Hər il ölkəmizdə 28 Aprel Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın doğum günü kimi qeyd edilir.

Bu il, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bərabər, Zərifə xanımın da 100 illik yubileyini qeyd edirik. Akademik Zərifə xanım Əliyeva respublikamızda oftalmologiya elminin inkişafına mühüm töhfələr verib, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni həkimlər nəslinin yetişməsində müstəsna xidmətlərə malik olub, xeyirxah və humanist əməllərlə yaddaşlarda unudulmaz xatirələrlə qalıb.

YAP Nəsimi Rayon Təşkilatı tərəfindən, ənənəvi olaraq, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Təşkilatdan araz.az-a daxil olan məlumata görə, silsilə tədbirlər çərçivəsində, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən, Zərifə xanım Əliyevanın doğum günü münasibəti ilə, rayon təşkilatının qərargahında qanvermə aksiyası keçirilib. Aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələr, ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər.

Məlumatda bildirilir ki, YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov belə xeyirxah aksiyada təmənnasız iştirak etdiklərinə görə, partiya fəallarına minnətdarlığını çatdırıb: “Şükürlər olsun ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, xalqımız öz milli dəyərlərinə qovuşdu. Məhz buna görədir ki, bu gün ölkə vətəndaşları heç bir təmənna güdmədən, könüllü şəkildə belə xeyirxah aksiyalarda iştirak edirlər”.

Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva da, nəcib bir missiyaya qoşulduqları üçün, aksiya iştirakçılarına öz təşəkkürünü çatdırıb.

Məlumatda o da qeyd edilib ki, bu nəcib aksiyada 150 nəfərdən çox partiya fəalı iştirak edib.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.