Ebil-Hesen0012.jpg                   

Əbil HƏSƏN

    Müəllim işləyən atamın aylıq məvacibi gündəlik çörəkpulumuza güclə çatırdı. Ailədə üç uşaq idik – məndən böyük olan qardaşım, bacım və mən. Onlar ali məktəbdə oxuyurdular. Mən isə, doqquzuncu sinifə gedirdim. Mənimlə eyni sinifdə bir imkanlı ailələdən İlqar adlı oğlan da oxuyurdu. Özünü çox sadə, gülərüz bir oğlan kimi tanıdan İlqar mənimlə dostluq edirdi. Amma atası həmişə bizim dostluğumuza mane olmağa çalışırdı. Dəfələrlə İlqara : “Özün səviyyəli uşaqlarla dostluq et. Bundan sənə dost olmaz!” – deyə, onu məndən ayırmağa çalışırdı.

İlqar ad günü qeyd etdiyi bir gün, bir qol saatı alaraq, onlara getdim.Qapının zəngini basdım. Tərslikdən qapını İlqarın atası açdı. Salam verib, içəri daxil olmaq istəsəm də, o, məni evlərinə buraxmadı.  

 -İlqar sənin tayın deyil, get tayını tap!                        

Atasının bu hərəkəti, uşaq olsaq da, hər ikimizə çox təsir etdi.  İlqar dəfələrlə məndən üzr istəsə də, ona yaxınlaşmır, həmişə ondan uzaq olmağa çalışırdım.

Bu hadisədən bir neçə ay keçmişdi. Yay tətili idi. Ailəməzə kömək etmək üçün, yaxınlıqdakı şadlıq evlərindən birində ofisiant işləyirdim. Həmin vaxtlar, gecədən xeyli keçmiş işdən evə gəlirdim. Maşın dayanacağının yanından keçərkən, qulağıma inilti səsi gəldi. Qaçaraq, səs gələn tərəfə gedəndə, bir kişinin huşsuz vəziyyətdə yerdə inildədiyini gördüm. Adamın üz-gözü qan içində idi, sifəti, demək olar ki, görünmürdü. Mən özümü itirmədim və cəld təcili tibbi yardıma zəng vuraraq, gördüklərimi danışdım, ünvanı dedim. Az keçmiş, bir təcili yardım maşını hadisə yerinə gəldi. Tibbi heyət məni də, xəstə ilə bərabər xəstəxanaya apardı. Al-qan içində olan kişini dərhal əməliyyat otağına apardılar. Xəsarət alanın yaxınları gələnə qədər, mən də gözləmək qərarına gəldim. Əməliyyat otağından çıxan həkim, xəstəyə təcili qan lazım olduğunu, lakin heç kimin qan qrupunun ona uyğun gəlmədiyini bildirdi. Mən dərhal şəxsiyyət vəsiqəmi həkimə təqdim edib, mənim də qanımı yoxlamasını xahiş etdim. Həkim qan qrupumu müəyyənləşdirib, təcili qan verməmi istədi. Otağa keçib, lazım olan miqdarda qan verdim. Bu vaxt bir nəfər tanımadığım şəxs mənə yaxınlaşdı və müstəniq olduğunu bildirdi. İzahatım alındıqdan sonra, səhərisi gün valideyinlərimlə polis şöbəsinə gəlməyimin vacib olduğunu bildirdi.

Evə səhərə yaxın gəldim. Yorğunluq və qanvermə nəticəsində başım gicəllənirdi. Özümü zorla çarpayının üstünə atdım və həmin an da yuxuya getdim. Günorta anamın səsi məni oyatdı:                 

— Gecə harda olmusan?Atanla səni polis şöbəsinə çağırırlar!      

Mən gecə başıma gələnləri valideyinlərimə danışdım. Onlar mənim hərəkətimdən razı qalmışdılar. Verdikləri tərbiyyəyə görə, qürurlandıqlarını üzlərindən oxumaq olurdu. Yemək yeyəndən sonra, atamla rayon polis şöbəsinə getdik.Yorğunluq və başgicəllənməsi özünü göstərirdi. Bizi dünənki müstəntiq qarşıladı və sorğu-suala tutdu. Məndən, gecə saat ikidə nə üçün küçədə olduğumu soruşdu. Mən şadlıq evində işlədiyimi, toy qurtardıqdan sonra, mərasim zalında səliqə- səhman yaradıb, evə getmək istədiyimi dedim. Müstəntiqin yerli-yersiz sualları bizi özümüzdən çıxartsa da, səbrli olmağa çalışırdıq. İş o yerə çatmışdı ki, az qalırdı, axşam etdiklərimə görə, peşimançılıq kecirim. Axı, mən cinayət etməmişdim, bir nəfərin həyatını xilas etmişdim. Hiss olunurdu ki, bizdən umacağı var. Uzun çək-çevirdən sonra bizi evə buraxaraq: “Çağıranda gələrsiniz,”-dedi. Biz evə gəldik. Bir neçə gündən sonra, həkimdən zəng gəldi. O, məndən xəstəxanaya gəlməyimi xahiş elədi. Xəstəxanaya getdim. Həkim: “- Belə olmaz xilaskar! Heç, gəlib xəstənin halını soruşmursan. Xəstə öz xilaskarını görmək istəyir, palatada səni gözləyir!” -dedi. Mən müstəntiqlə olan söhbətimizi ona danışdım. O, isə, mənə : “-Narahat olma, Qurban müəllimə deyərəm, yoluna qoyar,” -dedi. Ondan palatanın nömrəsini öyrənib, xəstənin yanına tələsdim. Palataya daxil olarkən, çarpayıda başı və üzü sarıqlı bir nəfərin uzandığını gördüm. İlqarla anası da burada idilər. Mən İlqardan burada nə etdiklərini soruşmaq istədikdə, çarpayıdakı şəxs xırıltılı səslə: “- Alə, sənə neçə dəfə demişəm ki, İlqara yaxınlaşma?! Adama sözü neçə dəfə deyərlər? – deyə, üstümə qışqırdı. Mən geri dönüb, palatadan çıxmaq istərkən, həkimlə toqquşdum. O, xəstəyə: “-Qurban müəllim, sizin xilaskarınız, baxın, bu yeniyetmə oğlandır. Hətta, o, öz qanını da sizdən əsirgəmədi.” – dedi. Palataya sükut çökdü. İlqar ayağa durub, yaxına gəldi. Məni qucaqlayıb, qürurla yanımda dayandı. O, sanki baxışlarıyla atasına: “Sən səhvsən!” – deyirdi. Atasını qəhər boğurdu. Qısa sükutdan sonra, Qurban müəllim ağlaya -ağlaya: “- Oğlum, məni bağışla. Mən səhv etmişəm, günahkaram” -dedi. İlqarla anasının gözü məndə idi. Mən Qurban əmiyə tərəf gedib, onun əlini əlimə götürdüm…

araz.az xəbər portalı.