Əbil HƏSƏN
Səfiyar kişinin evi kəndimizin gediş-gəlişi lap gur olan yerindəydi. Zəhmətkeş bir kişiydi. Tövləsi, mal-qarası… vardı.
Bir gün, o da, dövrün tələbləri çərçivəsindəki bir imkandan faydalanmaq eşqinə düşdü. Böyük ailəsini daha yaxşı dolandırmaq üçün, həyətində balaca bir dükan açmaq istədi. Dükanın tikintisinə başlamazdan öncə, bunun üçün aidiyyatı idarələrdən tələb olunan lazımı sənədləri də alıb, bir yerə topladı. Dükanının heç bir maneə ilə üzləşməyən tikintisi uğurla başa çatdı. Balaca olsa da, dükanın yaraşığına, bəzək-düzəyinə söz ola bilməzdi. Bundan daha da ruhlanan Səfiyar kişi, kəndçilərin gündəlik tələblərinə uyğun, dükanını lazım olan mallarla da doldurdu. Elə, yavaş-yavaş alverə girişmişdi ki, “uçastkovı” Ramiz hövləng özünü yetirib, başının üstünü kəsdirdi. Dükan sahibinə ənənəvi polis “xeyir-dua”sı verərək, əlini-əlinə sürtməyə başladı:
– Ağsaqqal, bəs, məni niyə görmürsən?
– Səni niyə görməliyəm ki?! Kim lazım idisə, onları görmüşəm. Bütün sənədlərim qaydasındadır! – deyə, sanki bu deyimlə özünə bir rahatlıq tapdı.
Nə isə, uçastkovı çox dedi, dükançı az eşitdi, şirinlik ortaya qoyulmadı ki, qoyulmadı. Biçarə dükançı hardan biləydi ki, etdiyi bu “hörmətsizlik” müqabilində onu nələr gözləyir?!
“Uçastkovı” Ramiz isə, belə inadkar kişıləri planlaşdırdığı cürbəcür ağlagəlməz oyunlarla “öz bayrağı altından keçirib”, sındırmağı bacarırdı…
…Bir neçə gündən sonra, səhər açılmamış Səfiyar kişi mal tövləsinə gedəndə, həyacandan şoka düşdü. Tövlədəki inəklərindən birini axura bağlı görməyəndə, az qaldı ki, havalansın. Gecənin qaranlığında zavallının inəyini oğurlamışdılar. Səfiyar kişi tələsik polis şöbəsinə üz tutdu. Sahə müvəkkilini axtarıb, tapdı və inəyinin oğurlanması xəbərini ona çatdırdı. Ramiz ağsaqqala şikayət ərizəsi yazmamağı məsləhət gördü:.
– Mən sənin inəyini tapacam, ərizəsiz-filansız! İnəyinin nə qədər qiyməti olardı?
Səfiyar kişi inəyinin təxmini qiymətini dedi. Sahə müvəkkili onu tam arxayın etdi ki, tezliklə inəyini tapıb, düz qapısına gətirəcək. Onlar bu razılıq əsasında da, tam səmimi bir-birlərindən ayrıldılar. Bir neçə gündən sonra, Ramizin maşını Səfiyar kişinin dükanının qabağında dayandı. Maşından düşən “uçastkovı”, alverçilər qarışıq, dükan sahibinə də atəşin salam verib, içəridə lap yuxarı başa keçdi:
– Səfiyar kişi, inəyini oğurlayanları tapmışam. Onlar sənin inəyini satıblar. Mən pulunu alıb gətirmişəm, – deyə, cibindən xeyli pul çıxarıb, saymağa başladı. Pulu inək sahibinə verərkən, qəribə bir tərzdə gülümsədi də:
– Səfiyar kişi, bu sənin inəyinin pulu, götür!
Pulun üstündən əlli manat götürüb:
– Bu da sənin dükanın şirinliyi! – deyə, hırıldaya-hırıldaya 50-liyi cibinə basdı. Tezcə maşına oturub, dükandan uzaqlaşdı.
Bu yerdə Səfiyar kişini od götürdü :
– İndi mən elə inəyi haradan alacam?!. Bilsəydim belə olacaq, Ramizin əlli manatını onda verərdim! – deyə, kədər dolu bir narazılıqla heyfislənməyə başladı. Bu kədərli anında dükanında ona təsəlli verəcək bir alıcısı və ya qonşusu da yox idi. Başqa vaxtı, mırt vuran qonşuların və alver edən kəndçilərin əlindən balaca dükanında yer də tapılmazdı.
50-lik bir yana, elə bil, “uçastkovının” ayağı da ağır idi – dükana gələn də yox idi!..
araz.az xəbər portalı.