“İnsanlarımızın hadisələri və davranışları müqayisə mədəniyyətinin bəzi yanlışlarına diqqət yetirmək istərdim. Kimsə inancına görə Həcc ziyarətinə gedir. Dərhal başlayırlar ki, bu Həccə xərclənən pulla beş tələbəni oxutdurmaq olar, yaxud da on kasıbın qarnını doyuzdurmaq olar. O zaman başqa əks arqument gətirmək olar ki, hər gün restoranlarda, kafelərdə arağa, çaxıra xərclənən pullarla yüz tələbəyə təqaüd, min kasıba qida təmin etmək olar. Yaxud da xeyli insan bədənini zəhərlədiyi siqaretə xərclənən pullara qənaət etsə və ehtiyacı olan insanlara xərcləsə, cəmiyyətdə xeyli problemlər öz həllini tapar”. Yeniavaz.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.
“Yüzlərlə insan müalicə məqsədləri xaricində sadəcə əyləncələrə pul xərcləmək üçün kurort bölgələrinə gedir, elə burada xərclənən vəsaitlər də çox zaman səmərəsiz vəsaitlərdir, onların da işinə müdaxilə etmək mümkündür ki, niyə faydalı işlərə yönəlmirsiniz. Söyləmək istədiyim odur ki, təhsilə həm dövlət, həm də cəmiyyətin bütün təbəqələri fədakarlıq etməlidirlər, insanların rifahı və sağlıq problemlərinin çözülməsi üçün bütün imkan sahibi cəmiyyət üzvləri duyarlılıq göstərməlidirlər. Bu xeyriyyəçi yanaşmanı təşviq etmək olduqca vacibdir. Lakin hansısa insanların inancını hədəfə almaq yanlışdır, guya orada xərclədiyi pulun başqa yerə yönələcəyi ilə bağlı düşüncələr iisə absurddur. Hər kəs öz düşüncəsini, inancını, sevgisini, peşəkarlığını, faydasını öz arzuladığı formada yaşamaq haqqına sahibdir, əgər cəmiyyətin tərəqqisi üçün başqa zəruri sahələrə maddi və mənəvi dəstək lazımdırsa, bunu təşviq etmənin yolu da fərqli olmalıdır. Nəzərə alsaq ki, eyni ironiyalar qarşıdan gələn Qurban Bayramında da səsləndiriləcək, o halda insanlara izah etməliyik ki, kimsə qurban kəsməyə borc kimi baxırsa, kimsə də qurban kəsməmə haqqına sahibdir. Bir-birinin həyat tərzinə müdaxilə o zaman zərurətə çevrilir ki, hansısa davranışlar başqasının yaşamı üçün təhlükəyə, psixoloji sarsıntıya, şiddət və zorakılıq amilinə çevrilir. Bu halda məsələyə müdaxilə dövlətin özünün də bilavasitə konstitusion vəzifəsi olur. Kiminsə Həccə getməyinin, yaxud da Qurban kəsməyinin başqasının həyatına rahatsızlıq yaradacaq hansı nəticəsi ola bilər? Kimsə dini inanc pərdəsi altında saxtakarlıq edirsə, dələduzluq edirsə, bu adamın öz-özünü aldatması deməkdir, özünə etibarsızlıq və günah qazanması deməkdir. Sözümün canı budur ki, müqayisə məsələlərini bir qədər ehtiyatla aparmaq lazımdır ki, hətta faydalı çağırışlar belə, başqasını incidəcək xarakterdə olmasın”,-deyə deputat vurğulayıb.
araz.az xəbər portalı.