Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirən konvensiya, bundan doğan məsələlər, eləcə də regionda və Azərbaycanda baş verən mühüm proseslərlə bağlı AzNews.az-ın suallarını Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev cavablandırır.
Onunla müsahibəni təqdim edirik:
– Qüdrət bəy, avqustun 12-də Xəzəryanı ölkələr nəhayət ki, Xəzərin hüuqi statusu ilə bağlı konvensiyanı imzaladılar. Bu tarixi hadisə sizin partiyanız tərəfindən necə qarşılanır?
– Mən konvensiya imzalanan gün xalqımızı təbrik elədim. Ona görə ki, Azərbaycan uzun illər idi bu konvensiyanın imzalanması, Xəzərin orta xətt üzrə bölgüsü istiqamətində iş aparırdı. Hesab edirəm ki, Aktauda böyük bir uğura imza atıldı. Xəzərdə bütün problemlər həllini tapmasa da, böyük bir nailiyyət əldə olundu. Azərbaycan üçün ən önəmli olan məsələlərdən biri – Xəzərin dibinin orta xətt üzrə bölgüsü prinsipi idi ki, bu da müəyyən mənada konvensiyada öz əksini tapıb. İkinci ən mühüm məsələ isə nəqliyyat dəhlizi kimi Azərbaycanın regiondakı rolunun daha da artmasıdır.
Konvensiya imzalanana qədər onsuz da Qazaxıstan və Rusiya ilə Xəzərin dibinin orta xətt prinsipi üzrə bölünməsinə dair dövlətlərarası sazişlər var idi. Hazırda da bu prinsip əsas götürülür. Düzdür, hələ ki, orta xəttin müəyyənləşməsi ilə bağlı Türkmənistan və İranla razılıq əldə olunmayıb və bu konvensiya da bunu tam həll etmir. Amma bu konvensiyanın nəticəsi olaraq, məsələn Qazaxıstandan Azərbaycana kabel və boru xətlərinin çəkilməsini təmin etmiş oluruq. Hesab edirəm ki, həm ABŞ, həm də Avropa Birliyi maraqldır ki, Qərbin enerji ilə təchizatında alternativ marşrutlar olsun. Ona görə də Azərbaycan bu məsələni artıq həll etmiş sayılır.
– Uzun müddətdir ki, Xəzər razılaşmasının ekoloji problem tərəfi daha çox qabardılır. Çünki bizim neft-qaz layihələrimizə, digər maraqlarımıza “ekoloji problem” adı ilə əngəl törədə bilərdilər. İndiki konvensiyanın mətni ilə tanış olmayanlar bu məsələni yenidən qabartdılar, halbuki məsələ xeyli dərəcədə fərqli yerə gətirilib konvensiyada…
– Bəli, bu məsələ artıq həll olunub. Belə ki, bu məsələdə yalnız Xəzəryanı dövlətlərin yox,- əvvəllər məsələ bu cür qoyulurdu- bu dövlətlərin üzv olduğu beynəlxalq təşkilatların rəyi önəm daşıyacaq. Yəni bu dövlətlərdən hər hansı birinin ayrılıqda transxəzər boru kəmərini dəstəkləməmək, ona veto qoymaq kimi hüququ yoxdur. Düzdür, bu konvensiya Xəzəryanı ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək, amma hesab edirəm ki, ekoloji narazılıqla bağlı məsələ artıq kökündən həll olunub.
– Tez-tez sual edilir ki, Rusiya və İran konvensiyanı imzalamağa niyə razı oldu?
– Ona görə ki, Azərbaycan da müəyyən məsələlərdə bu dövlətlərə qarşı güzəştli addımlar atdı. Xəzər dənizinin hərbsizləşdirilməsi, xarici ölkələrin burada hərbi bazalarının yerləşdirilməsinə qadağa qoyulmasını ,yaxud Xəzərin səthinin bölünməməsini misal çəkmək olar. Təbii ki, bu da daha çox İran və Rusiyanın marağında olan məsələlərdir. Həmçinin, Azərbaycanın da marağındadır ki, Xəzər hərbiləşməsin. Konvensiyada xüsusi qeyd var ki, Xəzərdə hərbi güc ağıllı qərarlar əsasında, müəyyən həddə qədər artırıla bilər. Bu o deməkdir ki, böyük Xəzər dövlətləri olan Rusiya və İran da Xəzərdə öz hərbi güclərini sonsuza qədər artıra bilməyəcəklər.
– Bu konvensiyanın şərhi zamanı bir daha bizə bəlli oldu ki, Azərbaycanla Türkmənistan arasında da bir ziddiyyət olub. Amma hər ikisi türkdilli dövlətdir və bir kökə malikdir. Məgər türkçülük təkcə quruda olur? Nə əcəb indiyə qədər su hövzələrində də türkçülük edə bilməmişik?
– Türk xalqları içərisində bizə ən yaxın olan elə Türkmənistandır. Ona görə ki, biz oğuz türkləriyik. Amma ayrı-ayrı dövlətlərik və dövlətlərin də öz maraqları var. Adi həyatda iki qardaşın ayrı-ayrı torpaq sahəsi olur və onların çəpəri var. Məsələ belədir, Türkmənistan deyir ki, orta xətt bölgüsü əsas götürülərsə, Abşeron yarımadası nəzərə alınmamalıdır. Abşeron yarımadası dənizin içərisinə doğru girib. Belə olduğu təqdirdə də Azərbaycan güzəştli bir mövqe sərgiləyir ki, gəlin, Kəpəz yatağını (onlar Sərvər yatağı deyir) birlikdə istifadə edək. Əminəm ki, bu problem də danışıqlar yolu ilə çözüləcək. Amma bizim qarşımızda duran ən ümdə məsələ odur ki, ölkəmizin Avropa, dünya üçün əhəmiyyəti artsın. Bunun üçün də biz nəqliyyat dəhlizi funksiyasını yerinə yetiririk. Azərbaycan Cənubdan Şimala, Şimaldan Cənuba, Şərqdən Qərbə, Qərbdən Şərqə yüklərin daşınmasında bir qovşaq olsun. Bunun üçün də artıq xeyli işlər görülüb, dəmir yolları, boru kəmərləri çəkilib. İndi isə lazımdır ki, Qazaxıstan və Türkmənistanı da bu xətlərə qoşaq. Hesab edirəm ki, bu istiqamətdə də prinsipial addımlar atılacaq. Bundan sonra əsas məsələ Xəzərin dibinin bölünməsinə dair İranla sazişin imzalanmasıdır. Düşünürəm ki, Rusiya təkid etsəydi, bu məsələ çözülə bilərdi. Amma Rusiya iki qonşu dövlət arasında yeni mübahisəli məsələnin qalmasında maraqlı oldu və İrana təzyiq eləmədi. Halbuki, Sovet dövründə İranın Xəzər sərhədləri Astara-Həsənqulu xətti üzrə müəyyənləşib. İranXəzərdən 20 faiz pay istəyirsə, bu o deməkdir ki, onun sərhədləri az qala Bakının Qaradağ rayonuna qədər gəlib çıxar. Belə bir şey ola bilməz axı. Sənin quru sərhədin harada qurtarırsa, dəniz sərhədin də orada bitməlidir. Bu, SSRİ dövründə də belə olub.
– Qüdrət bəy, ABŞ-ın İrana qarşı sanksiyaları artıq qüvvəyə minib. ABŞ-İran qarşıdurması fonunda Azərbaycanın mövqeyi necə olmalıdır?
– İran da, Amerika da Azərbaycanla müqayisədə böyük dövlətlərdir. Ona görə də bizim böyüklərin savaşına hansısa formada qatılmağımız qətiyyən doğru olmaz. Azərbaycan öz neytral mövqeyini qoruyub saxlamalıdır. İran 430 milyard dollarlıq ÜDM istehsal edir, bu göstərici ABŞ-da 19 trilyon 350 milyard dollardır. Belə olduğu təqdirdə, nəticəsi əvvəlcədən bəlli olan savaşa girmək olmaz. Ona görə İran da ABŞ-la konfliktdən qaçmağa çalışmalıdır. Mən demirəm ki, öz hüquqlarından imtina etməlidir, təzyiq qarşısında güzəştə getməlidir. Söhbət savaşdan gedir, savaş yolverilməzdir. Hərhalda, qonşuluğumuzda hər hansı bir müharibənin olması Azərbaycanın da maraqlarında deyil. Azərbaycan da çalışmalıdır ki, məhdud imkanları çərçivəsində sülhə töhfə versin.
– İranla bağlı danışdıq, bir qədər də Ermənistan barədə danışaq. Bilirsiniz ki, Koçaryan həbs olundu, sonra məhkəmə qərarı ilə azad edildi. Bununla bağlı sizin gümanınız nədir?
– Paşinyan zamanında çoxlu vədlər verib – tutaq ki, 1 mart hadisələrinin (10 il öncə Sarkisyan prezident seçilərkən seçkilərin saxtalaşdırılmasına etiraz edən dinc insanların güllələnməsi nəticəsində 10 nəfərin həyatını itirməsi – Red) səbəbkarlarını cəzalandıracam. İndi də hakimiyyətə gəlib, həmin vədini yerinə yetirməlidir. Amma bilirsiniz ki, Sarkisyan geniş xalq kütlələrinin etirazı ilə baş nazir postundan istefa versə də Qarabağ klanının hakimiyyətdəki dayaqları güclüdür, o cümlədən də məhkəmə hüquq sistemində. Ona görə də birinci instansiya məhkəməsində hakimlər əvvəl cəsarət etmədilər ,amma Lavrovun bəyanatından həm də Dağlıq Qarabağın qondarma parlamentinin 46 deputatının verdiyi bəyanatdan sonra onlar hərəkətə keçdilər. Sarkisyan da Avropaya səfər elədi, oradan qayıtdıqdan sonra Qarabağa gəldi. Bir növ, əksinqilabçılar ruhlandılar. Bu ruhlanmanın da təsiri həmin Apelliyasiya məhkəməsinin qərarında özünü göstərdi. Nəticədə, Koçaryanı azad etdilər.
Ümumiyyətlə, düşünürəm ki, Ermənistanda Paşinyanın uzun müddət iqtidarda qalması mümkünsüzdür. Paşinyanın təcrübəsizliyi və Rusiyanın oradakı möhkəm mövqeyi bu məsələdə xüsusi rol oynayır. Rusiya özü ikili oyun oynayan Sarkisyanın getməsində maraqlı idi. Ona görə də Rusiya inqilab zamanı seyrçi mövqe tutdu. Əhali də gördü ki, Rusiya hadisələrə əks reaksiya vermir və daha da ruhlanıb Sarkisyanı devirdi.
Hesab edirəm ki, Azərbaycan Ermənistandakı bu qarşıdurmadan istifadə edib öz torpaqlarını işğaldan azad etməlidir. Xatırlayırsınızsa, 1993-cü ildə Gəncədə hərbi qiyam baş verəndə ermənilər bundan istifadə edib Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı işğal etdilər. Azərbaycan isə işğal yox, öz halal torpaqlarını işğaldan azad etməlidir. Həmçinin, Rusiya ilə intensiv danışıqlar aparmalıdır. Əvvəla, ABŞ və Avropa Birliyi var gücü ilə çalışacaq ki, Türkiyə bu müharibəyə qarışmasın. Amma əvvəlki dövrlə müqayisədə Qərbin Türkiyəyə təsiri bir qədər məhduddur. Hazırda Türkiyənin Azərbaycanla münasibətləri daha möhkəmdir. İndi Türkiyə iqtisadi və hərbi baxımdan daha da güclüdür. Eyni zamanda, Azərbaycanın özü artıq kifayət qədər hərbi potensiala malikdir. Bütün bu güclərdən istifadə etməyin zamanı gəlib çatıb.
– Bəs, hazırda Azərbaycandakı daxili vəziyyəti necə qiymətləndirirsiniz?
– Baxın, Rusiyada, İranda və Türkiyədə valyuta ciddi dəyər itirməkdədir. Azərbaycanda manatın sabitliyi qorunub saxlanılır. Bu ciddi bir nailiyyətdir. Şükür ki, neftin qiyməti yüksək olaraq qalır. Amma bu bizi arxayın salmamlıdır. Bütün sahələrdə islahatlar dərinləşdirilməlidir. Xalqın öz iqtidarını dəstəkləməsi birbaşa sosial ədalətdən, qanunun aliliyinin təmin olunmasından keçir. Buna görə də xüsusən məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə yenidən baxılmalıdır. Bu günlərdə logistika mərkəzi yaradıldı, Prezident açılışda şəxsən iştirak etdi. Bu, istər daxili, istərsə də xarici bazar baxımından, ərzaq təminatı baxımından olduqca önəmli layihədir.Bəzən məhsulları saxlamaq mümkün olmadığına görə gedib xarici şirkətlərlə çox yüksək qiymətə müqavilə bağlayırlar, azərbaycanlı sahibkarın məhsulu isə əlində qalır. Sahibkar məhsulunu rahat şəkildə sata bilməlidir ki, onu əkib becərməkdə də maraqlı və həvəsli olsun. Bütün bu işlər kampaniya xarakteri daşımamalıdır. Sistemli şəkildə işlər aparılmalıdır. Bütün bu nöqsanlara baxmayaraq, artıq dövlətin əsasları qoyulub, yəni binanın beton sütunları qurulub, indi həmin tikilini təmir edib gözəlləşdirmək lazımdır.
– Zaman-zaman Azərbaycanla bağlı ciddi proseslər baş verir. Götürək elə Xəzərin statusu ilə bağlı Konvensiyanı. Amma ənənəvi müxalifət bu hadisələrə çevik reaksiya göstərmir. Sanki özlərinin ayrıca gündəmləri var və Azərbaycanın problemləri onlara yaddır.
– Təəssüf ki, müxalifətçilyi hərə bir cür başa düşür. Ənənəvi müxalifət düşünür ki, istənilən vaxt hər hansı bir dövlət və ya qruplaşma Azərbaycana təzyiq etmək istəsə, dərhal pioner kimi əlini qaldırıb “mən hazıram” deməklə önə atılmalıdır. Hakimiyyəti devirmək istəyirlərsə, mütləq sən orada rol almalısan və prosesdə iştirak etməlisən. Fikirləşirlər ki, müxalifət hər an hakimiyyətin kürəyinə bıçaq endirməyə hazır olmalıdır. Normal düşüncə isə budur ki, müxalifət iqtidarın səhvlərini vaxtında deməli və göstərməlidir. Xalq da baxır görür ki, filan partiya problemi doğru bir şəkildə qaldırdı və həll yolunu göstərdi. Konstitusion müddət var, o müddət ərzində ölkədəki sabitliyin qorunmasına müxalifət də məsuliyyət daşıyır. Bəli, müxalifət yeri gələndə hər hansı bir məsələ ilə bağlı etiraz mitinqləri keçirə bilər. Amma bu mitinq ölkəni siyasi böhran vəziyyətinə soxmamalı və sabitliyi pozmamalıdır. Təəssüf ki, bizdə tam əksinədir. Məsələn, “Milli Şura” yaradılanda, bilə-bilə ki, bu Rusiyanın layihəsidir, ənənəvi müxalifət dərhal gedib ora qoşuldu.
Hər halda, biz uzun illər totalitar bir imperiyanın tərkibində olmuşuq. Müəyyən vərdişlərin, ənənələrin formalaşması üçün zaman lazımdır. Bu proses artıq gedir. İnkişafın qarşısını almaq mümkün deyil. Əminəm ki, zamanı çatdıqda bizdə də bu gün həlli çətin görünən problemlər aradan qalxacaq.
Elgün MƏNSİMOV
AzNews.az
araz.az xəbər portalı.