eldar-ibrahimov.jpg“Azərbaycanda insan hüquqlarının təmin olunması dövlətimizin ali prinsiplərindən biridir. Ölkə Konstitusiyasının böyük hissəsi məhz insan hüquqlarına həsr olunub. Bu amil dövlətimizin insan haqları amilinə nə qədər önəm verdiyinin göstəricisidir. Eyni zamanda, insan hüquqlarının təminatı ilə bağlı Azərbaycanda güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib. Azərbaycanın insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsini faktlarla göstərmək olar. Ölkəmizdə söz, mətbuat azadlığı, fikir plüralizmi mövcuddur, mətbuat üzərində senzura yoxdur, vətəndaş cəmiyyəti daim inkişaf edir”.

Bunu Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir.

“Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı addımlar atır. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir”.

Eldar İbrahimov qeyd edib ki, İlqar Məmmədovun azadlığa buraxılması iqtidarın və bu işlə məşğul olan hüquq- mühafizə orqanlarının demokratiyaya sadiqliyinin bir daha göstəricisidir.

“Azərbaycanda hər bir şəxs etdiyi əməllərə görə qanun qarşısında bərabər məsuliyyət daşıyır. İlqar Məmmədov cinayət etmişdi və etdiyi cinayətə görə də həbs edilmişdi. Arzum budur ki, Allah ona ağıl versin və bir də gedib həbsxanaya düşməsin. Hərəkətlərinə ciddi fikir versin”.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb. Bu gün Şəki Apelyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İ. Məmmədov azadlığa buraxılıb.

Qərara əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İ.Məmmədovun barəsində şərti azadlıqdan məhrum etmə qərarı verilib. O, məhkəmə zalından azadlığa buraxılıb, ölkədən çıxışına isə qadağa qoyulub. (Modern.az)

araz.az xəbər portalı.