“Abşeron RİH-nin başçısı tərəfindən bu şəxsin adına belə bir sənəd verilsə də, hal-hazırda qeyd olunan ərazidə fərdi yaşayış evi deyil, məhz 8 mərtəbəli yaşayış binası inşa olunub”
Məlumdur ki, ötən ilyarım müddət ərzində Abşeron rayonu ərazisində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı ayrı-ayrı kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə istifadəçilərinin paylaşımlarında və s. bu gün də silsilə tənqidi məqalələr yayımlanır, baş verən həngamələrin mahiyyəti tam çılpaqlığı ilə geniş ictimaiyyətin diqqətinə çatdırılır.
araz.az Nyus.Az-a istinadən bildirir ki, bütün bunlara baxmayaraq, Abşeron RİH başçısının indiyədək həyata keçirilmiş, yaxud da keçirilməkdə olan qanunsuz tikinti maxinasiyası işləri, hələ də davam etməkdədir. Məsələn, yayımlanan məqalələrdə qeyd olunur ki, Abdin Fərzəliyev 19 yanvar 2022-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra, bu rayonda qanunsuz tikinti işləri geniş vüsət aldı və qiymətlər “kəllə-çarxa” qalxdı. Yəni, qanunsuz tikinti işləri ilə bağlı qiymətlər nə az, nə çox, düz iki dəfədən çox qaldırıldı. Məsələn, media üzərindən apardığımız araşdırmalardan, yerli sakinlər arasında dolaşan söz-söhbətlərdən və s. məlum olur ki, hazırda Abşeron rayonuna aid yaşayış məntəqələrində 50 kvadrat metrə qədər olan evlərin tikintisi üçün 2500 manat, 100 kvadrat metrə qədər olan evlərin tikintisi üçün 3000 min manat, ikimərtəbəli evlərin tikintisi üçün təqribən 4500 manat məbləğində “şirinlik” tələb olunur. Sənədsiz evlərin tikintisi ilə bağlı icazə işlərinə Abdin Fərzəliyevin “sağ əli” hesab olunan Nurlan adlı şəxsin məşğul olduğu bildirilir.
Onu da unutmaq olmaz ki, bir müddət bundan öncə qardaş Türkiyə Respublikasının Kahramanmaraş, Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa və digər şəhərlərində baş verən dağıdıcı zəlzələnin yaratdığı fəsadların varlığı, əksər vəzifə sahibləri kimi Abdin Fərzəliyevi də hərəkətə gətirdi. Yəni, çox keçmədi ki, bu şəxs Abşeron rayonu ərazisində inşaası həyata keçirilmiş, yaxud da inşaası həyata keçirilməkdə olan tikililərdə baş alıb gedən qanunsuzluqları ictimailəşdirən media qurumlarını susdurmağa çalışdı. Çünki, həmin qanunsuzluqların çoxu Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra baş verib ki, bu da onun böyük günah sahibi olduğunu ortaya qoyur. Məsələn, bu şəxs icra başçısı təyin olunduqdan sonra hündürmərtəbəli binaların üstündə əlavə mərtəbələr inşa olunur, mansarlar quraşdırılır, fərdi yaşayış evlərində müəyyən artırmalar həyata keçirilir və s. kimi addımlar atılır. Bütün bunları qarşılığında Abdin Fərzəliyev müəyyən addımlarını atır ki, indiki vaxtda özünü “sudan quru” çıxarmağa çalışsın. Amma, ümumi müşahidələr onu söyləməyə əsas verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı özünü sığortalamaq məqsədilə hansı addımını atırsa atsın, artıq onun idarəçiliyi “çat verir” və bu rayonda əksər sakinlərin haqlı narazılığı “pik nöqtə”yə çatır. Məsələn, adicə bir faktı qeyd edək ki, bir müddət bundan əvvəl ayrı-ayrı media qurumlarında və bəzi sosial şəbəkə istifadəçilərinin paylaşımlarında, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid-46 ünvanında qanunsuz inşa olunmuş yeddimərtəbəli bina haqda geniş ictimai müzakirələr aparılırdı. Düşündürücü hal odur ki, ilkin layihədə həmin binada üç mərtəbənin inşa olunması nəzərdə tutulsa da, daha sonra heç bir sənəd-sübut olmadan əlavə mərtəbələr inşa olunur, mansar tikilir, amma bu işlə bağlı heç bir dövlət qurumu hansısa tədbirini görmür. Bu məsələdə Abşeron Rayon İcra Hakimiyyəti Aparatı isə, sanki özünü “kar- kor” kimi aparır. Onu da bildirək ki, bu tikiliyə aid sənədlər qaydasında olmadığından, təqribən 2021-ci ildə tikinti işləri Abşeron RİH-nin sabiq başçısı tərəfindən tam şəkildə dayandırılır və sahibkara lazımi tövsiyyə və tapşırıqlar da verilir. Bəli, iki il bundan öncə sabiq icra başçısı tərəfindən belə bir addımın atılmasına baxmayaraq, Abdin Fərzəliyev isə, ortaya fərqli yanaşmasını qoyur və qeyd olunan binada qanunsuz tikinti işlərinin davam etdirilməsinə göz yumur. Yəqin ki, bütün bunlar hansısa maraqlar əsasında həllini tapır.
Bu günlərdə isə, Nyus.Az saytının redaksiyasına Abşeron rayonu, Xırdalan şəhər sakini Elçin Muradovun və digər şəxslərin təqdim etdikləri növbəti video-müraciət daxil olub. Sakinlər video-müraciətlərində qeyd edirlər ki, “Möhtərəm Prezident mediaya verdiyi açıqlamalarında dəfələrləi bəyan edib ki, Azərbaycan Respublikası ərazisində tarixi üsluba malik olan kəndlər, qəsəbələr, şəhərlər və s. dövlət tərəfindən qorunmalıdır. Ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqlara baxmayaraq, bir müddət bundan əvvəl Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin saxta icazə sənədi əsasında, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsindəki 4 nömrəli məktəbə bitişik ərazidə qeyri-qanuni tikinti işləri həyata keçirilib. Yəni, icra başçısı Nəsurullayev Murad Bilal oğlu adlı şəxsə, fərdi yaşayış evi tikməsinə icazə sənədi verir. RİH-nin başçısı tərəfindən bu şəxsin adına belə bir sənəd verilsə də, hal-hazırda qeyd olunan ərazidə fərdi yaşayış evi deyil, məhz 8 mərtəbəli yaşayış binası inşa olunub. Bu yöndə qol qoyulan qanunsuzluqlarla bağlı dəfələrlə aidiyyatı dövlət qurumlarına rəsmi qaydada şikayət ərizələri göndərsək də, göndərdiyimiz şikayət məktubları araşdırılması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilir. Bir sözlə, şikayətimizlə bağlı nə lazımi araşdırma işləri aparılır, nə də ki, bizi RİH Aparatına dəvət etmirlər. Onu da bildirək ki, inşa olunan həmin bina 4 nömrəli məktəbdən təqribən üç metr aralı məsafədə yerləşir. Bu həm məktəbin müəllim və şagird kollektivinin həyatı üçün, həm də yaxın ətrafda yaşayan sakinlərin həyatları üçün təhlükə deməkdir. Ona görə də həmin bina təcili sökülməlidir ki, təhlükə sovuşsun. Bu problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də şikayət ərizələri göndərmişik. Çox təəssüflər olsun ki, bu dövlət qurumundan da heç bir rəsmi cavab əldə edə bilmirik. Yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi şəxsləri bizə “Şikayət məktubunuza cavab verilib və araşdırılması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilib” deyə cavab verirlər. RİH-dən də heç bir cavab əldə etmək mümkün olmur”. Bəli, bütün bunlar onu sübut edir ki, Abdin Fərzəliyevin bugünkü idarəçiliyi bu xalqa, bu dövlətə, sadə vətəndaşlara xidmət etməyə deyil, yalnız və yalnız şəxsi maraqların həllinə xidmət edir. Belə bir səbəbdəndir ki, hal-hazırda Abşeron rayonu ərazisində problemlər aşıb-daşır, sakinlərin haqlı narazılığı “ pik nöqtə”yə çatır.
Bir məqama da diqqət yetirək ki, Abşeron rayonu ərazisindəki qanunsuz tikinti işlərinə göz yuman, açıq-aşkar şəkildə şərait yaradan, yeri gəldikdə əksər qanunsuzluqları örtbasdır etməyə çalışan dövlət qurumlarından biri də, Fövqəladə Hallar Nazirliyi və bu nazirliyə tabe olan qurumlardır. Çünki, əksər vaxtlarda bu Nazirliyin əməkdaşları onlara həvalə olunan vəzifə öhdəliklərini hansısa maraqlar əsasında yerinə yetirmirlər. Belə bir səbəbdən də, bəzi işbazların Abşeron RİH-i ilə düzüb-qoşduqları işbirliyi öz həllini tapır ki, bu da çoxsaylı qanunsuzluqların baş verməsinə yollar açır. O halda sual oluna bilər ki, cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi və dövlət büdcəsindən maliyyələşən bu nazirliyin fəaliyyətinə nə ad vermək olar? Bu yöndə baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Abşeron rayonu ərazisində inşaası həyata keçirilmiş, yaxud da həyata keçirilməkdə olan qanunsuz tikililərdə baş verən hər cür hoqqaların araxasında, hal-hazırda bu rayona rəhbərlik edən şəxs(lər)in, həmçinin Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının kəsişən maraqları əsas rol oynayır. O halda ortaya belə bir sual çıxır ki, görəsən qardaş Türkiyə Respublikasında baş verən dağıdıcı zəlzələ və bu zəlzələnin yaratdığı fəsadlar, Abşeron RİH-nin rəhbərliyində olan şəxslərə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ibrət dərsi olmadımı? Yoxsa, həmin şəxslər maddi maraqlarının təmin olunmasını hər şeydən üstün tuturlar? Bəlkə də, bu belədir?! Deməli, adı çəkilən bu dövlət qurumlarında çalışan, eyni zamanda səlahiyyət sahibi olan şəxsləri xalq-dövlət marağı yox, daha çox şəxsi maraqları düşündürür. Ona görə də həmin şəxslər, bu gün də belə bir addımlarını atırlar. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.