1534867848_1.jpg

Bu gün Sizə həm ictimaiyyətin, həm də KİV-lərin diqqət mərkəzindən kənarda qalan Qazax rayonunun 30 ilə yaxındır erməni işğalı altında olan kəndləri barədə məlumat verəcəyik.

Yazıda işğal altında olan 7 kənd barədə ətraflı məlumatlar verməklə yanaşı, həmin kəndlərdən ilk dəfə olaraq foto görüntülər təqdim edəcəyik.

Belə ki, Qarabağın dağlıq hissəsi və onun ətrafındakı rayonlardan fərqli olaraq, Qazax rayonun işğal altında olan 7 kəndinin heç birinin adı çəkilmir. Təbii ki, bu məsələ o kəndlərin 7000-ə yaxın əhalisi ilə yanaşı bizi də dərindən narahat edir.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayaraq digər bölgələri də əhatə edib. Dağlıq Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən, artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı. Həmin dövrdə Sovet hökumətinin qərarına əsasən Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alındı. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qaldı. Rayonun milis şöbəsində cəmi 7 ədəd avtomat saxlanıldı ki, bu da güclü silahlarla təchiz edilən ermənilərin hücumlarının qarşısının alınmasını mümkünsüz edirdi. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaratdı.

 

Bağanis Ayrım – Coğaz çayının sahilindədir. Keçmiş adı Seyid Ayrımdır. Yaşayış məntəqəsi ayrımların seyidli qoluna mənsub ailələr keçmişdə mövcud olan Bağanis kəndi yaxınlığında salındığı üçün belə adlandırılıb. Seyidlilər 19 əsrin əvvəlində 108 ailədən ibarət tayfa olublar. Toponim “Bağanis kəndi yaxınlığındakı Ayrım kəndi” mənasında işlədilir.

Qazax rayonu Ermənistanla 168 km-lik sərhəd zolağına malikdir. Qarabağ müharibəsinin ilk günlərindən çox əvvəl döyüşlərə hazırlıq görən Ermənistan silahlı birləşmələri Qazax rayonunun həmsərhəd kəndlərində yaşayan dinc əhalini mütəmadi atəşə tutur, evləri yandırır, mal-qaranı tələf edir və ya oğurlayırdılar.

Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal etdi. Əli silahlı ermənilər keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə Bağanis Ayrım kəndinə soxuldular. Martın 24-ü səhər saatlarında isə kənd erməni silahlıları tərəfindən işğal olundu.

İşğal zamanı kəndin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməyən divan tutulub. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Sadəcə onu qeyd edək ki, faciə zamanı ermənilər Əliyevlər ailəsinin 39 günlük körpəsindən 79 yaşına qədər 5 üzvünü diri-diri yandıblar.

1990-cı ilin martında işğal olunan Bağanis Ayrım kəndinin sakinləri öz dogma yurd-yuvalarından didərgin düşdülər. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşıb.

 

Xeyrimli – Gəncə-Qazax düzənliyindədir. Keçmiş tam adı Dil Xeyrimlidir. Toponim deli xeyrimli tayfasının adından götürülüb.

1990-cı ilin martından 1992- ci illin martına qədər kiçik miqyaslı atışmalar olsa da, işğal hadisəsi baş vermədi. Lakin 1992-ci ilin martın 8- də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edildi. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli oldu.

Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başladı və 4 gün davam etdi. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq düşmənə qarşı bir nəfər kimi əliyalın da olsa döyüşdülər.

Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmiryolu xətti də ermənilər tərəfindən partladıldı. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra, aprelin 27-də işğal edildi. Ağır döyüşlərdə 7 nəfər kənd sakini şəhid olur, 3 nəfəri isə ağır yaralanır. Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılır.

“Sahədə öz mal-qarasını və qoyunlarını otaran iki nəfər kənd sakinini ermənilər güllə ilə vurdular. Onlardan biri 9-cu sinifdə oxuyurdu, o biri isə orta yaşlı bir kişi idi. Köhnə ov silahına sarılan kənd camaatı düşmənə layiqli müqavimət göstərirdi” – deyə o günləri yada salan Barxudarlı kənd sakini, Əhməd müəllim xatırlayır.

 

Barxudarlı – dağətəyi ərazidədir. Kəndi barxudarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanıb. Nəslin adı fars dilindəki bərxurdar – “arzusuna yetişən, xoşbəxt” sözündən əmələ gəlib.
Sofulu – yaşayış məntəqəsinin adı əvvəllər Zəngəzur və Qazax qəzalarında yaşayan kəngərlilərin sofulu tayfasının adı ilə bağlıdır.

Qeyd olunan işğallar Qazax rayonunda özünümüdafiə dəstələrinin formalaşmasına səbəb oldu. Rayon erməni işğalçıları ilə düyüşlərdə yüzlərlə yaralı və 263 nəfər şəhid verdi, çox sayda insan əlil oldu. 5 nəfər Qazax rayon sakini “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görüldü. Çətinliklərə baxmayaraq Ordumuzun əsgərləri düşmənin irəliləməsinin qarşısını aldılar. Düşmənlə yaxın təmasda olan bir çox kəndlərin əhalisi müqavimət göstərib öz dədə-baba yurdlarını tərk etmədilər.

Hazırda, əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olan işğal altındakı 7 kəndin 7 mindən çox əhalisi Qazax rayonu ərazisinin müxtəlif yerlərində məskunlaşıb və məcburi köçkün həyatı yaşayırlar.

Ermənilərin ərazilərimizə qarşı təcavüzü indi də davam edir. Sərhəd kəndlər yenə də daim atəşə tutulur. İyunun 15-də daha bir mülki vətəndaşımız Quşçu Ayrım kəndində erməni gülləsindən yaralandı.

 

Yuxarı Əskipara – dağətəyi ərazidədir. Keçmiş adı Əskiparadır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırıldı. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır.

Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılıb. Təkcə Yuxarı Əskipara kəndində V-VII əsrlərə aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrdə inşa edilən Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhərgah qalası və s. yerlə yeksan edilib. Digər işğal edilən kəndlərdə də belə dağıdılan tarixi mədəniyyət abidələri az deyil.

Qazax rayonunun işğal olunan ərazilərində mövcud olan təbii sərvətlər də tarixi mədəniyyət abidələri kimi qəddarlıqla dağıdılır və talan olunur. Sərhəd boyu yerləşən meşə sahələrində qiymətli ağac növləri; palıd, fıstıq, vələs, dəmirağac, ağcaqayın və s. ağaclar erməni işğalçı ordusu və orada yaşayan erməni əhalisi tərəfindən məhv edilir.

 

Qızıl Hacılı – yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adından götürülüb.

Qazax Ərazi Ekologiya və təbii sərvətlər şöbəsinin balansında dövlət meşə fonduna daxil olan 45359 hektara yaxın meşə ərazisindən, əksər hissəsi dağ meşələri qrupuna aid olan meşə fondunun 2224 ha ərazisi hazırda ermənilərin işğalı altındadır. Həmin meşə sahələrində Ermənistan Respublikasının hərbiçiləri yerləşdirilıb. Meşələrin mühafizəsi demək olar ki, müəssisəsinin nəzarətindən çıxdığına görə orda baş verənlərə məsuliyyəti birbaşa Ermənistan höküməti daşıyır.

Hazırda qiymətli ağac növləri ilə zəngin olan həmin meşələrin erməni işğalçıları tərəfindən kütləvi şəkildə qırılaraq talan edilməsi davam edir. Ermənistanla 168 km-lik sərhəd boyunca yerləşən meşə sahələrində qiymətli ağac növləri: palıd, fıstıq, vələs, dəmirağac, ağcaqayın və s. kimi ağaclar yetişir. Ağaclar erməni işğalçıları və orada yaşayan erməni əhalisi tərəfindən qəddarcasına qırılaraq daşınır. Bu haqda dəfələrlə ərazidə olan hərbi hissənin rəhbərliyi ilə birlikdə aidiyyəti qurumlar aktlar tərtib edərək aidiyyatı orqanlara təqdim ediblər. Meşələrin qırılması nəticəsində həmin ərazidəki torpaqlar eroziyaya uğramağa başlayıb, mənbəyini həmin meşələrdən götürən bulaqlar quruyur və içməli suya olan təlabat artmaqda davam edir.

 

Aşağı Əskipara – yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağının ətəyindədir. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasını daşıyır.

1971-ci ildə Respublikamızın qərbində Ermənistan Respublikası ilə sərhəddə 120 min m3 su tutan Ağstafaçay su dəryaçası tikilərək istifadəyə verilib. Bəndin hündürlüyü 52 m, uzunluğu 2 km-dir. Dəryaçadan iki kanal 12,5 km uzunluğunda sol sahil kanalı və 63 km uzunluğunda sağ sahil kanalı başlanır. Dəryaça 70 min ha sahəni suvarmaq üçün nəzərdə tutulub. Dəryaçanın suyundan içmək üçün də istifadə olunur. Ağstafaçay su dəryaçası Ermənistandan gələn çayın suyu ilə qidalanır. Müxtəlif zamanlarda götürülən su nümunələrinin analizlərinin nəticələri göstərir ki, suda fenol və misin miqdarı normadan 5-10 dəfə artıq olur. Deməli Ermənistan tərəfi bilərəkdən içməli su hövzələrini çirkləndirərək beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozur. Ermənistanda yerləşən müxtəlif sənaye müəssisələrinin, o cümlədən İncevan rayonundan tütün fermentasiya, bentonit, iki şərab, yağ-pendir zavodunun, dəri aşılama fabrikinin, Dilicanda yerləşən hərbi zavodun (KOD radio) sənaye və məişət çirkab sularının Ağstafaçay su dəryaçasını qidalandıran çaya axıdıldığını sübut etməyə ehtiyac belə yoxdur.

Ermənistanın işğalçı ordusu Qazax rayonuna çox ziyan vurub və bu gün də vurmaqda davam edir. Amma Qazax yaşayır, inkişaf edir, müdafiə olunur. Heç bir şübhə yoxdur ki, işğalçı qonşularımız bu müharibədə heç bir müsbət nəticəyə nail ola bilməyəcəklər. Yaxın zamanda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, o zaman erməni işğalçıları öz əməllərinə görə cavab verəcəklər.(ordu.az)

araz.az xəbər portalı.