İranın düşmənləri cərgəsində İsrail, ABŞ və Səudiyyə Ərəbistanının olduğuna hamı çoxdan öyrəşib. Ancaq orada farslara ən yaxın ölkəni – Tacikistanı görmək təəccüblüdür. Taciklər və iranlılar bu dünyada hazırlıqsız bir-birlərinin dilini başa düşən yeganə qohumlardır. Bəli, onların sıx əməkdaşlığına təbii səbəblər (türkmən rejiminin çox qapalı olması, bir ölkəni digərindən ayıran dini fərqlər – şiə və sünnilik, müxtəlif əlifba – İranda ərəb, Tacikistanda kiril əlifbası) mane olur. Amma belə bir mürəkkəb şəraitdə belə iki ölkənin əməkdaşlığı hər ikisinə faydalı ola bilər. Əslində elə belə idi. Ta ki, Yaxın Şərqdə siyasi təsir sferası, İranın nüvə proqramı kimi tamam uzaq məsələlər iki ölkənin münasibətlərinə müdaxilə edənə kimi. Kiril Krivoşeyev “Karnegi Moskva Mərkəzi” üçün yazır.
Dostumun dostu mənim düşmənimdir
Ötən ilin avqust ayında Tacikistan televiziyası ilə Rusiyanın “Etirazın anatomiyası” filminin yerli analoqu yayımlanıb, hətta bir neçə dəfə təkrar efirə verilib. Respublikanın Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilmiş 45 dəqiqəlik filmdə əlləri qandalda olan üç kişi 1990-cı illərin sonunda terror aktı və sifarişli qətllər yerinə yetirdiklərindən danışıblar. Onların etirafına inansaq, onlar bunu Tacikistanda fəaliyyət göstərən müxalif İslam İntibah Partiyasının, daha da maraqlısı, İran hökumətinin sifarişi ilə ediblər. Filmdə iddia edilir ki, Tehran hökuməti hətta döyüşçülərə başqa ad altında İran pasportu verib. Qeyd edilib ki, islamçıların qurbanları arasında Rusiyanın 201-ci divizasiyasının hərbçiləri olub.
Cari ilin iyun ayında “Görünməmiş köklər” adlı daha bir film ekrana çıxıb. Bu filmdə İran artıq keçmiş pis əməllərdə deyil, gələcək pis əməllərdə – 2020-ci il Tacikistanda dövlət çevrilişi hazırlamaqda ittiham edilib. Bu, Moskva üçün elə də xoş vəziyyət deyil: problemli regiondan (Əfqanıstanla sərhəd) müttəfiq ölkə digər problemli regiondan (Yaxın Şərq) tərəfdaş ölkəni terrorizmdə ittiham edir. Ancaq onda bu, elə də mühüm təsir bağışlamırdı.
Əlbəttə, qonşu ölkənin hökumətini dövlət çevrilişinə hazırlıqda, terror aktları təşkil etməkdə ittiham etmək ciddi məsələdir. Lakin təbliğat təsiri baxımından elə gə güclü məsələ deyil, bunun çox vaxt daxili istehlak üçün nəzərdə tutulduğu bildirilir. Tamaşaçıya 20 il əvvəl baş vermiş hadisələr haqqında dolaşıq məlumat verib, ona tanış olmayan bir çox ad təqdim etməyin beynəlxalq rezonans doğuracağına ümid etmək olmaz. Üstəlik, xaricdə nəzəri dövlət çevrilişinə hazırlıqla çox az adamı təəccübləndirmək mümkündür.
İyulun sonu Tacikistanda həlak olan konkret qərb turistlərin (iki amerikalı, bir isveçrəli və bir holland) real qətlində İranı təqsirləndirmək isə tamam başqa məsələdir. Onlar əsl xəyalpərəst olublar – bəziləri velosipedlə Cənubi Afrika, Mərakeş, Şərqi Avropanı qət ediblər. Amma onların dünya səyahəti Tacikistan dağlarında – onları öldürmək üçün qəsdən hərəkət zolağına çıxan “Daewoo” sərnişin avtomobilinin tozlu təkərləri altında sona çatıb.
Ekspertlər insanları əzən avtomobildən istifadə etməklə həyata keçirilən hücumların İŞİD qruplaşmasının xarakterik imzası adlandırır. Oxşar hadisə Nitsada, Barselonada da baş vermişdi. Lakin Tacikistan hökuməti günahkar kimi başqalarının – həmin İslam İntibah Partiyasının və onun iranlı himayədarlarının adını çəkib.
Hərçənd turistlərin qətli daha çox diqqət cəlb edib, nəinki 90-cı illərin cinayətləri barədə dumanlı söhbətlər. Ona görə Düşənbenin İrana qarşı irəli sürdüyü ittihamlarda tezliklə ciddi uyğunsuzluqlar gözə çarpmağa başlayıb. Tacikistanın Daxili İşlər Nazirliyi hücumun saxlanılan yeganə iştirakçısı Hüseyn Əbdüsəmədovun İranda hazırlıq keçdiyini və İslam İntibah Partiyasının adından fəaliyyət göstərdiyini etiraf etdiyini bəyan etdikdən bir neçə saat sonra dünya mediasında belə bir xəbər yayılıb ki, İŞİD Tacikistandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Müstəntiqlər hücumda iştirak edən digər dörd nəfərin kimin əmri ilə fəaliyyət göstərdiyini müəyyənləşdirə bilməyib, belə ki, press-relizde bildirildiyi kimi, onlar saxlanılan zaman müqavimət göstərdikləri üçün məhv ediliblər.
Bir neçə saatdan sonra növbəti uyğunsuzluq meydana çıxıb: beş gənc döyüşçünün budağından İŞİD-in qara bayrağının asıldığı ağacın altında oturduğu video şəbəkəyə düşüb. Bəlkə də, başqa vəziyyətdə Tacikistan hökuməti “bunlar onlar deyil” deyə bilərdi, amma çox gec idi, belə ki, hücum iştirakçılarının – həbs edilən Əbdüsəmədovla, onun qətlə yetirilən dörd yoldaşının fotoşəkli artıq Daxili İşlər Nazirliyinin saytına yerləşdirilmişdi. Həmin şəkildəki insanların videodakı insanlar olduğu dəqiq görünürdü.
Bundan sonra bir neçə gün ərzində Tacikistanın dövlət mediasında ekvilibristika məntiqi üzrə çempionat başlayıb. Mümkün ekspertlərin köməyi ilə İŞİD və İslam İntibah Partiyası arasında əlaqə ideyası inkişaf etdirilib: guya nə fərqi var, terror aktını kim törədib, bütün islamçılar eynidir. Üstəlik, yeganə sağ qalan iştirakçı Hüseyn Əbdüsəmədin Özbəkistanda islam hərəkatına üzv olduğu üçün həbsdə yatan Bəxtiyar adlı qardaşı meydana çıxıb. Belə ki, həmin qruplaşma hələ 2014-cü ildə İŞİD-ə sadiq qalacağına and içib. Qardaşın biri İslam İntibah Partiyasında, digəri İŞİD-də – sıx əməkdaşlığa başqa nə sübut lazımdır?
Bəs onda niyə İran bir tərəfdən İslam İntibah Partiyasına kömək edir, digər tərəfdən Suriyada İŞİD ilə mübarizə aparır? Tacik politoloqlar bu suala hələ də aydınlıq gətirə bilməyib. Prokurorluq barışıq bəyanatı etməklə vəziyyəti xilas edib: İŞİD-in bayrağı əks olunan video İslam İntibah Partiyasından olan cinayətkar tərəfindən gözdən pərdə asmaq, istintaqı səhv istiqamətə yönəltmək üçün çəkilib. Belə olduğu təqdirdə tamamilə fərqli iki təşkilat arasında rəsmi səviyyədə əlaqə axtarmağa daha ehtiyac qalmayıb. Hərçənd ekspert səviyyəsində İran və Tacikistandakı İŞİD-i əlaqələndirmək cəhdləri davam edib.
Qeyri-simmetrik cavab
İranın belə ciddi ittihama reaksiyası ilk baxışdan yumşaq təsir bağışlayıb. Tehran terror aktına “əlaqəsi olması ilə bağlı” ittihamı “qəti şəkildə rədd etdiyini” bildirib, sonra Tacikistan səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Bu zaman Tacikistana cavab vermək üçün İranın kifayət qədər imkanı olub: məsələn, milli aviasiya şirkəti “Tajik Air” həftədə bir dəfə də olsa, Tehrana uçuş həyata keçirir. Təkcə bu il dövlət səviyyəsində əlaqələrin siyahısını təsirli adlandırmaq olar. Apreldə, yəni Düşənbenin sərt bəyanatlarından sonra İranın xarici işlər naziri Cavad Zərif sakitcəsinə prezident Emoməli Rəhmanla görüşüb, hətta “regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı” müzakirə edib. Başqa sözlə, Tehran-Düşənbe münasibətlərinin Ermənistan-Azərbaycan, hətta Rusiya-Ukrayna münasibətlərinin olduğu səviyyəyə çatmasına hələ çox var.
İranın mətbuatın ittihamlarına cavab vermək cəhdləri də nəzərə çarpmır. Axı nəzəri cəhətdən onlar xatırlada bilərdilər ki, “İŞİD-in müharibə naziri” Gülmurad Həlimov İranın deyil, Tacikistanın polisi olub. Amma Tehranın bir qədər fərqli, barışıq ritorikası var. Hətta İranın Xarici İşlər Nazirliyinin Tacikistanın səfirini çağırmaq haqqında məlumatında da Tehranın terror aktının araşdırılmasında yardıma hazır olduğu göstərilir. Aydındır ki, münasibətlərin soyuqlaşmasının təşəbbüskarları məhz taciklərdir. “Niyə” sualına Tehranda hamı demək olar eyni cür cavab verir: Bu, Tacikistana böyük investisiyalar edən Səudiyyə Ərəbistanınınn – İranın əsas düşməninin təsiridir.
Səudiyyə Ərəbistanı həqiqətən Tacikistana təsir göstərir. Buna əmin olmaq üçün səfir Əbdüləziz əl-Bədinin bu yaxınlarda Tacikistanın “Avesta” agentliyinə verdiyi müsahibəyə baxmaq kifayətdir. Səfir deyib ki, “Səudiyyə Ərəbistanı bəzi ölkələrdən deyil ki, üzdə tacik xalqına əbədi dostluq söz verir, eyni zamanda arxadan kürəyinə bıçaq zərbəsi endirir”. Və dərhal da “İranın Tacikistandakı şübhəli fəaliyyətini” nəzərdə tutduğuna dair açıqlama gətirib.
Həm Rusiya, həm İranda ekspertlər başqa səbəb də göstərir. Bunlar İranın nüfuzunu itirmiş biznesmeni Babak Zəncaninin pullarıdır. O, əvvəllər sanksiyalardan yan keçməklə İran neftinin ixracı ilə məşğul olsa da, indi dövlət büdcəsindən 2,7 milyard dollar vəsait oğurladığı üçün vətənində edam cəzasına məhkum edilib. Tehran hesab edir ki, Zəncani bu pulları tacik banklarından birində gizlədib; Düşənbe isə belə bir şey haqda heç nə eşitmədiyini deyir. Əgər Tehranın ittihamları hər hansı şəkildə özünü doğrultsa, onda Tacikistan üçün bu, böyük pullardır. Nəzərə alsaq ki, ötən il Tacikistanın dövlət xərcləri 2,1 milyard dollar təşkil edib, onda Zəncaninin gizli hesabı ölkə siyasətinə böyük təsir göstərə bilər. Əlbəttə, ticarət imkanını itirmək təəssüf doğurur, amma 2,7 milyard dollar Tacikistanın İranla 20 illik ticarət dövriyyəsinə bərabərdir.
Amerikanın təmkini
Moskvada Düşənbe-Tehran qarşıdurmasına rəsmi reaksiya verilmir. Tacikistanın məkrli İslam İntibah Partiyasının rusları da öldürdüyünə yöndəmsiz diqqət çəkmək cəhdlərinə baxmayaraq, bu, çətin ki, rus diplomatlarının ölkələrdən birinin tərəfini tutmağa məcbur etsin.
Digər tərəfdən, məhz indi, Amerikanın İrana qarşı yenidən sanksiya tətbiq etdiyi bir vaxtda onun ŞƏT-ə qoşulması xüsusi əhəmiyyət kəsb edir. Bunu həm Tehranda, həm Moskvada istəyirlər. Hərçənd təşkilatın Sindaoda keçirilən sonuncu sammitində Düşənbenin qəti mövqeyinə görə bu məsələ heç müzakirə edilməyib. Tacikistan-İran münasibətlərindəki dinamikanın neqativ olduğunu nəzərə alsaq, İranın bir-iki il sonra alyansa qoşula biləcəyinə ümid etməyə dəyməz. Tacikistan hökuməti əbəs yerə 2020-ci ildə İranın dövlət çevrilişi cəhdini anons etməyib ki?!
ABŞ-ın uzaq ölkədə vətəndaşlarının ölümünə reaksiyası daha maraqlı təsir bağışlayır. Əslində bu, səssiz qalmaqdır: düzdür, Dövlət Departamenti Tacikistanda terror təhlükəsi barədə xəbərdarlıq edib, amma vətəndaşlarının qətlində İŞİD-in təqsirkar olduğunu etiraf etməyib. “Şübhəsiz, İŞİD-in iki amerikalının həlak olduğu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü mesajı görmüşük, – Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert (Heather Nauert) iyulun 31-i keçirilən brifinqdə deyib. – Hələlik hücuma görə məsuliyyət daşıyanın adını söyləyə bilmirik. Amerika hökuməti araşdırmada Tacikistan hökumətinə yardım edir və daha çox məlumat əldə etdikdə, bu barədə xəbər verəcəyik”.
Həmin vaxtdan artıq iki həftə keçib, ancaq Vaşinqton heç bir təfərrüat açıqlamayıb. Ola bilsin, yaranmış vəziyyətdə ABŞ-ın səssiz qalması ən əlverişli hal hesab edilir. Axı, faciədə birtərəfli şəkildə İŞİD-i ittiham etmək İranın günahsız olduğunu göstərmək demək olardı. “Məkrli ayətulla rejiminə” qarşı sanksiyaların bərpa edildiyi bir vaxtda Amerikaya bu lazım deyil.
Beləliklə, Rusiya, ABŞ və digər böyük dövlətlər iki farsdilli ölkənin qarşıdurmasına hələlik sadəcə şahidlik edir. Hələlik bu qarşıdurma onların maraqlarına ciddi təhlükə kəsb etmir: bir çox cəhətdən ona görə ki, İran vəziyyətə çox təmkinli yanaşır, Düşənbenin isə beynəlxalq təsir vasitəsi ilə də çox deyil. Yeri gəlmişkən, sanksiya təzyiqi artdıqca Tehran təmkinliliyini sərtliklə əvəzləyə və Düşənbedən qisas almağın yolunu tapa bilər.
Bundan başqa, gec-tez üçüncü ölkələr də bu münaqişədə iştirakçıya çevrilə bilər. Məsələn, Düşənbe Bakını müttəfiqi etməyə cəhd göstərə bilər. Prezident Rəhman bu yaxınlarda ora səfər edib. Görüşün əsas mövzüsü tacik alüminiumunun Avropaya tranziti kimi iqtisadi məsələlər olub. Lakin nümayəndə heyətinin tərkibində xarici işlər və ticarət naziri ilə yanaşı, nədənsə baş prokuror da olub. Bu isə maraq doğurur. Xüsusilə nəzərə alsaq ki, bu yaxınlarda Azərbaycanda da İran mənfi cəhətdən diqqət çəkib. Guya Gəncə merinə sui-qəsd həyata keçirən Yunis Səfərov burada, daha dəqiq desək, şiələrin müqəddəs şəhəri Qumda hazırlıq keçib. Tacikistanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, əcnəbi turistləri avtomobillə vuran Hüseyn Əbdüsəmədov da dörd dəfə Qumda olub.
Mənbə: KARNEGİ MƏRKƏZİ
araz.az xəbər portalı.