“Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin Milli Debat Proqramının və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK-in) hərtərəfli dəstəkləri,
BDU-nun və Azərbaycan Memarlıq və İnşaat Universitetinin debat klublarının yüksək səviyyədə təşkilatçılıqları ilə, aprelin 15-də, “Gəl qaytar cavanlığımı” adlı debat klublararası dostluq turnirinin final və bağlanış mərasimləri keçirilib. Bu barədə, DVC-dən araz.az-a verilən məlumatda bildirilir ki, Bakı Dövlət Universitetinin ev sahibliyi etdiyi bu tədbirdə Milli Məclisin deputatları Jalə Əhmədova və Naqif Həmzəyev, BDU-nun Hümanitar Məsələlər və Gənclər Siyasəti Şöbəsinin müdiri Ramin Səmədov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, qonaqlar və debatçılar iştirak ediblər. Olduqca maraqlı təsir bağışlayan bu səmərəli tədbir çərçivəsində, turnirin final mərhələsinə vəsiqə qazanan “Yarı Zarafat” və “Etiraz” komandaları arasında debat da aparılıb.
Verilən məlumatda o da qeyd olunur ki, bu turnirin qrup və seçmə mərhələləri avqust ayının 8-i və 9-unda keçirilib. “Təhsil və səhiyyə xidmətləri hər kəsə ödənişsiz göstərilməlidir” mövzusunda keçirilən bu debatların, azərbaycan və rus bölmələri üzrə, ümumilikdə, 43 komanda, 150-dən çox gənc iştirakçıları olublar. Turnirin əsas qalibləri adlarına, təcrübəli debat hakimlərinin qəti qərarlarına əsasən, azərbaycan bölməsi üzrə “Etiraz” (Xəyal Hüseynli, Zeynəb Həsənova, Cahangir Yusifov), rus bölməsi üzrə isə, “Şuşanın dağları” (Nigar Orucova, İradə Hacıyeva, Nərmin Kazım) komandaları layiq görülüblər.
Turnirin azərbaycan bölməsi üzrə ən yaxşı natiqi İlazə Cavadova, ən yaxşı məşqçisi Səyyad Məmmədsalahov, ən yaxşı hakimi Toğrul Kazımlı, rus bölməsi üzrə isə, ən yaxşı natiq Nərmin Kazım, ən yaxşı məşqçi Ülkər Rəsulzadə, ən yaxşı hakim Elşad Mahmudov olublar. Elə, bu tədbirin sonunda da, finalçı və qalib gələn komandalar və ən yaxşı natiqlər qürurverici səviyyədə mükafatlandırılıblar.
Verilən məlumatın sonunda xüsusi olaraq o vurğulanır ki, keçirilən bu tədbir Layihəsində qarşıya qoyulan əsas məqsəd, ölkəmizin ən nüfuzlu iki ali təhsil ocağının — BDU-nun və AzMİU-nun debatçıları arasında əlaqələri getdikcə daha da gücləndirməkdən, debat mədəniyyətinin inkişafına və gənclərin natiqlik bacarıqlarının artırılmasına böyük töhfələr verməkdən ibarətdir.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.