bu bəlanın qarşısını mümkün qədər almaq üçün daha kütləvi və sistematik iş aparmaq lazımdır. Və qeyd etdiyiniz kimi, Özbəkistanda hökumətin, Dini İşlər Komitəsinin tövsiyəsi ilə məscidlərdə intiharlar əleyhinə mütəmadi olaraq xütbələr oxunması ilə bağlı iş təqdirəlayiqdir. Əlbəttə, bəndənizin yol göstərmək səlahiyyəti olmasa da, çox yaxşı olardı ki, hökumətimiz də, Qafqaz Müsəlmanları İdarəsi də sözügedən ictimai-sosial problemlə bağlı bu və ya digər formada sistematik işlərə start versin. Yəqin ki, yerlərdə axundlara, imam-xətiblərə intiharların profilaktikasıyla, bu istiqamətdə islami maarifləndirmə ilə bağlı müəyyən təlimat verilməsi də mümkündür. Hətta düşünürəm ki, Ailə və Qadın komitəsi də bu istiqamətdə valideynlər, uşaqlar, məktəblilər və s. arasında maarifləndirmə səpkili xüsusi layihələr hazırlayıb həyata keçirməlidir. Yerlərdə, məktəblərdə, müəssisələrdə görüşlər təşkil olunmalı və burada ölkənin tanınmış, nüfuz sahibləri olan mənəviyyat adamları da fəal iştirak etməli, bu ciddi problemin həllinə dəstək verməlidir. Bu mənada bəndəniz də belə tədbirlərdə tam təmənnasız olaraq təlqinedici çıxışlar, məruzələr etməyə hazırdır…
Ümumiyyətlə, düşünürəm ki, gerçək mənəviyyat adamları cəmiyyətin ağrılı bir xəstəliyinə çevrilmiş intiharların qarşısını almaq üçün yalnız televiziya, mətbuat vasitəsilə deyil, birbaşa yerlərdə, müxtəlif bölgələrdə aparılan sistematik mübarizə işinə qatılmalıdırlar. Burada yerlərdəki nüfuz, eləcə də din xadimləri, müəllimlərlə yanaşı, müxtəlif vəzifə sahiblərinin də böyük rolu ola bilər. Məsələn, hər hansı bir kəndin icra nümayəndəsi, yaxud sahə müvəkkili bilirlər ki, hansı ailənin bütövlükdə ciddi sosial problemi var, yaxud ailə üzvlərindən birinin və ya bir neçəsinin psixi xəstəliyi və s. var. Eləcə də səlahiyyət sahibləri hansısa ailədə intihar və ya intihara cəhd halının yaşanması faktını da bilməlidirlər. Bu cür problemli ailələrin dəqiq siyahısı təşkil olunmalı və həmin kəndin, qəsəbənin tanınmış din, mənəviyyat adamlarının mütəmadi olaraq belə ailələrlə görüşləri təşkil olunmalıdır ki, baş verə biləcək növbəti faciələrin qarşısı vaxtında alınsın. Yəni bu prosesə mərkəzlə yanaşı, yerlərdə də din adamları, Dini Komitə və QMİ-nin nümayəndələri, sahə müvəkkilləri, ziyalılar xüsusi dəstək verməlidir. Qardaş Türkiyədə Diyanət İşləri Bakanlığında bu cür problemlərin həllini həyata keçirən ictimaiyyətlə əlaqəli qurumlar mövcuddur. Bir sözlə, bu deyilənlər sistematik həyata keçirilərsə, intiharları ən azı, sayının maksimum azaldılmasına nail ola bilərik…”

araz.az xəbər portalı.