Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 26 il ötür.
arazpress.com xəbər verir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutamız – 1992-ci ilin 15 avqust tarixindən etibarən dövriyyəyə buraxılıb.
İlk milli valyutamız rus və azərbaycan dilində olub
Məlumat üçün onu da bildirək ki, müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin ilk müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Azerbaydjanskaə Respublika” ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.
1919-1920-ci illərdə buraxılan pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilib.
Sovet dövründə tədavüldə olan pul nişanları
Azərbaycanda ikinci pul emissiyası 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının adından dövriyyəyə buraxılıb. Bu emissiya çərçivəsində birinci əskinas – 1 000 rubl (böyük formatda), sonra isə 5 (2 variantda), 100 (2 variantda) və 1 000 (kiçik formatda) manatlıq, 1921-ci ildə isə yeni dizaynla dörd yeni nominal – 5 000, 10 000, 25 000 (2 variantda) və 50 000 manatlıq əskinaslar tədavülə buraxılıb.
1921-ci ildən başlayan iqtisadi böhran nəticəsində 1922-ci ildə 3 yeni əskinas – 100 000 (3 variantda), 250 000 (2 variantda) və 1 000 000 (2 variantda) manatlıq əskinaslar, 1923-cü ilin əvvəlində isə 5 000 000 manat nominallı pul nişanı dövriyyəyə buraxılıb. 1920-23-cü illərdə həyata keçirdiyi emissiyasının əskinaslarının üzərində onların dəyəri azərbaycan dilində manatla, rusca isə rublla göstərilib. Bütün əskinaslarda dövlət atributlarının elementləri – “aypara və ulduz”, “oraq və çəkic” təsvir edilib, üzərində buraxıldığı tarix əks olunub.
10 milyard nominallı əskinas…
1923-24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) 4 pul emissiyası olub ki, 1-ci buraxılışa 5 000, 10 000, 50 000, 100 000, 250 000, 500 000 və 1 000 000 rublluq, 2-ci buraxılışa 500, 10 000, 50 000, 100 000, 250 000, 500 000, 1 000 000, 5 000 000 və 10 000 000 rublluq, 3-cü buraxılışa 10 000, 25 000, 50 000, 100 000, 250 000, 500 000, 1 000 000, 5 000 000 və 10 000 000 rublluq nominallar daxildir. 1922-1923-cü illərdə Cənubi Qafqaz respublikalarında güclənən təsərrüfat böhranı və inflyasiya nəticəsində, 1924-cü ilin əvvəlində ZSFSR hökumətinin qərarı ilə tədavülə 25, 50, 75, 100, 250 milyon və 1 milyard rublluq əskinaslar buraxılıb. Bu dövrdə dövriyyəyə dünya pul tədavülü tarixində yalnız bir dəfə 10 milyard nominallı əskinas buraxılıb. ZSFSR pul vahidləri Azərbaycan, Gürcüstan və Ermənistanda dövriyyədə olub.
1936-cı ildə qəbul edilmiş Konstitusiya aktına görə, Dövlət gerbində 11 respublikanın adının göstərilməsilə əlaqədar olaraq tədavülə buraxılan əskinaslarda dövlətin adı və pulun nominalı 11 dildə göstərilib. Əskinaslar dövriyyədə 1947-ci il pul islahatlarına qədər qalıb. Bununla yanaşı, 1961-ci ildə dövriyyəyə yeni dizaynla 1, 2, 3, 5, 10, 15, 20, 50 qəpik və 1 rubl dəyərində sikkələr buraxılıb. Sovet dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilib. Sonuncu, 1991-ci ildə həyata keçirilən pul islahatı əhalinin yaddaşlarında “Pavlov islahatı” kimi qalıb. O vaxt 50 və 100 rublluq əskinaslar dövriyyədən cəmi üç gün ərzində çıxarılıb.
1992-2005-ci illər ərzində 692,5 milyon ədəd əskinas dövriyyəyə buraxılıb
Qeyd etdiyimiz kimi, müstəqillik əldə etdikdən sonra Azərbaycan Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyuta dövriyyəyə buraxılıb. Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində “1 manat:10 rubl” nisbətində rubl ilə paralel olaraq dövriyyədə olub. 1994-cü ildə 10 000 manatlıq, 1996-cı ildə isə 50 000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxılıb.
Ümumikdə, Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.
2007-ci il yanvarın 1-dən etibarən ölkə ərazisində yalnız yeni manatdan istifadə edilir
Hazırda tədavüldə olan manatlar 13 il əvvəl, 2005-ci ilin fevral ayının 7-də Prezident İlham Əliyev milli valyutamızın barədə imzaladığı fərmanla dövriyyəyə buraxılıb. Həmin fərmana uyğun olaraq 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub. Yeni nəsil pul nişanları – 5, 10, 20, 50, və 100 manat dəyərində əskinaslar, həmçinin 1, 3, 5, 10, 20 və 50 qəpik dəyərində sikkələr olaraq dövriyyəyə buraxılıb. Həm köhnə, həm də yeni manat 1 il ərzində, 2007-ci ilə qədər dövriyyədə olub. 2007-ci il yanvarın 1-dən etibarən ölkə ərazisində yalnız yeni manatdan istifadə edilir. Hazırda dövriyyədə olan yeni nəsil pul nişanları təsvir və dizayn baxımından müxtəlif mövzuları əhatə edir: 1 manat – mədəniyyət mövzusuna, 5 manat – yazı və ədəbiyyat mövzusuna, 10 manat – tarix mövzusuna, 20 manat – Qarabağ mövzusuna, 50 manat – təhsil və gələcək mövzusuna, 100 manat – iqtisadiyyat və inkişaf mövzusuna həsr edilib. Yeni nəsil qəpiklərin dizayn mövzuları da əskinasların dizayn mövzularına müvafiq olaraq hazırlanıb.
(Yeniavaz.com)
araz.az xəbər portalı.