Göyçay rayonunun Kürdşaban kəndindən olan Vətən Müharibəsi veteranı Rəşad Elbrus oğlu İbrahimov ölkə rəhbərliyinə ünvanladığı şikayət xarakterli yazılı və video-çıxış variantlarındakı Müraciətinin surətini, Facebook üzərindən bütün sosial şəbəkələrdə yaymaqla, media vasitələrinə də çatdıra bilib. İnternet vasitəsi ilə, araz.az-a da təqdim etdiyi həmin Müraciətində narazı veteran hər kəsdən xahiş edir ki, tez bir zamanda içtimailəşməsi üçün, şikayətinin hər iki variantını geniş internet auditoriyasına malik Facebook-da, öz fikirlərini bildirməklə bəyənib, paylaşmaqda onun yardımçısı olsun.

Müharibə veteranı Rəşad İbrahimovun nöqtəsinə, vergülünə toxunmadan dərc etdiyimiz həmin Müraciətində deyilir:

“Mən Göyçay rayonu Kürdşaban kənd sakini İbrahimov Rəşad Elbrus oğlu Vətən Müharibəsi veteranıyam. Ailəliyəm və üç qız övladım var. Müharibədən tərxis olunduğum vaxtdan bir neçə ay sonra, həyat yoldaşım, daha sonra isə, anam vəfat etdilər. Hazırda övladlarım mənim himayəmdədir. Özüm heç yerdə işləyə bilmirəm. Çünki müharibə zamanı döyüş avtomobilindən yıxılaraq, ağır zədə almışam. Belimdə disk yırtığı (qrija) var. Maddi imkanım olmadığına görə, əməliyyat elətdirə bilmirəm.

“Dərdimin dərmanı tapıldı!” — deyə, zənn edib, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin qəbuluna getdim. O, mənə köməklik göstərilməsi üçün, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədova göstəriş verdi. Halbuki, mənim səhhətimdəki problemin həlli Göyçay RMX-da həll olunsaydı, heç İcra başçısına ağız açmazdım. Əlbəttə, əməliyyatım rayon səviyyəsində deyil, paytaxt Bakıda həyata keçirə bilər və buna görə, 3800 (üç min səkkiz yüz) manat pul tələb olunur. Mən, icra başçısının mənə maddi dəstək olmayacağına əmin olduqdan sonra, video-müraciət edərək, ölkə rəhbəri cənab İlham Əliyevdən yardım istəmək qərarına gəldim. Ancaq yalnış münasibətlə qarşılanacağımı düşünmürdüm.

Belə ki, Göyçay Rayon İcra Hakimiyyətindəki Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin böyük məsləhətçisi Cavidan Yaqubov, 17.04.2023 il tarixində mənə zəng edib, özündən razı şəkildə, olduqca kobud və aqressiv tərzdə danışmağa başladı. Mənə: “Sən, “YouTube”-də video çəkib paylaşdığına görə, cənab başçı Natiq Ağayev, artıq, sənə əsla köməklik göstərməyəcəkdir. Get, kimə lazımdır şikayət elə, lap ürəyin istəyirsə, Ulu Öndərin məzarından yardım dilə. Bir sözlə, cənab başçısının yardımından əlini üz!”, — dedi. Yatar, yuxuma da girməzdi ki, icra başçısı belə bir söz deyər. Özü də, yeni təyin olunub.

Mən, mətbuat vasitəsilə, Ali Baş Komandan cənab İlham Əliyevə üzümü tutaraq, bildirmək istəyirəm ki, əsgərinə Göyçayda qiymət verən yoxdur. Rayonda bütün qapılar üzərimə bağlıdır. O qədər sıxıntılar çəkirəm ki, dərdimi dağlar qaldıra bilməz. Üç yetim uşağa baxmaq, üstəlik də, işsiz və eyni zamanda, xəstə vəziyyətdə hər şey çox çətindir. Neft və qaz ölkəsində qış fəslini odun yandırmaqla isinmişik. Uşaqlarıma qarın dolusu yavan çörək tapıb yedizdirəndə, həmin gün sevinirəm.

Sizdən çox xahiş edirəm, xərci 3800 (üç min səkkiz yüz) manat təşkil edən əməliyyatımın həyata keçirilməsinə köməklik göstərəsiniz! Əlaqə telefonum budur: 0 50 4854728

Ümid edirəm ki, cənab Prezident, Sizin göstərişinizlə, dərhal, şikayətim təmin ediləcək! Kömək üçün, öncədən Sizə təşəkkürümü də çatdırıram!”.

Müharibə veteranına kömək məqsədi ilə, araz.az xəbər portalı redaksiyası adından, bu yazını aidiyyatı dövlət qurumlarına da ünvanlayırıq. Ulu Tanrı darda qalan bu veteran vətəndaşımızın köməyi olsun!

https://www.facebook.com/100064827579261/videos/613268780660033/

Vaqif ƏHMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.