Məcid Cavadi Araz: “Beynəlxalq təşkilatlardan Ermənistanı cəzalandırıb, beynəlxalq idman yarışları təşkil etməkdən məhrum etməsini təmin etməyi tələb etmək lazımdır”

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında baş verən qeyri-insani, vandalizm aktı bu ölkənin gerçək mahiyyətini bir daha dünyaya sübut etdi.

İrəvanın mərkəzindəki Karen Dəmirçiyan adına İdman Konsert Mərkəzində Azərbaycan bayrağının yandırılması hadisəsi yaşandı. Ardınca protokol qaydası olaraq idman salonunun tavanına qaldırılmış iştirakçı dövlətlərin bayraqlarının cərgəsində Azərbaycan və Türkiyə bayraqlarını cırıb yararsız vəziyyətə saldılar. Bu faktlar onu göstərir ki, beynəlxalq idman qurumları Ermənistanı beynəlxalq yarışlar keçirmək hüququndan məhrum etməsə daha dəhşətli təxribatlar baş verə bilər.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanda Türkiyə və Ermənistan milli komandalarının futbol matçında da ermənilər təxrubata yol veriblər. Stadionda erməni terror təşkilatlarının şüarlarını səsləndiriblər, antitürk çağırışlar ediblər.

Beynəlxalq idman qurumları Ermənistana qarşı hansı addımlar atmalıdır?

Ekspertlərə görə, beynəlxalq qurumlar Ermənistanın bundan sonra beynəlxalq yarışlar keçirməsinə qadağa qoymalıdır, çünki bu ölkədə xarici iştirakçıların təhlükəsizliyinin qorunması istiqamətində heç bir səy göstərilmir. Ermənistanın təhlükəli bir ölkə olduğunu deyən ekspertlər hesab edir ki, Azərbaycan bayrağı ilə bağlı yaşanan biabıçılıqlar Ermənistanın anti-insani sifətini ortaya çıxarır.

  • “…vandalizmini çatdırmaq mütləqdir ki, Ermənsitanın necə bir vandal, barbar, mədəniyyətdən, əxlaqdan uzaq bir dövlət olduğu bilinsin”

Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü, əslən Güney Azərbaycandan olan və hazırda Türkiyədə yaşayan Məcid Cavadi Araz “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda Azərbaycanın və Türkiyənin bayraqlarına böyük hörmətsizlik edildi: “Dünyanın gözü qarşısında Azərbaycanın bayrağı yandırıldı. Sonra Azərbayacanın və Türkiyənin bayraqları yırtıldı, o cür də asıldı. Bunlar hamısı idman mədəniyyətinə, əxlaqına tərs-mütənasibdir. Bunu uca səslə qınamaq lazımdır. Beynəlxalq ictimaiyyətə erməni vandalizmini çatdırmaq mütləqdir ki, Ermənsitanın necə bir vandal, barbar, mədəniyyətdən, əxlaqdan uzaq bir dövlət olduğu bilinsin. Bu hadisəni fərdi addım kimi dəyərləndirmək olmaz, bunun arxasında Ermənistanın dövlət orqanlarının proqramları və iradəsi dayandır. Bu biabırçılığı ən yüksək səviyyədə dünya ictimaiyyətinə, beynəlxalq idman qurumlarına çatdırmalıyıq. Beynəlxalq təşkilatlardan Ermənistanı cəzalandırıb onu beynəlxalq idman yarışları təşkil etməkdən məhrum etməsini təmin etməyi tələb etmək lazımdır. Ermənistanın bu əməlləri ilə  bağlı işlər görülərsə onu bəzi idman yarışları keçirməkdən kənarlaşdırmaq da mümkün olar. Hətta Ermənistanın bir daha belə tədbirlərə ev sahibliyi etməsinə mane olmaq da mümkünsüz deyil. Bu barədə iş aparmaq Güneyli-Quzeyli bütün azərbaycanlıların, bütün türk millətinin, özünü türk sayan hər kəsin vəzifəsidir ki, bu istiqamətdə aktiv fəaliyyətlərini yürütsünlər”.

Məcid bəy əlavə  etdi ki, xüsusən bu məsələdə güclü, koordinasiya olunmuş bir media kampaniyası aparılmalıdır, buna da hər kəs öz dəstəyini verməlidir.

İradə SARIYEVA

araz.az xəbər portalı.