O, vaxtilə, Almaniyadan Azərbaycana göndərdiyi bir TIR dolusu
maddi-tibbi yardımı,.. erməni əsgərlərə yüklətdirib

Doktor Hümbət Quliyev (Həsənoğlu) 1989-cu ildə çalışdığı Almaniyadakı Sovet hospitalından Azərbaycana, öz vəsaiti hesabına və alman dostlarının dəstəyi ilə, həmçinin erməni “əlləriylə” bir TIR dolusu — bir milyon dollarlıq maddi-tibbi yardım göndərib. Onun bu vətənpərvərlik təşəbbüsündən nə o zaman, nə də sonralar, heç indinin özündə belə, çoxlarının xəbəri olmayıb…

…Yalnız Sumqayıtda deyil, Azərbaycanın əksər regionlarında yaxşı tanınan, böyük hörmət-rəgbətə və nüfuza malik olan göz həkimi Hümbət Quliyev dünyanın 40-a yaxın ölkəsində olub, müxtəlif beynəlxalq tədbirlərdə, simpoziumlarda iştirak edib. Ancaq hara yolu düşübsə, “dövlət əhəmiyyətli bir yük”lə gedib, elə, həmin “yüklə” də, Ana Vətənə qayıdıb. Ancaq elə gedib-gəlib ki, heç bir ölkənin gömrükxanası o “yük”ə qadağa qoya, əlindən ala, müsadirə edə bilməyib. Çünki Hümbət Quliyev o “yük”ü hər yerə maşın, qatar, təyyarə baqajında yox, daha etibarlı yerdə — ürəyinin başında apara bilib, elə, ürəyində də, Azərbaycana qaytarıb. Ana Vətən üçün mühüm, hər zaman onun özü üçün önəmli olan həmin “YÜK”-ün adı Ana Vətən məhəbbəti, doğma Azərbaycan sevgisidir!

Həkim Hümbət Quliyev gənc, istedadlı bir göz həkimi kimi, 16 il doğma Vətəndən uzaqlarda rus və alman həmkarları ilə birgə işləyib, yüksək peşəkarlığı, dərin, ensiklopedik biliyi sayəsində ad-san qazanıb. Məhz bu səbəbdən ki, həmişə atasının tövsiyyələrinə əməl etməyə çalışıb: “Oğul, hansı sənətin, peşənin qulpundan yapışırsansa-yapış, mütləq sənətini sev və harda olursansa, ol, ancaq azərbaycanlı olduğunu, Vətənin adını uca tutmağı unutma!”. O, atasını sevindirmək, onun arzusuna əməl etmək üçün, elə, onun tövsiyyəsi ilə, həkim olmaq istəyib. Ona görə də, Sumqayıtın 17 saylı orta məktəbinin “gözü” sayılan Hümbət orta təhsilini əla qiymətlərlə başa vurub. Bundan sonra, qəbul imtahanlarından yüksək qiymətlərlə keçərək, əvvəlcə Azərbaycan Dövlət Tibb İnstitutunda, daha sonra isə, Saratov Tibb Universitetinin hərbi-tibb fakültəsində təhsil alaraq, göz həkimi ixtisasına yiyələnib. Yeganə azərbaycanlı olaraq, 6 il (1979-1985-ci illərdə) Moskva vilayətindəki Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında göz həkimi, sonralar isə, elə oradaca Baş həkim, Leninqrad Hərbi-Tibb Akademiyasının göz xəstəlikləri kafedrasında oftalmoloq kimi çalışıb.
İstedadı və geniş təcrübəsi, yüksək intellekti ilə diqqəti cəlb edən Hümbət həkim, 1987-ci ildə, Almaniyadakı Sovet qoşunlarının Hərbi Hospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsinə göndərilib. Orda da, 7 ilə yaxın səmərəli fəaliyyət göstərərək, dərin biliyi, yüksək peşəkarlığı və erudisiyası, insani keyfiyyətləri ilə, həm sovet hərbçilərinin, həm də həkim həmkarlarının böyük hörmət-rəğbətini və nüfuzunu, müalicə etdiyi yüzlərlə xəstənin dərin ehtiramını qazanıb.

***

Bəs, Almaniyadakı hərbi hospitalda ermənilərin Sumqayıta köməyi necə təşkil edilib?!.

Bu sualın cavabı olaraq, öncə onu qeyd edək ki, orda çalışdığı vaxtlar, artıq, Azərbaycandan Hümbət həkimi narahat edən həyəcanlı xəbərlər alınırdı — erməni daşnakları Qarabağ iddiası ilə təxribatlar törədir, kəndlərə silahlı hücumlar edirlər! Gənc və qeyrətli bir azərbaycanlı kimi, doğma Vətənində baş verən hadisələrə biganə qala bilməyən Hümbət həkimin təklifi ilə, həmin çaxnaşıqlı dönəmdə rus və alman dostları –həmkarları öz vəsaitləri hesabına xeyli dava-dərman, müxtəlif tibbi avadanlıq alaraq, 1988-ci ilin axırlarında, onları Sumqayıta göndərmək qərarına gəliblər. Bu humanitar, xeyirxah işdə, hospital rəhbərliyi də, öz köməkliyini əsirgəməyib. 10 — 15 gün ərzində, bir vaqon tutacaq qədər dava-dərman, tibbi avadanlıq toplanıb. Onları Azərbaycana göndərmək üçün, iri bir TIR maşını sifariş edilib. Lakin maşın hospitalın həyətinə daxil olanda, Hümbət həkim və dostları sanki həmin anda anlayıblar ki, o həcmdə dava-dərmanı TIR-a yığmaq onların işi deyil! Köməkçi fəhlə qüvvəsi çağırmaq isə, yaddan çıxıbmış. Belə olduqda, Hümbət həkim qısa müddətdə qazandığı yüksək hörmət-nüfuzdan, hospital rəisinin özünə olan xüsusi rəğbətindən istifadə edərək, ona gözlənilməz bir təklif etməli olur. Hospital rəisi azərbaycanlı həmkarının təklifindən əvvəlcə çaşqın halda qalsa da, sonra gülümsünərək, onunla razılaşıb. Və həmin günlərdə hospitalda müalicələri başa çatan 9 nəfər erməni əsgər, neçə gün ərzində toplanılaraq, qablaşdırılmış dava-dərmanın, Almaniya istehsalı olan müxtəlif tibbi avadanlığın Sumqayıta göndəriləcəyini bilmədən, bir-neçə saat ərzində, gecədən xeyli keçənədək onları həvəslə maşına yükləyiblər.
İşin “yaxşı getdiyini” görən hospital rəisi arada gülümsünərək, Hümbət həkimdən zarafatla soruşub ki, indi o ermənilər bilsələr ki, yüklədikləri dava-dərman hara gedir, nə edərlər?!. Hümbət həkim dərhal susmaq işarəsi ilə, əlini dodağına apararaq, deyib ki, ermənilər bundan duyuq düşsələr, ya maşına od vurub yandırarlar, ya da Sumqayıta “kömək” etdikləri üçün, öz qollarını kəsər, başlarını daşa-divara vurarlar.

…Həmin tibbi yardım Azərbaycandan xeyli uzaqda olan, lakin qəlbi daim Vətən həsrəti, Vətən sevgisi ilə döyünən gənc həkim Hümbət Quliyevin öz doğma xalqına, Sumqayıta göstərdiyi ilk sanballı humanitar yardım idi. O, belə xeyirxah işlərini, sonralar da, ürəkdən gələn xoş bir istəklə davam etdirib. Elə, belə vətənpərvərlik əməllərinə görədir ki, ona, ürəkdən gələn bu sözlərimi bir daha çatdırıram: “Var ol, Vətən qeyrətli, Vətən sevdalı doktor Hümbət Həsənoğlu! Böyük Yaradan, Ulu Tanrı səni qorusun!..”.

  Rəhman ORXAN.

araz.az xəbər portalı.