vusale_eynulla.jpg

Jurnalist Eynulla Fətullayev “APA agentliyi niyə bağlandı?” başlıqlı yazı yazıb.

Yeniavaz.com xəbər verir ki, jurnalist bu yazısında APA agentliyinin bağlanması ilə bağlı öz versiyalarını irəli sürüb. O agentliyin bağlanmasını əsas iki səbəblə əlaqələndirib.

Prezidenti İlham Əliyevin Ermənistan barədə çıxışını ciddi təhrif etməsini irəli sürən E. Fətullayev yazır: “İlham Əliyev Köçaryan-Sarkisyanın simasında Ermənistanın sabiq rəhbərliyinin, Qarabağ klanının fəaliyyətinin üzərində böyük ölçüdə dayandı. Və Ermənistanın yeni rəhbərliyi barədə fikir yürüdərək bəyan etdi ki, əgər Paşinyan hakimiyyəti də Sarkisyanın Qarabağ siyasətini əvvəlki məcrada davam etdirsə, o zaman Azərbaycan Ermənistanı sarsıtmaq üçün hər şeyi edəcək. Razılaşın ki, “diz çökdürmək” söz birləşməsi ilə “sarsıtmaq” ifadəsi arasında kifayət qədər böyük fərq var. Müharibə vəziyyətində olan dövlətin başçısının dilindən səslənən hər bir kəlmə, hətta o sözün tələffüzü təkcə cəmiyyət daxilində yox, eləcə də beynəlxalq birlikdə birmənalı olmayan reaksiyalar doğura bilər. “Diz çökdürmək” ifadəsi hələ Qarabağ münaqişəsinin tənzimlənməsinə dair dəqiq və aydın konsepsiya formalaşdırıb, müəyyənləşdirməmiş hakimiyyətə müharibə elan etmək kimi yozula bilər.

Başqa tərəfdən, prezidentin, lap istənilən siyasətçinin çıxışlarına sərbəst interpretasiya ilə yanaşmaq jurnalistin peşə etikasına nə qədər uyğundur?”

Daha sonra isə Eynulla Fətullayev APA Holdinqdə yüksək vəzifə tutan Şahin Cəfərlinin sosial şəbəkələrdə yazdığı kəskin tənqidlərə toxunur və həmin yazıların “screen-shot”larını məqalədə göstərir:

“APA-nın bağlanmasından bir sutka sonra bu holdinqin vitse-prezidenti və siyasət şöbəsinin başçısı Şahin Cəfərli özünün “Facebook” səhifəsində analitik şərh yazır: “Bir daha aydın olur ki, neftin qiyməti artmasa, məsələn, 50 dolların altında uzun müddət qalsa, bizi fəlakət (bəlkə də kütləvi aclıq) gözləyirmiş. Ərəb qardaşlarımız və Rusiya (OPEC+) sayəsində ən pis ssenaridən xilas olduq. Amma müstəqilliyimizin 27-ci ilində ölkənin taleyinin neft bazarındakı gəlişmələrdən asılı olaraq qalması o deməkdir ki, Azərbaycanı hələ ki oturuşmuş, baş tutmuş dövlət saymaq olmaz”.

Hökumət agentliyinin rəhbərlərindən birinin bu fikirləri şok və çaşqınlıq yaradır! Şahin Cəfərli müxalifət liderləri ilə eyni “həqiqətlərdən” danışır. Bu “analitik nəticə”nin müəllifinin adının üstünü örtsək, həmin mətni Əli Kərimlinin, yaxud müxalifətçi bloger Xədicə İsmayılovanın məqaləsindən bir parça kimi təsəvvür etmək mümkündür”.

Müəllif məqaləsində daha bir APA-çı, bir zamanlar APA ilə Avropa Şurasında əməkdaşlıq etmiş Fuad Qulubəyli barədə yazıb: “O da aktiv sosial şəbəkə üzvüdür. O da hakimiyyətin düşmənlərinin, müxalifətin güzəştsiz, qızğın tərəfdarıdır. Fuad Qulubəyli hakimiyyət agentliyini Avropanın ürəyində bax, bu cür təmsil edirdi. APA-nın bağlanmasına hələ bir müddət qalmış Fuad hakimiyyətə açıq-aşkar rişxənd edirdi: “Bizi Konstitusiyaya dəyişikliklərə dair referendumda iştirak etmək üçün səfirliyə daşımağın nə mənası var? Məgər bizim səslərimiz nəyisə həll edir? Hər şey bizim səsimiz olmadan həll edilir” (25 sentyabr 2016-cı il tarixli qeyd).

Ən sonda E. Fətullayev bütün bunları APA-nın tarixində ağ ləkələr adlandırır. Fətullayev hesab edir ki, bütün bunlar doğru deyil. İqtidaryönümlü media quruluşunda çalışanlar iqtidarı, onun siyasətini tənqid etməməlidir. (Yazının tam versiyasını buradan oxuya bilərsiniz: http://virtualaz.org/aktual/123941).

“APA Holdinq üzərində böyük oyunlar oynanır”

Bütün bu iddialara APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı özünün “Facebook” profilindən cavab verib.

V. Mahirqızı cavab yazısında ilk öncə onu bildirib ki, APA Holdinqin üzərində böyük oyunlar qurulub: “Amma bu oyunu quranların bu qədər açıq müstəvidə və iyrəncliklə oynayacaqlarını təsəvvür eləmirdim, açığı. Görünür, mənim səbrim və sükunətim əsəblərini dözdürmədi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında APA-nın səhvə, hətta kobud hesab ediləcək səhvə yol verməsi bu şirkət üzərində oyunlar oynayanlara fürsət verdi.

Məsələnin mahiyyətində əslində nə dayanır: APA bütün mətnləri Azərbaycan dilində hazırlayır. Səhvə yol verən əməkdaşımız Ramiz Cürənov (Mikayıloğu) Prezidentin çıxışını AZTV-nin saat 17.00 buraxılışından yazıb. Burda yalnız bir məqsəd olub, məlumatı operativ şəkildə yazmaq və yaymaq. Ramiz illərdir ki, Prezidentin tədbirlərini işıqlandırmaq üçün ezam olunub və heç vaxt səhvə yol vermədən bu işi görüb.

Çıxış Azərbaycan dilində yazılıb və orada yanlış olaraq “Ermənistan daha da sarsıdılacaq” ifadəsinin əvəzinə “Ermənistan çökdürüləcək” ifadəsi yer alıb. Rus dilinə tərcümədə isə ifadə “Ermənistan diz üstə çökdürüləcək” kimi kobud tərcümə xətası ilə tərcümə edilib.

Online media ilə məşğul olan hər kəs bilir ki, gün ərzində 700-800 xəbərin istehsal olunduğu yerdə belə xətalar ola bilir. Buna nə qədər bəraət qazandırmaq mümkünsüz olsa da, təəssüf ki, səhvlərdən qaçmaq olmur.

Dövlət agentliyində və Prezidentin rəsmi saytında həmin çıxışın mətni yayılan kimi bizim əməkdaşlar dərhal APA-dakı mətnləri bir qayda olaraq onlarla müqayisə edirlər. Mətnlər müqayisə olunub və ifadə səhvi görülən kimi dərhal dəyişdirilib.
Lakin məndən fərqli olaraq rusdilli Eynulla Fətullayev Prezidentin nitqindən yanlış yazılmış və çox kobud səslənən həmin ifadəni saytının başlığında yerləşdirib və Prezident Administrasiyasının müdaxiləsi olmayana kimi də dəyişdirməyib. Hətta dərhal yazının içində APA-dan olan “screen-shot” da peyda olub. Azərbaycanda yüzlərlə sayt, televiziya, agentlik, qəzet APA-nn minlərlə xəbərinə istinad edib, kim indiyə qədər “screen-shot” bazası yığıb?!

Prezidentin mətbuat xidmətinin rəhbəri mənə zəng edəndə artıq APA-da bu yanlış düzəldilmişdi. Lakin mən Azər Qasımova bildirdim ki, biz buna görə Prezidentdən də, oxuculardan da üzr istəyəcəyik və üzr istədik.

Bu hadisədən dərhal sonra şirkət saytları dayandırıb, bunun təxribat olub-olmadığı araşdırılır.

Lakin görünən odur ki, paralel araşdırmanı da Eynulla Fətullayev yəqin ki özündən daha çox sifariş aldıqları ilə bir yerdə aparıb və APA-nın bir daha fəaliyyət göstərməməsi üçün “dəlillər” tapıb. Hətta bu dəlillər əlində hazır olduğu üçün hər dəfə mənə “canıyananlıqla” zəng edəndə “APA-nın kitabı bağlandı” fikrini əminliklə deyirdi.

Deməli, APA bağlanan kimi dərhal bu şirkətdə çalışmış şəxslərin sosial şəbəkə dosyelərinin araşdırılmasına başlanıb.
Əvvəla, APA-da işləyənlərin bir qismi vaxtilə aktiv müxalif fəaliyyəti olmuş, digərləri isə müstəqil jurnalistlərdir. Bunun belə olduğu kimə sirr idi ki? İkincisi, müstəqil media orqanı orda hansısa müxalif fikirli jurnalistin işləməsinə görə niyə şantaj olunmalıdır ki? APA və ya Vüsalə Mahirqızı sosial şəbəkədə 187 əməkdaşının nə yazdığını, necə yazdığını güdməlidir? Hələ mən o tərəfini demirəm ki, Eynullanın bizim üçün “komplo” hesab etdiyi şəxslər xeyli vaxtdır ki, APA Holdinqdə işləmirlər.
Eynullanın “Real”çı dediyi Şahin Cəfərli bu il iyul ayının 10-dan bəri APA Holdinqdə çalışmır. Özü də siyasi təyinatı doğru yazmaq lazımdır, Şahin mövqe etibarilə müsavatçıdır, amma bildiyim qədərilə o partiyanın da üzvü olmayıb. Şahinin illərdir ki, sosial şəbəkədə yazdığı statuslar Azərbaycan saytlarında, televiziyalarında yayılır, özü isə verilişlərə dəvət olunur.
Lakin son vaxtlar daha çox analitik kimi fəaliyyət göstərdiyi və bunun şirkətin maraqları ilə üst-üstə düşmədiyi üçün öz ərizəsi ilə işdən ayrılıb. Bunu mən Eynulla Fətllayevdən əvvəl ona bu yazını hazırlatdıranlara da demişəm.

Fuad Qulubəyli isə heç vaxt APA-nın ştat əməkdaşı olmayıb, həmişə Avropa Şurasında bizimlə əməkdaşlıq edib. Lakin azı bir ildir ki, o, APA ilə belə əməkdaşlıq etmir. Konkret AŞ PA-nın sonuncu sessiyasında APA-nın London müxbiri Aytən Abbaslı Strasburqa ezam olunub, orda işləyib və bütün reportajlarda imzası yayımlanıb. Növbəti sessiyadan azı iki ay keçib.

Mən başa düşürəm, araşdırmalar müsbət nəticə verir, xüsusi, “dişə vurulası” nəsə tapılmır. Allah heç kimi APA-nın keçmiş əməkdaşlarının “facebook” statuslarının ümid qalacaq qədər aciz duruma düşürməsin.

Oysa ki, APA-nın əməkdaşları “milyarderlər ittifaqı” yaradıb, birbaşa Prezidentin əleyhinə işləyən Abbas Abbasovun, Telman İsmayılovun çağırışı və maliyyəsi ilə “biznes klass”larda sifarişli səfərlərə gedib, onlarla içki süfrəsinə oturmurlar. Halbuki bir jurnalistə bu yaraşar, bir media rəhbərinə isə əsla və əsla.

APA Azərbaycanın ən böyük informasiya yayıcısı idi, burda 187 nəfər çalışırdı. Azərbaycan informasiya məkanında təminatın 70-80 faizini bu media şirkəti edirdi. Sosial şəbəkələrin Azərbaycan seqmentində 1 milyona qədər istifadəçisi olan səhifələrdə xəbər yayımı ilə məşğul idi. APA-nın olmaması təkcə ölkənin media məkanını deyil, həm də ictimai-siyasi sferasının xəbər təminatını, ölkədə fikir formalaşdırmaq cəhdinin eynullalardan asılı edir. Və ən mühüm cəhət, mən APA-nı heç vaxt məmur davalarının poliqonuna çevirmədim. APA heç vaxt heç kimin kürəyindən bıçaq saplamaq üçün istifadə edilmədi, heç vaxt heç kimin qırmızı xəttini keçmədi.

O ki qaldı mənə. Mən Dövlətə, Millətə və Prezidentə hər zaman sadiq olmuşam. Bunu sübut edəcək işim, yaratdığım layihələr, tam 20 illik media fəaliyyətim ortadadır. Bundan artıq nəsə demək istəmirəm.

Eynullaya “həmkar” olaraq nəsə yazmaq istəyirəmmi, əlbəttə yox! Amma məni və APA-nı ona şərlədənlərə deyəcəyim bircə kəlmə var: məni ləkələyəcək adam Eynulla deyil! Heç olmasa, seçəndə iradəsi, yolu, siyasi əxlaqı özümə tən olan birini seçərdiniz. Bu hakimiyyətə, bu Dövlətə bu boyda pisliyi eləməyin!”.

“Mən bu il iyulun 10-dan bəri APA-da çalışmıram”

Yazıda adı çəkilən Şahin Cəfərli də E. Fətullayevin ittihamlarına “Facebook”da reaksiya verib. Ş. Cəfərli yazıb ki, o, APA-dakı işindən istefa verib: “Eynulla Fətullayevin APA-nın saytlarının bloklanmasını mənim son statuslarımla əlaqələndirməsi gülüncdür. Çünki mən bu il iyulun 10-dan bəri APA-da çalışmıram. İşdən ayrılmaq barədə ərizəni isə o tarixdən də əvvəl yazmışam. (Təbii ki, dostlara baş çəkmək üçün işdən çıxdıqdan sonra da arada APA-nın ofisinə gedib-gəlmişəm.) Hər hansı siyasi fəaliyyətim yoxdur. Sadəcə, hər kəsin gördüyü kimi, əsasən dünyada, bəzən isə ölkədəki vəziyyətə dair burada – sosial şəbəkədə öz fikirlərimi ifadə edirəm. Qəzetlərdəki, saytlardakı dost və həmkarların xahişini yerə salmayıb, hərdən onlara da şərhlər verirəm. Dəfələrlə TV-lərə də dəvət olunmuşam. Yazdıqlarım, söylədiklərim ortadadır, hansısa qeyri-adi, dəhşətli şeylər söylədiyimi, yazdığımı da düşünmürəm. Həvəskar səviyyədə şərhçiliklə məşğulam.

Digər tərəfdən, mənim burada yazdıqlarım mənim subyektiv mövqeyimdir, şəxsi qənaətlərimdir, işlədiyim müəssisə (əgər varsa) niyə buna görə cavabdeh olmalıdır ki?..

E. Fətullayevin APA və ya onun rəhbəri ilə nə haqq-hesabı var, onu deyə bilmərəm. Amma məni bu məsələyə qatmasın”.

araz.az xəbər portalı.