Elcibey12

Türkiyənin Gazi Universiteti Tibb fakültəsinin professoru, Ankara Eyitim və Araşdırma xəstəxanasının 1999-cu ildə baş həkimi olmuş, Əbülfəz Elçibəyin müalicəsinə rəhbərlik etmiş Nüsret Akyürek ilk dəfə olaraq Əbülfəz Elçibəyin xəstəxanada son günləri, onun haqqqında zəhərlənmə iddiaları barədə BBC News Azərbaycancaya danışıb.

Onunla müsahibəni Ankarada jurnalist İlhamə Qasımlı telefonla aparıb.

Yazı ilk dəfə 23 avqust, 2012-ci ildə dərc edilib.

Elçibəyi öncədən təbii ki tanıyırdım – Azərbaycanın prezidenti olmuş bir şəxs kimi barəsində məlumatım var idi. Elçibəy xəstələnəndə Ankara xəstaxanasında baş həkim vəzifəsində işləyirdim.

Həmin vaxt Səhiyyə Nazirliyindən mənə zəng etdilər və bizim xəstəxanaya gətiriləcəyini bildirdilər. Bu məlumatdan sonra mən xəstəxanada hazırlıq işləri gördum.

Gətirilən vaxt xəstəliyi ilə bağlı çox şey bilmirdim. Təbii ki, önəmli şəxsiyyət olduğu ücün xüsusi hazırlıq görduk. Bir müddət sonra Ankara xəstəxanasına gətirildi. İlk saatlardan ictimaiyyətə geniş məlumat verməmək qərara alınmışdı.

Əvvəlcə ümumi müayinədən keçirilməsi və xəstəxanaya yatırılması barədə məlumatların yayılmaması barədə qərar verilmişdi. Cünki Elçibəyə görə xəstəxanaya həddən artıq intensiv maraq var idi.

Xəstəxana ziyarətçilərinə görə böyuk bir yük altında qalmışdı. Buna görə də ictimaiyyətə Elçibəyin kənarda qaldığı və xəstəxanaya umumi müayinə üçün gəldiyi barədə məlumat yaydıq.

Elçibəy xəstəxanamıza gələndə vəziyyəti çox pis idi. Yaxşı deyildi. Onun Azərbaycanda saxlandığı şərait və ona gostərilmiş münasibət barədə verilən məlumat məni çox məyus etmişdi.

Çünki Elçibəy dünya səviyyəsində bir siyasətçi, ölkə prezidenti olmuş bir şəxs idi. Xəstə vəziyyətində ona göstərilmiş munasibət insan haqlarına da, tibbi tələblərə də zidd idi.

Təsəvvür edin ki, onun kimi sidik yollarında ciddi problemi olan insan Bakıda tualeti çöldə olan bir evdə yaşayırdı. Mənə dedilər ki, sidiyə zondla gedirmiş.

Bu zondu da sağlıq tələblərinə zidd şəkildə ozu taxıb, özü çıxarırmış və hər zaman eyni zonddan istifadə edirmiş. Halbuki tibbi tələblərə görə, bir zondu ikinci dəfə istifadə etmək olmaz. Muasir dövrdə xəstənin belə bir şəraitdə saxlanılması insan haqlarına zidd hərəkətdir.

Xərçəng diaqnozu
Muayinələrdən sonra Elçibəyə prostat xərçəngi diaqnozu qoyuldu. Yaxınlarına bu barədə geniş məlumat vermədik. Sadəcə Səhiyyə Nazirliyi və dövlətin ən üst səviyyəli şəxslərinin məlumatı daxilində müalicə aparıldı.

Elçibəy Gülhanə Tibb Akademiyasında müalicə olunmaq istəmişdi.

Ümumi sağlıq sığortası ilə bağlı işlər aparıldıqdan sonra müalicə protokolu barədə məlumat tərtib edildi.

Elçibəy müalicələrin çoxunu qəti şəkildə qəbul etmədi. Çünki iki üsul var idi – biri cərrahi üsul, digəri isə dərmanla müalicə. Dedi ki, müalicənin əlavə təsirləri də var. “Mən xəstəliyimlə özüm mübarizə aparmaq istəyirəm”, dedi.

Halbuki onun xəstəliyi tibbin müasir imkanlari ilə çarəsiz deyildi. Biz düşünməsi üçün ona bir müddət verdik. 45 günə yaxın xəstəxanada onun vəziyyətini müşahidə altında saxladıq.

Bu müddətdə ictimaiyyətə geniş məlumat vermədik. Çünki doğrusu o dönəmdə Turkiyə-Azərbaycan münasibətlərinin həssas dövrü idi.

İnsanların kütləvi şəkildə Elçibəyə maraq göstərməsinə baxmayaraq, nə Prezident Heyder Əliyev, nə də onun Ankaradakı səfiri bir dəfə də olsa Elçibəyin vəziyyəti ilə maraqlanmadı.

Bir müddət sonra onu xəstəxanadan çıxardıq və otelə yerləşdirdik. Otelde bir sıra önəmli görüşlər keçirdi, jurnalistlərə müsahibələr verdi və Azərbaycana qayıtdı.

Azərbaycana qayıdandan sonra
Azərbaycana dönməsindən bir müddət sonra onun səhhətinin ağırlaşması ilə bağlı yenidən xəbər aldıq. Dedilər ki, Elçibəy yenə xəstələnib. Bu xəbəri aldıqdan sonra mən həkim heyəti yaradaraq Azərbaycana göndərdim.

Səhiyyə nazirliyimizin nəzarəti altında Elçibəy yenidən Türkiyəyə gətirildi. İndiyə qədər yadımdadır, oraya göndərdiyim həkim hönkür-hönkür ağlayırdı.

Deyirdi ki, Elçibəyi hava limanında yola salmağa gələn insanlar elə bir basabas salmışdı ki, rəhmətliyi təyyarəyə itələnərək, az qala didişdirilərək mindirdik.

Qısa müddətdə onu çox çətin vəziyyətdə Türkiyəyə gətirdilər. Hava limanında onu ambulansla xəstəxanaya çatdırdılar. Vəziyyəti bu dəfə daha da ağırlaşmışdı.

Xəstəliyinə çox təəssüf edirdi. Hər gün onun yanına çıxıb düşürdüm. Gündəlik 16-17 saat onunla keçirirdim.

Onun sağlıq durumu ilə bağlı yeni məlumat tərtib edib səhiyyə sisteminin üst səviyyəli şəxslərinə çatdırdım.

Bundan sonra fərqli müalicə üsulu tərtib olunsa da, Elçibəy yenə müalicəni qəbul etmədi və qəti şəkildə dedi ki, heç bir müalicəni qəbul etməyəcək.

Vəfat xəbəri
Onun qidalanma sistemi pozulduğu ucun ağır infeksiyaya da yoluxdu. Turk Silahlı Qüvvələrinin Gülhanə Tibb Akademiyasında (GATA) müalicə arzusunu bildirdi.

O dönəmdə onu GATA-ya köçürdük. Oraya köcürülsə də, onun yanında qalmağımı istəyirdi. Ona gorə hər gün səhər və axşam gedib onu ziyarət edirdim.

Sonra vəziyyətinin ağırlaşdığı barədə və səhər 6-6.30 radələrində vəfat etdiyi xəbərini aldım. O zamanın nəqliyyat naziri Enis Öksüzlə GATA-ya getdik. Elçibəyin çox sevdiyi və uzun illərdən bəri dostu olan Veli Küçük də xəstəxanaya gəlmişdi.

Məni ən çox kədərləndirən Elçibəyin xəstəliyi dönəmində Azərbaycan rəhbərlərindən heç kimin onunla maraqlanmaması idi. O, çox önəmli şəxsiyyət idi. Bir oğuz türkü idi bu adam.

Onun mənə danışdığı bir xatirəni xatırlayıram. Deyirdi, Surət Hüseynov məni devirdi. “İstəsəydim mən onu bir saatın içində məhv edərdim, amma mən qardaş qanı tökməyə izn vermədim.

Mənimçün dövlət başçılığı çox da önəmli deyil” – deyirdi Elçibəy. Surət Hüseynovun qətlə yetirilməsi qardaş qanı tökmək anlamına gələrdi. Bu, insan sevgisindən irəli gələn haldır.

Yeltsinlə insident
Elçibəy danışırdı ki, Rusiya balıqçıları ov üçün Azərbaycanın sahil sularını keçdiyi zaman Azərbaycan tərəfi onları həbs etmişdi. Rusiyanın o zamankı prezidenti Boris Yeltsin ona zəng edərək əmrlə o balıqçıların buraxılmasını tələb etmiş, Elçibəy isə onların Azərbaycan sərhəddini qanunsuz keçdiklərini deyərək telefonu onun üzünə qapatmışdı.

Yeltsin təkrar Elçibəyə zəng edib yenə əmr tonunda balıqçıların buraxılmasını tələb etdiyində ona demişdi ki, siz bir dövlətin, mən isə başqa bir müstəqil dövlətin başçısıyam. Siz mənimlə göstərişlə danışa bilməzsiniz.

Əgər siz Prezident Elçibəydən Prezident Yeltsin kimi yox, sadə insan Yeltsin kimi sadə insan Elçibəydən balıqçıların buraxılmasını xahiş etsəniz, o zaman mən sizinlə bu məsələni müzakirə edə bilərəm, deyib telefonu qapatmışdı.

“Yeltsin təkrar aradığında artıq bu dəfə mənimlə xahişlə danışdı və bu məsələyə baxılmasını xahiş etdik. Bununla da mən ona Azərbaycanın kölə bir ölkə deyil, müstəqil bir ölke olduğunu anlatmaq istədim və buna nail oldum” – deyirdi Elçibəy.

Azərbaycanın mustəqilliyi üçün yaşayan və çalışan bir insana dövlətin etinasizlığını mən anlaya bilmirdim.

Zəhərlənmə iddiaları
Mənim Bakıya göndərdiyim həkim Elçibəyin tualeti çöldə olan bir evdə yaşadığını və sidik zondunu özu taxıb-çixardığını dedi.

Bir zond bir dəfə istifadə olunmalı olduğu halda o, günlərlə eyni zondu istifadə edib! Bu onun Azərbaycanın sağlıq sistemindən faydalanmadiğını göstərən faktdir!

Onun Azərbaycanda yaşadığı şəraitdə nə ola biləcəyini deyə bilmərəm. Çünki cox şəraitsiz durumda yaşayırdı. Azərbaycanda məsələnin gizli tərəfləri barədə bir şey deyə bilmərəm.

Amma bizim xəstəxanada çox steril və təhlükəsiz şəraitdə saxlanılırdı. Bizdə yatdığı müddətdə təhlükəsizliyilə bağlı ən kiçik problem də yaşanmadı.

Ən üst səviyyədə mühafizəsi vardı. Amma Azərbaycanda nə olduğunu deyə bilmərəm.

Bizim xəstəxanaya gəldiyi zaman prostat xərçəngi, şəkər xəstəliyi, infeksiya yoluxmasi dioqnozu ilə gəlmişdi. Bizdə ona xidmət edən bütün personal xüsusi seçilmişdi.

Onun müalicə olunduğu servisə giriş-cıxış xüsusi nəzarətdə olub. Şəxsən mənim təsdiqlədiyim şəxslərin giriş-cıxışına izn verilirdi. GATA-da da belə bir təhlükənin olmadığına əminəm.

Müalicə xərcləri
Onun müalicəsinin ticari tərəfləri tamamilə Türkiyə dövlətinin və Ankara xəstəxanasının imkanları hesabına ödənmişdi. Azerbaycanın Ankaradakı səfiri Elçibəylə qətiyyən maraqlanmamışdı. Yalnız bir dəfə GATA-ya gedib məlumat almışdı.

Mən tarixi bir şahid olaraq söyləyə bilərəm ki, bunun xaricinde Azərbaycanın səlahiyyətli şəxslərinin maddi-mənəvi dəstəyini görmədim.

Müalicə ilə bağlı bütün məsrəflər Türkiyə dövlətinin – Səhiyyə Nazirliyinin Ankara xəstəxanasına verdiyi direktivlərlə və onu sevən dostlarının yardımı ilə qarşılanmışdı.

 

araz.az xəbər portalı.