![](https://araz.az/sekiller/2023/04/Без-названия-2.jpeg)
SSRİ dönəmində hərbi komissarlıqda çağırış vərəqələri yazıb göndərməklə məşğul olan bu şəxs, hal-hazırda büdcə vəsaitlərinin “altından girib üstündən çıxmaq”dadır
araz.az bildirir ki, bu ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyəti başçısının imzaladığı sərəncam əsasında, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Həsrət Əmrahov daşıdığı vəzifəsindən azad edildi və həmin vəzifənin icrası direktorun müavini Mirdamət Seyidova həvalə olundu. Bəlkə də çoxları belə bir təyinatın uğurlu olacağı haqda hansısa düşüncələrə dalırdı. Amma, həftələr, aylar keçdikcə bəlli oldu ki, Mirdamət Seyidovla bağlı verilən qərar, bəlkə də 21-ci əsrin ən uğursuz qərarlarından biri oldu. Belə bir səbəbdəndir ki, hal-hazırda bu quruma rəhbərlik edən Mirdamət Seyidovun yarıtmaz iş fəaliyyəti ilə bağlı, son vaxtlar ayrı-ayrı media qurumlarında silsilə tənqidi məqalələr yayımlanır, Yaşıllaşdırma Təsərrüfatı Birliyində baş verən hər cür həngamələrin mahiyyəti geniş ictimaiyyətin diqqətinə çatdırılır. Faktdır ki, bu gün də bu Birliyə aid problemlər aşıb-daşır, ayrı-ayrı işçilərdə rəhbərliyin səriştəsiz idarəçiliyinə qarşı kütləvi narazılıq hissi artmaqda davam edir. Belə ki, media üzərindən apardığımız araşdırmalardan, Qarabağ müharibəsi veteranı, həmçinin Mirdamət Seyidovun qol qoyduğu qanunsuzluqlara, haqsızlıqlara və s. qarşı çıxan Seyidov Məmməd Təvəkkül oğlu adlı şəxsin bəzi media qurumlarına verdiyi açıqlamalardan aydın olur ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəhbərlik edən bu şəxs, yenə də hər cür hoqqalardan çıxır. Məsələn, Mirdamət Seyidov vəzifəsinin icraasına başladıqdan az sonra o, qeyri-ixtisas sahibi olan, həmçinin yaşıllaşdırma işlərindən, ağacdan, gül kollarından heç bir anlayışı olmayan neçə-neçə şəxsləri, o cümlədən Əli adlı şəxsi də rəhbərlik etdiyi Birlikdə işə götürür. Bundan əlavə, Mirdamət Seyidov ilk günlərdən başlayaraq vəzifə səlahiyyətindən sui-istifadə edir və o, idarənin ştat cədvəlində olan işçilərdən, sahə rəislərindən işdən çıxmaq haqda ərizə alır. Hətta o, bu yöndə atdığı addımı hüquqi cəhətdən əsaslandırmağa da çalışır. O halda sual oluna bilər ki, görəsən Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəhbərlik edən bu şəxsin atdığı addım qanunauyğun addımdır? Əsla yox! Çünki, Əmək Məcəlləsinin heç bir bəndində bu şəxsin düşünüb atdığı addımla bağlı nəsə yazılmayıb, nəsə qeyd olunmayıb. Deməli, ƏM-də belə bir hal yoxdursa, Mirdamət Seyidovun atdığı addımlar işçilərə qarşı təzyiq forması kimi qiymətləndirilməlidir.
Bundan əlavə, media üzərindən apardığımız başqa bir araşdırmalar zamanı o da məlum oldu ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəhbərlik edən, ixtisasca pedaqoq olan, hal-hazırda 70 yaş həddinə çatan, SSRİ dönəmində hərbi komissarlıqda çağırış vərəqələri yazıb göndərməklə məşğul olan Mirdamət Seyidov, bu gün də büdcə vəsaitlərinin “altından girib üstündən çıxmaq”dadır. Belə ki, bu şəxsə ən yaxşı gəlir gətirən iş “qazon” sahələrinin yeniləməsi işi olur ki, bu zaman çox böyük məbləğdə israfçılığa yol verilir. Məsələn, bir müddət bundan öncə ulu öndər Heydər Əliyevin adını daşıyan sarayın ətrafındakı “qazon” sahəsi yenisi ilə əvəzlənir. Yəni, heç bir əsas olmadan həmin ərazilərə yenidən yaşıllıq döşənir və bu da külli miqdarda büdcə vəsaitlərinin talanması demək olur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9 bəndində qeyd olunub ki, ölkəmizin ərazisində fəaliyyət göstərən idarələrdə, təşkilatlarda, müəssisələrdə, digər dövlət və qeyri-dövlət qurumlarında şəhid ailəsi üzvlərinin, Qarabağ veteranlarının, qazilərin işlə təminatlarında onlara üstünlük verilməlidir.Təəccüb və təəssüf doğuran hal odur ki, Mirdamət Seyidov Nazirlər Kabinetinin bu yöndə qərarına məhəl belə qoymur və öz maraqlarının təmin olunması yöndə addımlarını atır. Bununla da o, qeyd olunan kateqoriyadan olan insanlara, ələlxüsus Qarabağ müharibəsi veteranı Məmməd Seyidova qarşı olduqca haqsızlıq edir. Unutmaq olmaz ki, bugünkü Əmək Məcəlləsinin 10.1.1 maddəsinin tələblərinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan şəxslər üçün son yaş həddi 65 müəyyən olunub. Bundan başqa, Əmək Məcəlləsinin 10.1.2-ci maddəsində qeyd olunub ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə, təşkilatlarda və s. çalışan şəxs 65 yaş həddinə çatdıqda, işçinin qeyd olunan müəssisədə çalışma müddəti, müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Əgər həmin şəxsin çalışdığı müəssisədə işləməsinə ciddi ehtiyac varsa, o halda müqavilə əsasında uzadılma müddəti 5 il ola bilər. Amma, həmin şəxs heç bir halda çalışdığı müəssisəyə rəhbər təyin oluna bilməz. Bugünkü Əmək Məcəlləsində bütün bunlar açıq şəkildə göstərilsə də, Mirdamət Seyidov isə 70 yaş həddinə çatsa da, o, bir müddət bundan öncə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor əvəzi təyin olunur. Əslində belə bir təyinatın verilməsi, Əmək Məcəlləsinin tələblərinə, hüququn aliliyinə tüpürməkdən başqa bir şey deyil.
Müxtəlif mənbələrdən əldə etdiyimiz şifahi məlumatlara görə, Mirdamət Seyidov bugünkü idarəçiliyini, sanki sovet dövrünün qaydaları əsasında həyata keçirməyə çalışır. Məsələn, bu şəxs bəlkə də elə düşünür ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyini də hərbi komisarlıqlarda tətbiq olunan qaydalarla idarə etmək olar. Deyəsən, bu şəxs düşünmür ki, hal-hazırda rəhbərlik etdiyi sahə hərbi komissarlıq deyil, məhz yaşıllaşdırma işi ilə məşğul olan dövlət idarəsidir. Bəli, bu şəxsin belə bir düşüncəsinin nəticəsidir ki, hal-hazırda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ayrılan büdcə vəsaitləri tarmar olunur, lazımsız hallarda “qazon” sahələri dağıdılır və onların əvəzinə yeniləri əkilir, Birliyə aid nəqliyyat vasitələrinə əlavə yanacaq yazılır, detallar alınır, bəzi işçilər işə çıxmasa da, onların adlarına əmək haqları yazılaraq ələ keçirilir, gül kollarının alınması və əkilməsi zamanı minbir fırıldaq əməllərinə qol qoyulur. Bir sözlə, bu Birlikdə dövlət vəsaitlərinin israf olunması işləri tüğyan edir. Qeyd edək ki, Mirdamət Seyidovun belə bir addımlarının qarşısı alınmazsa, yəqin ki, yaxın vaxtlarda Yaşıllaşdırma Təsərrüfatı Birliyi “Şamaxı batan kimi batacaq”. Bu gün nə etmək, hansı addımı atmaq lazımdır, yalnız və yalnız 70 yaş həddinə çatan bu şəxsin iştahasını cilovlamaq lazımdır. Bəlkə o halda bu Birliyi düçar olduğu “ölüm burulğanı”ndan xilas etmək olar. İnanırıq ki, bu məqalənin yayımlanmasından sonra Bakı ŞİH-nin başçısı Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəhbərlik edən Mirdamət Seyidovla bağlı lazımi tədbirlərini görəcək və 70 yaş həddinə çatan bu şəxsə “dur” deyəcək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir. Bizi izləyin.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.