“Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə”.
araz.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Salyan rayonuna səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına müsahibəsində danışıb.
Prezident sözlərinə belə davam edib:
“Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.