Aydın Canıyev
REMARKA: Anamı məndən bir anın içində aldılar. Apardılar palataya. İndicə yanımda ağrılarına şərik olduğum anam analizlərdən sonra həmən… yatağa uzadılmışdı və mənə icazə vermədilər onunla görüşməyə. Telefon olmasaydı, ürəyim dayanardı! Çünki anamı əlimdən bir anın içində alıb palataya uzadanda, əlim ona çatmayanda, sifətinə ənlik-kirşan olan ağrılarına baxmaqdan məhrum olanda (mən o ağrılara baxışımla sığal çəkib əzabını azalda bildiyimi zənn edirdim), içimdə ağrılar başladı!
Anam palatadakı yatağında ağrılarıyla çəkişərkən, onun ağrılarına şərikliyə davam etməliykən, məsləhət belə oldu ki, bundan sonrasına Məsləhət həkim cavabdehlik daşısın!
Məsləhət həkim təkcə həkim deyildi o anda, o həm də mənim anamın oğluydu! Ağrılarının üstünə qışqıran, canından qovan, zəifləyən ürəyinə təpər verən, sabah da, biri gün də, o biri gün də, lap uzun illər sonra da yaşayacağına təsəlli verən yox, zamin duran qayğıkeş oğul!
Məsləhət həkim həm də bunu bacardı mükəmməl cərrahi əməliyyat aparmaqla yanaşı!
Və Məsləhət həkimdən gördüyüm bir də bu oldu ki, adam gərək arada anası ilə acıdil olsun, yoxsa ki, analar ağrılara dözməz! Ürəyi heydən düşən ananın müqaviməti çatmaz… ağrılara! Anaların ağrılarına hirslənməyi bacarmaq lazımdı.
Mənə anamı Allahın və Həkimin ümidinə qoymağı məsləhət bildilər! Ən məsləhətlisi də elə Məsləhət həkim idi.
Özüm küçəyə çıxanda hiss etdim ki…
Məsləhət həkimlə beş günlük tanışlıq və təmas mənə yenidən sevimli müəllimim Qulu Xəlilovun “Mən yaşamaq istəyirəm” kitabında yazdıqlarını xatırlatdı, yaşatdı.
Beş gün müddətində mən bircə dəfə də hirslənmədim, giley etmədim, 30 il jurnalistlik etdiyim dönəmdə heç vaxt həkimlərin əleyhinə yazı yazmadığımla qürurlandım, Azərbaycan səhiyyəsini yamanlamadım, höküməti işə qatmadım! Anladığım oydu ki, hər bir həkimin içində bir Məsləhət həkim var – sadəcə, xəstə-həkim münasibəti ilkinindən düzgün qurulmalıdı!
Məsləhət həkimin familiyasını, tərcümeyi-halını öyrənmək, onun fəaliyyətinə ənlik-kirşanla bəzək-düzək verib bəytərifi demək tibb bacısı üçün ampuladan məhlulu şprisə çəkmək nə qədər asandısa, mənim üçün də elə su içimi tək bir şeydi, fəqət mən ən böyük dəyəri, tərifi onda görürəm ki, deyim: ən məsləhətli həkim xəstələrimiz üçün elə öz həkimlərimizdi, sadəcə, nəzərə alaq ki, biz onlarla təması doğru quraq!
Doğrudur, mən özümü təqdim etmədim, “jurnalistəm, anamdı”,- deyib tumanı başıma çəkmədim. Məni nadir hallarda Lənkəranda görən dostlar “nə əcəb burdasan” soruşanda bircə kəlmə dedim: “anam xəstəxanalıqdı, ona görə gəlmişəm”.
Tanıyan-bilən hamı Məsləhət həkimi təriflədi, azından beş nəfər həmən zəng etdi, yanına getdi. Mənə xoş olan oydu ki, mənim bütün dostlarım anamın həkimini tanıyırdı və heç biri demirdi ki, kimə deyirsən ağız açaq, bir ondan başqa! Məqam budur: həkimi hamı tanıyır və rəğbət bəsləyir, həkimdən xahiş edə bilir, həkimə inanır, həkimə söz demək üçün yaxınlaşa bilir!
Bu, mənim Lənkəranda gördüyüm ilk gözəllik idi!
Mənə anamı Bakıya, digər müalicə müəssisələrinə, ayrı həkimlərə etibar etmək elə də problem deyildi, amma məni sevindirən həm də oydu ki, Lənkəranda anası xəstələnən yüzlərlə xəstə var və onların oğulları Aydın Canıyev deyil, onların oğullarının Aydın Canıyevin dostları kimi dostları yoxdu, ancaq o oğulların da problemi yoxdu: çünki orda Məsləhət həkim var, Pərviz həkim var, anama dəqiq diaqnoz qoyan, səmimi şəkildə “belə əməliyyatları mən etmirəm”,- deyən Zülfiyyə xanım var, dərdini-problemini ətraflı izah etməyə yanına qaçası Dadaş həkim var!
Xəstə dərdini danışmağa həkim tapırsa, onu dinləyən həkim varsa, onunla insan kimi danışan varsa, sağalır!
Lənkərandakı diaqnostika mərkəzində mən bunu gördüm, şahid oldum!
Həm də dostlar varsa: sənin ananı öz anası bilib özünü müalicə həkiminə çatdıran İlqar Ağayev kimi, İltifat Rəhimzadə kimi, uzun illər Moskvada yaşamasına və həkim işləməsinə baxmayaraq, vətənlə əlaqələri kəsməyib “o, bizim dostumuzdur, narahat olma, sadəcə, salamımı çatdır həkimə” deyən Müseyib Mirzəyev kimi, Yaşar İbrahimov, Tərlan Əbilov, Anar Yusifoğlu, Aqil Alışov, Əli Həziquliyev, Şəmşad Ağa, Elmidar Əliyev, üzrlü səbəblərdən adını çəkə bilmədiyim başqa əzizlər, amma hər gün azından bir dəfə zəng edib hal-əhval tutan fb və həyat dostları kimi! Üstəlik də bu yaşda sinif, əsgərlik, tələbə, iş yoldaşları özlərinə borc bilirmiş kimi arayırlarsa – əlbəttə ki, əgər xəbər tutublarsa!
Bax, yaşamı belə düzüb-qoşub dünyanın və təbiətin qəfil zərbələrini zərərsizləşdirməklə utandırmaq lazımdı!
Analarınızı (eləcə də atalarınızı, qardaşlarınızı, bacılarınızı, uşaqlarınızı, qohumlarınızı, bir sözlə, hamımızı) xilas etmək istəyirsinizsə, bunu edin: həkimlərlə dost olun, onlara rəğbət bəsləyin, yaxşı dostlar qazanın! Nə İrana, nə Türkiyəyə, nə Almaniyaya getməyə ehtiyac qalmaz – Allah bizə o qədər də sərt xəstəliklər göndərməyib! Bir-birimizi yola verə bilsək, xəstəlikləri, problemləri də yola salarıq üzü o yana!
Etiraf edək ki, biz hələ arzuladığımız ölkədə layiq olduğumuz dəyərlərlə yaşamırıq, qismətimizə bu dönəm düşüb, çalışaq ömrümüzü ağrılarsız keçirək!
İnandırım sizi, anamı reanimasiyadan çıxaranda həm həkimin, həm dostların diqqətindən, qayğısından necə işıqlandığını, eləcə də, dünyaya əlinin dalını yelləyib rahatlıqla ölümə belə hazır olduğunu görəndə sevindim: anam dünyadan dördəlli yapışıb qalmağa can atmırdı!
O, həkimdən də, dostlardan da, məndən də razı idi!
Sadəcə, anlamaq lazımdı ki, insanları ağrı ilə təkbaşına buraxmaq olmaz!
Bunun üçün isə gərəkəndə həkim, gərəkəndə dost olmaq yetər!
… Bu gün anam evdədi. Mən xəstəxanaya gedib gəldiyim günlərdə daha bir neçə həkim dost qazandım: Astaradan Əfsər Əliyevi (həm də əvvəldən fb-dən tanıyırdım: diqqətimi intellekti ilə xüsusi olaraq cəlb etmişdi) və Natiq Əliyevi (intellektinə, ədəbi düşüncəsinə, təfəkkürünə heyran qaldım), Lerikdən Pərviz həkimi (sadəliyi, insanlarla təması, davranış mədəniyyəti zövq verir, oğlunun imtahanda yüksək bal toplaması münasibəti ilə fürsətdən istifadə edib təbrik edirəm) – təsadüfən yemək süfrəsi arxasında məlum oldu ki, cəmi bir ay qabaq qardaşımı əməliyyat edib!
Mən yazını anama minnətdarlıqla bitirirəm: o mənə hər kəsin zəhmətinə, qayğısına, diqqətinə görə vaxtında təşəkkürlü olmağı öyrədib. Hətta xəstəliyiylə belə mənə dost qazandıran anama!
Təşəkkürlərin səbəbkarı, ünvanı isə Məsləhət Quliyevdir – Lənkəran diaqnostika mərkəzinin insan həkimi! Həm həkim kimi, həm də insan kimi göstərdiyi nümunə ilə görün neçə nəfərə minnətdarlıq, təşəkkür hissi yaratdı!
İnsanın xəstəliyi ola bilər, necə ki, peşəsi var! Amma insan düşüncəsində, davranışında xəstə olmamalıdı, xəstə insan olmamalıdı!
Xəstə insan olmayaq, xəstəliklərimizi sağaltmağa o qədər həkim var ki!!!
YAZIYA SÖZARDI: Ürək sevmək üçündü!
Ürəyi ancaq və ancaq analar üçün saxlamaq lazımdı, analarda saxlamaq lazımdı! Ürəyi analarında qalan oğullar ağlamaz. Analar ağrımaz… əgər oğullarının ürəyi anaların saxlancındadısa!
Bir yoxlayın!
Şahid olacağınız daha çox şeylər var, elə olarsa!
Dünya utanacaq. Yüz faiz əmin olun! İstənilən ağrı aradan qaldırılacaq, istənilən xəstəliyə əlac tapılacaq. Ürəyi analarında olan oğulların anaları övladlarının göz yaşları axmasın deyə, ölməyəcəklər. Ta o ana qədər ki, artıq anlayacaqsan: sənin özünün dünyayla vida mərhələndi! Anlayacaqsan ki, ayrılq sanki bir əsgərlik misalı, sanki bir tələbəlik dönəmi, sanki bir ezamiyyət mərhələsi. Bəzən ayrılıq qovuşmaq üçün çox zəruri olur ki, yenidən bir yerdə, birgə olasan. Bu qaçhaqaç, qovhaqov dünyanın mizanında pərsəngi düzəltməyi də bacarmaq lazımdı!
Onda ömür şərəflə sonlanır!
Miq.Az
araz.az xəbər portalı.