DUSTAQLAR VƏ AİLƏLƏRİ PENİTENSİAR XİDMƏTİN RÜŞVƏTXOR MƏMURLARINDAN ŞİKAYƏT EDİRLƏR
İqtisadi böhran cəzaçəkmə müəssisələriində məhkumluq həyatı yaşayan məhbusların da güzəranına mənfi təsir edib. Onların da bir çoxunun ailə üzvlərinin qazancdan əli üzüləni, işdən ixtisar edilənləri var. Bu səbəbdən evdən həbsxanalara gətirilən «peredaçalar» azalıb. Ən xoşagəlməz tendensiya isə budur ki, cəzaçəkmə müəssisələrinin özünə dövlət təminatının «qayçılanmasına» dair şikayətlər artmaqdadır. Söz yox, bu neqativ hal penitensiar müəssisələrin hesabatlarında, kağız üzərində əksini tapmır, amma…
9 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist, 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan Elçin İsmayıllı bu günlərdə Azərbaycan Respublikasının Prezidentinə ünvanlı məktubunu açıq dərc edilməsi üçün redaksiyamıza göndərmişdir.
Elçin İsmayıllı dövlət başçısına müraciətnaməsində 13 saylı CÇM-də məhkumlara verilən xörəyin olduqca keyfiyyətsiz və kalorisiz olduğunu bildirir:
«Burada Nazirlər Kabinetinin 25 sentyabr 2001-ci il tarixli 154 saylı qərarı ilə təsdiqlənmiş “Məhkumların yemək və maddi-məişət normaları”nda nəzərdə tutulan ərzaq mallarının heç biri lazımi miqdarda məhkumlara verilmir. Məhz qida çatışmazlığına görə müəssisədə 300-dən çox vərəmli xəstə və ya şübhəlisi var. Müəssisədə fəaliyyət göstərən tibb bölməsində ümumiyyətlə dava — dərman tapmaq olmur. Yalnız pulun olarsa, dərman təşkil oluna bilir. Müəssisənin rəhbərliyi və digər əməkdaşlar deyirlər ki, dövlət lazımi vacibatları müəssisəyə vermir…»
Elçin İsmayıllı penitensiar sistemdə həyata keçirildiyi deyilən uğurlu islahatların müsbət təsirinin 13 saylı CÇM-də hiss olunmadığını qeyd edir:
«Cənab Prezident, Siz dəfələrlə qeyd etmisiniz ki, Azərbaycan dünyanın qabaqcıl ölkələrindən biridir. Siz deyirsiniz ki, bütün sahələrdə olduğu kimi penitensiar sahədə də uğulu islahatlar aparırsınız. 10 fevral 2017-ci il tarixdə imzaladığınız «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Sərəncamınız da bu istiqamətdə atılmış əhəmiyyətlli addımlardandır. Ancaq çox təəssüf ki, bütün bunlar söz olaraq qalmaqdadır. Məgər XXI əsrdə, Azərbaycan kimi qüdrətli dövlətin pulu yoxmu ki, öz məhkumunu normal yedirtsin, su ilə, dərman preparatları ilə təmin etsin?»
Məhbus jurnalist cəza çəkdiyi müəssisəyə xüsusi yoxlama komissiyasının göndərilməsini dövlət başçısından xahiş etmişdir:
«Cənab Prezident, əgər xüsusi komissiya ayırıb göndərsəniz, buranın vəziyyətinin yaza bildiklərimdən daha acınacaqlı olduğu Sizə də aydın olar. Sizdən xahiş edirik ki, 13 saylı Cəzaçəkmə Müəssisəsinə qida baxımından köməklik edəsiniz. Çünki müəssisə rəhbərliyi açıq şəkildə etiraf edir ki, bu qeyd olunanları təmin etmək onların imkanları xaricindədir…»
Yeri gəlmişkən, dustaq olan bir başqa dostumuza baş çəkmək üçün biz də sözügedən müəssisəyə getmişdik. Müəssisənin məmurlarından «Nona» ləqəbi ilə tanınan Növrəstə xanım bizim dustaqla yaxın qohum olmadığımızı səbəb göstərərək, özümüzlə gətirdiyimiz ərzaq sovqatını əvvəlcə «içəri» buraxmadı. Düz üç saat ləngidəndən sonra nəhayət, 30 (otuz) manat rüşvət alıb istəyimizi yerinə yetirdi.
CÇM-nin həndəvərində intizarla əzizləri ilə görüşməyi gözləyən şəxslərdən bir neçəsi ilə söhbət etdik. Söhbət əsnasında jurnalist olduğumuzu bilən vətəndaşlar CÇM-nin rüşvətxor məmurlarından şikayətləndilər. Giley-güzarını ərizə formasında yazaraq bizə təqdim edənlər də oldu. Onlar da «Nona»dan gileyliydilər. Bildirdilər ki, Nona hətta heç şəhid ailələrinə də güzəşt eləmir, Maya adlı şəhid anasına deyib ki, «oğlun şəhid olub — özü üçün ölüb, mənə nə?»
Daha acınacaqlı məqam budur ki, həmin şəhid anası başqa nüfuzlu ictimai xadim tərəfindən də təhqir olunub. Bu barədə bir az sonra…
Yevlax şəhəri Hacıbəyov küçəsi ev 117 ünvanda yaşayan Əliyeva Bəsti Əhmədalı qızı ərizəsində bildirir ki, mən həyat yoldaşım Nağıyev Mübariz Nuru oğlu ilə yuxarıda göstərdiyim ünvanda yaşamışıq. Üç azyaşlı övladlarımız var. Həyat yoldaşı Nağıyev Mübariz Nuru oğlu jurnalist olaraq KİV-də çalışırmış. Özü işemik insult xəstəsidir. Üç azyaşlı uşaqları var. Yazır ki, həyat yoldaşı evin yeganə qazanc gətirəni idi. Hal-hazırda ailənin maddi durumu olduqca ağır vəziyyətdədir. Həyat yoldaşının həbsinin haqsız olduğu qənaətində olan B.Əliyeva ölkə Prezidentindən xahiş edir ki, həyat yoldaşına və ailəyə köməklik edilsin, qanunçuluğun və haqqın bərpa olunması təmin edilsin: «Nağıyev Mübariz Nuru oğlu jurnalist fəaliyyətini TV-də davam etdirirdi. Özünün həyata baxışları, fəal vətəndaşlıq mövqeyi, ədalətsizliyə qarşı kəskin mübarizəsi ilə bəzi qara qüvvələri çoxdan təlatümə salmışdı. Əlbəttə, adi vətəndaş olaraq müdafiə üçün hüquq-mühafizə orqanlarımıza dəfələrlə müraciət etmişdik. Amma çifayda…»
*
Qaradağ rayonunun Qobustan qəsəbəsi sakini İmanquliyeva Şükufə Heybət qızı Azərbaycan Respublikasının I vitse-Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı ərizədə göstərir:
Mən Sizə qayğıkeş və oğul həsrəti ilə yaşayan bir ana kimi müraciət edirəm. Bildirmə istəyirəm ki, övladım İmanquliyev Famil Fazil oğlu ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdi. 2017-ci ildə həbs olunub. Qeyd edim ki, Familin iki azyaşlı övladları var. Hal-hazırda isə ailəsi və övladları mənim himayəmdədir…»
Şükufə xanım da ailə vəziyyətinin ağır olmasının dövlət başçısı tərəfindən nəzərə alınacağına ümid edir.
İndi isə təhqirə məruz qalmış şəhid anası, I qrup Qarabağ əlili Orucova Maya Musa qızının şikayətini nəzərdən keçirək. 13 saylı CÇM-də penitensiar xidmət məmurlarının özbaşınalığından, rüşvətxorluqlarından narazı olan oğlu — peşə fəaliyyəti ilə bağlı həbs olunmuş jurnalist Arzu Həsən oğlu Orucovun şikayətini Milli Məclisin deputatı Çingiz Qənizadəyə çatdırmaq üçün Maya xanım iyul 2018-ci il tarixdə millət vəkilinin mobil telefonuna zəng vurub. Dediyinə görə, Məsələnin məğzini anlayan kimi Ç.Qənizadə onu təhqir edib və telefonu qapayıb.
Azadlıqdan məhrum edilmiş həmvətənlərimizə «Allah qapınızı açsın» deyirik. Ümid edirik ki, Ümummilli lider Heydər Əliyevin humanist siyasətinin davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev ölkədə məmur özbaşınalığına, korrupsiyaya qarşı elan etdiyi savaşı uğurla başa çatdıracaq, haqsızlıq üzündən çətin duruma düşmüş vətəndaşların da istəklərini nəzərə alıb onları əfv edəcək, o cümlədən, penitensiar xidmətdə cərəyan edən xoşagəlməz problemlərin yerində araşdırılması yolu ilə həllinə nail olacaqdır. Bu mübarizədə bütün tərəqqipərvər Azərbaycan vətəndaşlasrı kimi, biz jurnalistlər də cənab Prezidentin yanındayıq.azerinfo.az
araz.az xəbər portalı.