Əbil HƏSƏN
Əli uşaqları yatırdıb, mətbəxə keçdi. Bulaşıq qabları yudu. Dünəndən yuduğu paltarları ipdən götürdü, hamısını ütüləyib, yerbəyer etdi. Özünə çay süzüb, pəncərənin qabağında oturdu. Saata baxıb Onu gözləməyə başladı. Artıq neçə vaxt idi ki, belə edirdi. O, gəldi.
– Salam, gəldin?!. Bilirdim ki, gələcəksən. Bayaqdan səni gözləyirəm.
O, başı ilə salamı qəbul edib, uşaqlara tərəf baxdı. Əli isə, sözünə davam etdi:
– Yeməklərini verib, yatırdmışam, paltarları da yuyub ütüləmişəm. Bütün günü səndən danışmışıq. Axı, bu gun sənin öldüyün gündür. O, başı ilə minnətdarlığını bildirərək, ütülü paltarlara və yuyulmuş qablara baxdı. Əli dərindən köks ötürərək, sözünə davam etdi:
– Hə, səndən sonra çox şey öyrənmişəm. Ev yığışdırmağı, paltar yumağı, xörək bişirməyi…
O, sual dolu nəzərlərlə Əliyə baxdı.
– Səni itirməkdən qorxuram, tez-tez yuxularıma gəlirsən. Heç yuxudan ayrılmaq istəmirəm, elə, hey yatmaq istəyirəm. Atılmağıma çox peşman oluram, çünki söhbətimiz yarımçıq qalır. Bu evə başqa bir qadın gəlsəydi, səni bir daha görməzdim. Axı, sənin əmanətlərini başqasına necə etibar edə bilərəm?! – deyə, Əli qəlbinin dərinliyindəki kədərini ortaya qoydu.
Bu an uşaqlardan biri ağlamaga başladı və o da, Ana yoxluğunun ağrısına dözmədiyini biruzə verdi: – Ana, haradasan?!. Anamı istəyirəm!.. Bu an, qeyri-ixtiyari olaraq, onların baxışları toqquşdu. Əlinin gözləri yaşla dolmuşdu. Kövrələrək: – Hər gecə yuxuda diksinərək, ayılıb səni axtarır. Elə, hey səni çağırır, – dedi və əlinin arxasıyla yaşarmış gözlərini sildi. Bu an, O, sanki günahkar kimi Əlinin gözlərinə baxaraq, başı ilə uşaqları göstərdi. Əli isə, uşaqların yanına getdi. Qayıdanda, Onu görmədi. O, artıq getmişdi… Sən niyə beləsən, ey gidi dünya?! Sakit, xoş yaşamağı da biz insanlara çox görürsən; Həyatımızın hər mərhələsində çiynimizdən olmazın müsibət, faciə, problem və çatışmazlığının ağrılarını asırsan.
araz.az xəbər portalı.