Azər Qasımlı: “Növbəti həftədən partiya olaraq tam fəaliyyətə başlayacağıq”
REAL Partiyasının sədri İlqar Məmmədov 5 il 6 aydan sonra avqustun 13-də azadlığa buraxıldı. Məhkəmə onun cəza müddətinin qalan hissəsinin 2 il sınaq müddəti ilə əvəzlənməsi və ölkədən çıxışına qadağa qoyulması ilə şərti cəza barədə qərar qəbul etdi.
Onun həbsdən azad edilməsi ölkə ictimaiyyəti və Avropa Şurası tərəfindən müsbət qarşılandı. Bu barədə istər sosial şəbəkələrdə, istərsə də mətbuatda çoxsaylı fikirlər də yazıldı. Bəs həbsdən azad edildikdən sonra İlqar Məmmədov hansı işlə məşğuldur? Onun yaxın gələcək üçün planları nədən ibarətdir?
Suallara cavab almaq üçün İlqar Məmmədovun özü ilə əlaqə yarada bilməsək də, xanımı Vəfa Məmmədovadan onun hazırkı fəaliyyəti ilə bağlı bəzi məlumatları aldıq.
Vəfa Məmmədova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda İlqar Məmmədov adaptasiya prosesindədir: “Hər halda, İlqar Məmmədov 6 ilə yaxın idi ki, həbsdə idi. Bu müddət ərzində həm cəmiyyətdə, həm ölkədə, həm də dünyada çox şey dəyişib, hər bir şey yenilənib. Ona görə də hazırda yeniliklərə uyğunlaşmağa çalışır. Eyni zamanda gündəmdə olan siyasi durumları öyrənir, xəbərlərlə tanış olur. Əsas məsələ isə sağlıq durumudur. Həkimlərdən keçməli, müayinə olunmalıdır. Səhhətində ümumi problem yoxdur. Sadəcə olaraq, diş həkiminə getməlidir. Bundan başqa da çoxsaylı qonaqlar gəlir ki, onlarla da görüşüb, qonaqları qarşılayır”.
REAL Partiyasının Məclis üzvü Azər Qasımlı ilə də əlaqə saxlayıb, partiyalarının planları barədə maraqlandıq. A. Qasımlı “Yeni Müsavat”a bildirdi ki, bu həftə ərzində İlqar Məmmədovun hər hansı bir xüsusi görüşü nəzərdə tutulmayıb: “İlqar Məmmədov azadlığa çıxdıqdan sonra təbii olaraq, onunla görüşmüşəm. Lakin partiyada İdarə Heyətinin, yaxud da Məclisin heç bir toplantısı olmayıb. Hələ ki İlqar Məmmədov istirahət edir. Bu həftə ərzində hansısa görüş və ya mətbuat konfransı nəzərdə tutmamışıq. Lakin gələn həftədən etibarən iş rejimimiz başlayacaq. Yəni həm İlqar bəyin, həm də ümumilikdə partiyanın fəaliyyəti aktivləşəcək. Planımızda daha əvvəlcədən dediyimiz kimi, kütləviləşmək, daha aktiv fəaliyyət göstərmək, strukturlaşmanı, təşkilatlanmanı davam etdirmək yer alıb. Hələ ki qarşımızda duran əsas məqsədlər bunlardır. Başqa edəcəyimiz iş planı yoxdur. Digər partiyalarla münasibətlərə gəlincə isə deyim ki, bu, gələcəyin işidir. Hazırda kimlərləsə birlik yaratmaq və ya digər bu kimi fikrimiz yoxdur. Ancaq bu məsələ hər zaman gündəmdədir və müzakirə olunur. Sadəcə olaraq, ideyamız və qərarımız yoxdur. İlqar bəyin özünə gəlincə isə vəziyyəti yaxşıdır. Sadəcə olaraq, dişlərində problemlər var. Bununla əlaqədar həkimə müraciət edib və düzələcək. Səhhətində isə hələ ki hansısa problem yoxdur və o, özünü yaxşı hiss edir”.
Yada salaq ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.
Əli RAİS,
“Yeni Müsavat”
araz.az xəbər portalı.