Elmira KƏNAN
Uşaq olarkən tez-tez Aya baxardım. Və görərdim ki, Ay da mənimlə gedir. Mənə elə gələrdi ki, O da darıxır, bizim kimi…
Ay mənimlə gedəndə, Göyə baxa baxa yeriyərdim. Arxamca gələn narahat Anamsa dözməyib, qışqırardı: “Ay qiz, Göyə baxma, yıxilarsan, ayağına bax!..”.
Anamın yanında diqqətimi Aydan çox, ayaqqabıma yönəldərdim.
Çox vaxt Anamın başı qonşularla qeybətə qarışardı, mənimsə başım ulduzlara baxmağa. Yorulanda, oturacaqlarda uzanıb, ulduzları sayardım – hətta öz parlaq Ulduzumu seçib, arzumu daha çox Ona danışardım.
Bizim eyvanımız yola baxırdı – biri gedən, biri də gələn yol idi. Balkonda əyləşib, o yollara baxmaq həmişəlik vərdişimə çevrilmişdi. Nədənsə, gözlərim də o yollara cox zillənər, qəlbimdə gizlicə bir xəyal daşıyardım. Elə bil, axşam olub, qaranlıq düşənəcən nəsə qeyri-adi, həyatımı dəyisəcək bir möcüzə baş verəcəkdi…
O illərdən çıxıb, bu günə gəlib çatmış acılı-şirinli xatirələrimi də, elə, bu yollara dikilən nəzərlərim formalaşdırardı. Onları yollarla zehni duyumlarım cilalayıb, yaddaşıma salar, unutdurmazdi mənə. Beləcə, yaddaşıma hopan xatirələrim də, mənimlə yol getməyə köklənərdi. Elə, o vaxtdan da, acılı-şirinli bu xatirələrim yaddaşımdakı sonu görünməyən yolların yolçularıdır.
…Bəli, o vaxtlar gözlədiyim həmin möcüzənin baş verəcəyinə uşaqlıq sevgisi qədər inamım vardı. Axşamlar qonşunun qızları evimizin arxasında gəzişəndə, mən başımı eyvanımızın dirəyinə söykəyib, təkbaşına onları seyr edərdim. İnsanlarla ünsiyyətdə çox qala bilməməyimin səbəbini də anlamaz, qızlardan tez ayrılıb, evimizə – balkondakı öz sevimli yerimə qaçardım. Doğma kəndimizin payına düsən uşaqlıq illərimin çox günləri balkonumuzda keçərdi. Uşaq olsam da, ordan yollara baxmaqdan rahatlıq tapardım. Yolların kənarındakı küknar, iydə, zeytun… ağaclarının yarpaq xışıltılarının mənə şirin uşaq nəğmələri qədər təsiri olardı…
…Eyvanımızdan nəzərlərimi çəkmədiyim o yolda gündüzlər, – tez tez olmasa da, daha çox həftə sonları, – yük maşınları keçərdi. Bu maşınlar ya qırmızı, ya da yaşıl parçaya bükülmüş tabutlar daşıyardı. Həmişə də, kişilər ayaqüstü olar, tabutu dövrəyə alardılar. Bu anlar, – uşaq olmağıma baxmayaraq, – orada qadınların olmamasının səbəbi də məni çox düşündürərdi. Həm də, bu anlar rəhmətə gedənin kədərli ailəsinə, onu sevən üzüntülü bütün yaxınlarına, ümumilikdə, bu ölüm acısını yaşayan hər kəsə necə ağır idisə, elə, bu ağırlıqla da bizimkilərə təsir edər, mənim uşaq qəlbimi belə qəhərləndirərdi.
Bəli, üzüntülü ölümlər vaxtı izdihamlı olardı həmin qarşı yol. Elə, bu yolun hafizəmə cilalayıb saldığı uşaqlıq xatirələrim, sadaladığım səbəblərə görə, özlərinə acılı-şirinli donlar biçdirərək, əyinlərinə taxardılar…
…Əyninə acı don geyən daha bir xatirəm, uşaqlığımın qalan illərini keçirdiyim Sumqayıtda yaddaşıma həkk olunub. Özü də, bizim üçün olduqca ağrılı kecən 1988-ci ilin fevral ayında. Yaddaşımda özünə necə yer tutubsa, silmək də mümkün deyil. Onda, Qərbi Azərbaycandakı
(indiki Ermənistandakı) dədə-baba torpaqlarında yaşayan qohum-əqrəbalarımızın qaçhaqaçlarına start verilirdi. Tarixə pis yöndən düsən Sumqayıt hadisələri də həmin vaxta təsadüf edirdi. Onda üž-gözlərində, əməllərində milli xüsusiyyətlərimizə xas əsər-əlamətlərin bir cizgisi belə görünməyən, hansısa təsirdən gözləri hədəqəsindən çıxan azğın bir dəstənin üzvləri yaşadığımız məhəlləyə gəldi. Baxışlarından belə vəhşilik duyulan dəstə üzvləri qonşulara qəribə ləhcədə suallar verir, buradakı ermənilərin hansı ünvanlarda yaşadıqlarını dəqiqləşdirirdilər. Amma onların əllərində həmin ünvanların siyahılarının olması da, nəzərdən qaçan deyildi. Onlar, elə, əllərindəki siyahılara baxıb, bir-bir orada göstərilən ünvanlardakı evlərə hücum edir, bütün ev əşyalarını balkondan yola, küçəyə tullayırdılar. Sonra da, anlaşılmaz vəhşi səslər çıxarıb, öz hərəkətlərindən razı kimi, çölə atdıqları ev əşyalarının üstünə neft töküb, od vururdular. Bu vəhşilər, hətta bizimlə üzbəüz binanın dördüncü mərtəbəsində yaşayan bir erməninin evinin pəncərəsindən əvvəlcə divan-kreslo, mətbəx stolu, kətillər, yorğan-döşək, xalça-palazlar,.. bunların ardınca isə, ev sahibi olan erməni kişini bayıra tulladılar. O erməninin, ev əşyaları qarışıq, yanaraq, külə dönmə mənzərəsini izləmək, olduqca dəhşətli idi. Məhəllə içində törədilən dəhşət dolu bu mənzərələri görən hər kəsin ağrı-acıdan sanki qəlbi parçalanırdı. (Yəqin, bu dəhşət mənim uşaq qəlbimə də toxunurmuş deyə, onu görməmək üçün, tez evimizin arxa balkonuna qaçmışam. Bunu mənə sonralar bizimkilər deyib). Onlar bu vəhşilikləri insanın törətdiyinə inana bilmir, sanki öz televizorlarında vəhşilikdən bəhs edən hansısa filmə baxırdılar. Bu dəstədəkilər, əyləşdiyim arxa balkondan, həyacandan nəzərlərimi çəkə bilmədiyim yolla qaçıb, aradan çıxmağa çalışan gənc bir erməni qızını da, xüsusi bir amansızlıqla soyundurdular. Qızın qonşuların ayaqlarına düşüb yalvarması, yanından keçən hər kəsdən imdad diləməsi də, onun karına gəlmədi. Çünki onun göz yaşlarına və yalvarışlarına məhəl qoymayan dəstə başçısı, bizimkilərin onu xilas etməsinə imkan vermədi. Beləcə, qızın çılpaq bədəninə də alışqan maye tullayıb, od vurdular. O, yana-yana da qaçıb canını qurtarmaq istəyirdi, lakin buna da imkan verilmirdi. Xilas olmağa çalışdıqca, vəhşilər alovu daha da gücləndirirdilər. Bədəni alışıb-yanan, az keçmiş külə dönən bu qızın tükürpədici səsini eşitmək də ağrılı bir səhnə idi…
Dəhşət dolu bu olaylara mənim uşaqlara xas çığır-bağırli etirazlarım, dədə-baba yerlərindən didərgin düşüb, evimizdə məskunlaşan qərbi azərbaycanlı qohumları da çox narahat edirdi. Onlar: “Bax, sakit ol, yoxsa gəlib, səni də, bizi də yandıracaqlar!“ – deyə, həyacan və təlaşla məni sakitləşdirməyə çalışır, bu insan qatillərindən qorxduqlarını açıq-aşkar biruzə verirdilər. Uşaq olduğumdan və əlimdən heç nə gəlmədiyindən, oturub ağlamaqla, əlimin arxasıyla tez-tez göz yaşlarımı silməklə kifayətlənirdim. Sumqayıtın mənə tanış bu yolundakı bu ölüm səhnələrinin, dədə-baba kəndimizin həmin yolunda vaxtaşırı gördüyüm tabutlu səhnələrdən betər ağrılı təsiri olurdu mənə. Bu yol da, mənimlə bərabər, olduqca üzüntülü ölüm hadisələrinə şahidlik edirdi. Bu yolun cilalayıb, hafizəmə yerləşdiyi bu xatirəm də, əyninə acılıqdan biçilmiş don geyirdi…
…Bəli, gözlərim önündə insan yanaraq, kül olurdu. Bununla, həmin dövrdə insanlığın da yanaraq, kül olduğunu o vəhşi dəstə öz vandal əməlləriylə bir daha təsdiq edirdi.
Əlbəttə, dəhşətdən yöğrulan bütün bu oyunların, qanlı davaların ssenarisinin əli insan qanına batmış Kremlin çızdığını, bu qətlləri isə, Moskvanın təhriki ilə, elə, daşnak xislətli ermənilər – Qriqoryan və onun ətrafındakılar tərəfindən təşkil olunub, törədildiyini, lakin bu qanlı hadisələrin təşkilatçısı kimi, bütün günahların sonradan azərbaycanlı biçarə Əhməd adlı birinin üstünə atılacağını, onun haqsız olaraq edam ediləcəyini mən sonralar biləcəkdim…
… Onda uşaq olduğumdan, insanlığın kül olma səhnəsini mənə yaşatdığına görə, Sumqayıtdakı evimizin balkonundan xeyli “küsülü qaldım”. Üstündən bir neçə il keçəndən sonra, balkonumuzla “barışıb”, yollara baxmaq üçün, yenə öz sevimli kreslomda əyləşdim. Az keçmiş, yenə bu yol bir dəhşətli səhnə yaşatdı mənə: Yolumuzu keçən qonşumuzu, ildırım sürətilə gələn bir maşının vurduğuna da şahidlik etdim: Qadının əlindəki bazarlıq çantasındakılar yerə dağıldı, özü qan içində xeyli hərəkətsiz qaldı. Onu bu hala salanın isə, dünya heç vecinə də olmadı…
…Sonralar bunu da anlayacaqdım ki, belə müsibətlər nəticəsində yollarımıza “ləkələr vuran” insan qanlarını da, haram pullarla yumaq olarmış…
…Məzar yolu, qanlı yol, insan külünə bələnmiş yol… kimi yadımda qaldı sonu görünməyən o yollar. İndi də, unutmağa çalışıram o ağrılı yolları. Çox vaxt, ümidli nəzərlərimi yollardan daha çox, Aya dikirəm. Hər gecə Aya baxarkən dualar etməyə, salavat çevirməyə başlayıram. Hətta bir gözümə mis qəpik tutub, üzümü Aya tuturam.
Əvvəlcədən eşitmişəm ki, Ay onda adamın mübarizlik arzu-istəklərini eşidir. Bu hərəkətlərimi bu minvalla nə az, nə çox, düz bir il davam etdirmişəm. Üstəlik, yorulmadan dualar etmişəm. Aya sitayiş etdikcə, yollar məndən küsüb elə bil. Həmin andan yollarım da haçalanıb deyəsən. Amma hər kəsin bir gedər-gəlməzlik yolu olur. O yolda törədilən acı olaylar, elə, həyatın bizim cəmiyyətdəki insanlara yaşatdığı həqiqətlər kimi, real ömür yolumuzdur. Mənalı-mənasız bu yollar riyakarlığın, haqsızlığın, ədalətsizliyin… hökm sürdüyü yaralı bir məmləkətdə hilal altından da keçir…
…Aya da çox baxdım, yollara da. Hər ikisi də sirli, müəmmalı. Yol gedərkən, Aya baxmaq, həm də bu məmləkət insanlarının naməlum taleləri barədə bir işarəyə çevrilir. Çünki indi hər şey bizdə müəmmadan özünə don geyinib. Çəyirtkə kimi qırılır insanlar, hansı yolla gedirsə getsin, lap, hilal altından keçən yolla getsə belə – bunun da səbəbi müəmmalı.
…Bu yazımı tamamlayarkən də, anamın uşaq vaxtı tez-tez mənə məsləhət kimi dediyi və yaddaşıma həmişəlik həkk olunmuş bu sözləri yenə yadıma düşdü:
– Yol gedərkən, ayaqlarına bax!
Ana məsləhəti – yenə baxıram ayaqlarıma: Hara aparacaq məni bu ayaqlar bu yollarla?!!.
araz.az xəbər portalı.