…UĞURLU ALVER TƏSƏLLİSİ

Ebilhesen02

Əbil HƏSƏN

Vaxtilə, ölkənin adlı-sanlı futbol komandasında oynayırdım – yarımmüdafiəçi ampluasında. Məşqçilər də oyunumdan razıydılar, hətta milli komandamız təzə yaranan vaxtlar bir neçə dəfə milli formamızı da geyinmişdim. Bunları deməkdə məqsədim heç də özümü tərifləmək deyil, sadəcə, başıma gələn bir əhvalatı sizlərə danışmaq istəyirəm.
Onda komandamız tez-tez müxtəlif ölkələrdə təlim-məşq toplanışlarında olurdu. Xaricə getmək bizim üçün əsl toy-bayrama çevrilirdi. Çünki səfər zamanı buradan ucuz qiymətə aldığımız bəzi malları, aparıb, orada baha qiymətə satır, əvəzində başqa mallar gətirib, burada da baha qiymətə verərək, əlavə qazanc əldə edirdik.
Bir dəfə də belə oldu – qonşu ölkələrdən birinə səfərə gedəndə, yenə buradan ucuz qiymətə xeyli sayda eynək və mexaniki saat alıb apardım. Oyunda böyük hesabla məğlub olsaq da, bu məğlubiyyət acısı gətirdiklərimi satmaq istəyimə mane ola bilmədi. Oyundan az sonra, əlimdə mallarım birbaşa mağazaların daha bol olduğu küçəyə yollandım. İşlərim, əvvəllər olduğu kimi, yenə öz qaydasında getdi və qısa müddət ərzində əlimdəki malların hamısını satıb, qurtardım. Hətta, Bakıda satmaq üçün də, mal tədarükü gördüm.
Bir neçə gün orada qaldıqdan sonra, Vətənə dönmək üçün avtobusa mindik. Elə, içəri girərkən, gözüm ilk sırada oturmuş, üz-gözünə məğlubiyyət acısının üzüntü və məyusluq əlamətləri hopmuş baş məşqçimizin eynək və saatına sataşdı; Şəksiz-şübhəsiz onlar mənim satdıqlarım idı. Dözməyib, bir az keçmiş baş məşqçidən bunları haradan aldığını soruşdum. O, birbaşa mallarımı satdığım mağazanın yerini nişan verdi. Gülməkdən özümü güclə saxladım…
… Nədənsə, gözümü baş məşqçimizin üz-gözündən çəkə də bilmirdim. Məni yanına çağırıb, ona diqqətlə baxmağımın səbəbini soruşdu.
– Heç! – dedim və azca duruxub, vəziyyətdən çıxmaq üçün, ağlıma gələn ilk fikirlə cavabımı tamamlamaq istədim: – O mağazadan mən də eynək və saat almaq istədim, pulum çatmadı. Sanki bu cavabım məğlubiyyət acısı yaşayan baş məşqçimizə rahatlıq gətirməyə başladı. – Narahat olma! – deyərək, əlini avtobusun oturacaqları üstündəki rəfə uzatdı. “Diplomat”ını götürüb, qucağına qoydu.
– Mən çox almışam, sizin hamınıza çatar. Eynəklər əladır, saatlara da söz ola bilməz. Düzdür, sovet malıdı, amma eksporta gedəndi.Təmiz mallardı! Baş məşqçi bunları deməklə, elə bil, mənə təsəlli vermək istəyirdi.
Amma nə təsəlli, sanki od vururdu mənə?!..
…Beləcə, mən nəinki özümü, üstəlik məğlubiyyət acısı yaşayan digər komanda yoldaşlarımı da arzuolunmaz bir oyuna salırdım…
…Baş məşqçimiz mənim xeyli baha qiymətə satdığım həmin eynək və saatları, ondan da qat-qat bahasına bizə sırıdı. Uğurlu alverini başa çatdırdığı an, eyni tamamilə açıldı – acı məğlubiyyətin üz-gözünə hopdurduğu üzüntü və məyusluqdan, zərrə qədər də olsa, əsər-əlamət qalmadı. İçi mən qarışıq, komanda yoldaşlarımın hamısının buna etiraz etməyimizə cürətimiz çatmadı; Axı, o vaxtlar, baş məşqçinin hər hansı hərəkətinə etirazını bildirən kimsəyə milli komandanın əsas heyətində yer olmazdı…

araz.az xəbər portalı.