O, hərbçi mayor idi, Sovet Ordusuna etiraz olaraq, istefa verdi və Şuşanın müdafiəsində dayandı

Bu yazımın qəhrəmanı Zabit Abdurahmanovu yaxından tanıyırdım deyə, həyat və fəaliyyəti ilə bağlı hər şeyi bilirəm. Hətta onu da bilirəm ki, 1990-cı ilin Qara Yanvarında, satqın SSRİ rəhbərliyinin insanlığa sığmayan vəhşi hərəkətlərinə qarşı, qəti etiraz əlaməti olaraq, Mingəçevirin gəncləri şəhərin inzibatı binalarına od vurub, yandırmasınlar deyə, onların tərəfinə keçərək, ordudan istefa verdi və uzun müddət işsiz qalaraq, Bakıda tikintidə çalışdı. 1992-ci ildə isə, özüylə birgə, oğlanları da, Şuşanın müdafiəsində iştirak etdilər.

Mərd və qorxmaz olmasıyla bərabər, həm də əsl vətənpərvər idi bütün varlığıyla Zabit Abdurahmanov. Onunla hər zaman qürur duyurdum. Həm də ona görə ki, o, mənim doğma əmim idi…

Babamın ilk övladı, böyük oğlu atam Abdurahman kişi idi (1941 — 45-ci illər müharibəsinin odundan-alovundan keçdikdən hələ iki il də sonra, hərbi xidmətini davam etdirmişdi), sonbeşik övladı isə, Zabit əmim. Atam onu ilk dəfə, yalnız müharibədən qayıtdıqdan sonra görmüşdü — əmim Böyük Qələbədən sonra, dünyaya gəlmişdi. O zaman 22 yaşı olan atam üçün, Şakir əmimdən sonra, daha bir qardaşının da dünyaya gəlişi, 45-ci ilin möhtəşəm Qələbəsi qədər böyük bir sevinc demək idi!..

Zabit əmim 5 yaşında Xaldan rayonunun (indiki Şəki rayonunun) Qayabaşı kənd orta məktəbində ilk dərsə getmiş, 16 yaşında oranı qızıl medala layiq bitirmişdi. Lakin o vaxtlar gizli saxlanılan, indi isə, hamıya məlum olan “məlum səbəb”dən, ona, layiq olduğu medal verilməmişdi.

O, hələ gənc yaşlarında olarkən, təkcə adının yox, özünün də, zabit, hərbçi olmasını arzulayırdı. Bu istəklə də, orta məktəbi qurtarana yaxın, ərizə ilə, Bakı Hərbi — Dənizçilik Məktəbinə müraciət etmişdi. Onda, oranın komandirinin — rus generalının imzası ilə, ona göndərilən və onu hədsiz dərəcədə sevindirən müsbət cavab məktubu, təsadüfən II Dünya Müharibəsi veteranı olan böyük qardaşının əlinə keçir. II Dünya Müharibəsinin dəhşətlərini, odunu-alovunu görmüş qardaşı, keçmiş döyüşçü, hərbi kəşfiyyatçı, 2-ci qrup müharıbə əlili Abdurahman Abdurahmanov həmin məktubun üzərində yazır: “Qətiyyən məsləhət deyil!”.

O, bundan xeyli mütəəssir olsa da, daim hərbçi olmaq arzusu ilə yaşayırdı. Ona görə də, ilkin olaraq, kimyaçı olmaq qərarına gəlir və sənədlərini Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna verərək, orada ali təhsilini uğurla başa vurur. Və bundan sonra, 9 ilə yaxın Sumqayıtın nəhəng Kimya Kombinatında mühəndis-texnoloq, növbə rəisi vəzifələrində işləsə də, hərbi işə marağı onu rahat buraxmadığından, bir daha, zabit olmağı qərara alır; Nəhayət ki, çoxdankı arzusuna çatır – SSRİ müdafiə nazirinin əmri ilə, respublikanın hərbi komissarlıqlarından birində, baş leytenant kimi (o, bu rütbəni Leninqradda (indiki Sankt — Peterburqda) 3 illik hərbi xidmətdə olarkən, xüsusi kurs bitirərək, almışdı) fəaliyətə başlayır.

…O vaxt — 1986-cı ilin may ayının 16-sında, SSRİ Müdafiə Nazirliyinin əmri ilə, ehtiyatda olan zabitləri təcili olaraq, “hərbi toplantı” üçün, xidmət etdiyi Mingəçevir Şəhər Hərbi Komissarlığına çağırarkən və oradan da, təcili olaraq, Bakıya yola düşərkən, mayor Zabit Abdurahmanovun heç özü də, tam aydınlığı ilə bilmirdi ki, yaxın günlərdə onu və komanda yoldaşlarını nə gözləyir. Bakıya çatanadək, hər şey hərbi sirr kimi saxlandığından, ailələrinə də düzgün məlumat verə bilməmişdilər, sadəcə, onlara: “Zbor”a gedirik!” — demişdilər. Yalnız respublikanın müxtəlif rayonlarından ehtiyatda olan zabitlərlə hərbi təyyarəyə minərkən, Ukraynaya uçduqları, 26 apreldə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın qarşısının alınmasında iştirak edəcəkləri onlara məlum olmuşdu.

AES-in bloklarından birindəki dəhşətli partlayış, həmin il aprelin 26-da baş versə də, bütün Sovet xalqı qarşıdan gələn 1 May və 9 May bayramlarına hazırlaşdığından, o zaman, SSRİ-nin bəduğur rəhbəri, hakimiyyətə gələrkən “aşkarlıq” ideyasını ortaya atıb, xalqa ağızdolusu “aşkarlıq dərsi” keçən, lakin aşkarlığın xüsusilə vacib olduğu məqamda, onu bircə dəfə də dilə gətirməyib, alçaqcasına, qətiyyətlə bu ideyanı boğan Mixail Qorbaçov, guya, xalqın bayram ovqatını pozmamaq naminə, “humanistlik” göstərərək, Çernobıl faciəsini bir müddət gizli saxlatmağa çalışmışdı. “Politbüro”nun, əksəriyyəti qoca olan üzvləri, vəzifə xatirinə, “…ağrımaz başım” düşüncəsi ilə, buna susmaqla razılıq versələr də, haqsızlığa, dövlət səviyyəsində riyakarlığa qarşı dözülməz, barışmaz olan Heydər Əliyev, ambisiyalı və satqın dövlət başçısının mövqeyini açıq-açığına pisləmiş, faciənin xalqdan gizlədilməsinin daha ağır nəticələrə səbəb olacağını bildirmişdi. Lakin bununla belə, Çernobıl faciəsi barədə ilk və dürüst məlumat xalqa, 1 May bayramından da xeyli sonra çatdırılmışdı. Baxmayaraq ki, özlərinin ekoloji vəziyyətinə ən müasir cihazlarla nəzarət edən Avropa ölkələri, SSRİ ərazisindən radioaktiv şüalanma axının güclənməsi ilə bağlı, artıq, həyəcanlı xəbərlər yaymağa başlamışdılar.

…Zabit Abdurahmanovun komandanlıq etdiyi ehtiyatda olan zabitlər dəstəsini və “çağırışa qoşulmuş” digər həmyerlilərimizi aparan təyyarə Kiyevə axşam çağı enmişdi. Onları hərbi aerodromda qarşılayıb, elə, oradaca, Çernobıl AES-dəki son vəziyyət barədə məlumat və qəzanın aradan qaldırılması ilə bağlı ilkin təlimat vermişdilər. Hamı hərbi geyimlə və müvafiq təhlükəsizlik vasitələri ilə təmin edildikdən sonra, onları avtobuslarla, elə, gecə ikən Kiyev vilayətinin şimalında, indiki Belarus Respublikası sərhədinin yaxınlığında yerləşən Çernobıl AES-dən 30 kilometr aralıdakı “könüllülər” düşərgəsinə yola salmışdılar. Bakıdan başlayan sutka yarımlıq uzun və üzücü yoldan sonra, dincəlmək üçün, onlara, cəmi-cümlətanı 3 – 4 saat vaxt ayrılmışdı.

Təhlükəsizlik təlimatları və qoruycu vasitələrdən istifadə qaydaları ilə, yenidən, lakin daha mükəmməl tanışlıqdan sonra, onlara konkret tapşırıqlar verilmişdi. Təbii ki, Zabit Abdurahmanovun dəstəsini nə radiasiyanın tüğyan etdiyi, bu səbəbdən də yalnız yüksək hazırlıqlı peşəkarların qısamüddətli növbə ilə çalışdıqları AES blokuna, onun 2 km yaxınlığındakı, əhalisi bir gün ərzində büsbütün evakuasiya edilmiş Pripyat şəhərinə, nə də, 18 kilometr aralıda yerləşən Çernobıl şəhərinə yaxın buraxmamışdılar. Onlar, AES-dən 25 – 30 km aralıda yerləşən, bununla belə, radiasiya həddi normadan 50 – 70 dəfə çox olan ərazidə təhlükəsizlik işləri aparmalı idilər. Əslində, şüalanma dərəcəsini ölçən Sovet dozimetrlərinin özləri də, elə, Sovet ideologiyasına xidmətə köklənmişdilər. Onlar əsl vəziyyəti əks etdirməyib, radiasiyanı nisbətən aşağı göstəricilərlə qeydə alırdılar ki, bu da, orda çalışanları çox təşvişə salmamaq məqsədi daşıyırdı. Ancaq faciəvi reallıq bu idi ki, Çernobıl radiasiyasının gücü 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə Amerikanın atdığı atom bombalarının təsir gücündən 500 dəfə çox idi. Bu, o səbəbdən idi ki, bilavasitə qəzalı AES ərazisində antiradiasiya işlərinə cəlb edilmiş peşəkarlara, alim və mütəxəssislərə radioaktiv ərazidə 10 – 15 dəqiqədən artıq işləməyə icazə verilmirdi.

...Çernobıl qəzasının ləğvində bir həftədən artıq çalışdıqdan – “Vətən qarşısında” borclarını verdikdən (əslində kim kimə borclu idi? – aylıq 130 – 200 rubl müqabilində qanı-canı sovurulan, daim ehtiyac içində yaşamağa məhkum edilmiş “vətəndaşlar” Vətənə, yoxsa “oğullarını”, ancaq özü dara düşəndə yada salan, onlar darda, çətinlikdə olanda isə, heç bir diqqət-qayğı göstərməyən “Vətən” həmin o “Vətən övladları”na?!) sonra, mayor Zabit Abdurahmanovun dəstəsi Azərbaycana qayıtdı. Qəza zonasında olarkən, onlar üçün, yalnız bir məmnunluq doğuran xəbər çatmışdı – eşitmişdilər ki, radiasiyanın təsirini azaltmaq üçün, AES-in 30 km-lik radiusu üzrə, təyyarələrlə səpilən xüsusi kimyəvi maddə — nitril lateksi Azərbaycanda, neft-kimya şəhəri olan Sumqayıtda istehsal edilirmiş və Çernobıla oradan daşınırmış. Yalnız sonradan öyrənmişdilər ki, həmin kimyəvi maddənin sənaye üsulu ilə alınmasına, ilk dəfə olaraq, Sumqayıtda, elə, sumqayıtlı istehsalatçı-alim – texnika elmləri doktoru, professor Əbülfəz Babayev nail olmuşdu…

…Mingəçevir, 21 yanvar, 1990-cı il!

Hələ, 1987-ci ildə, Fransada səfərdə olarkən şan-şöhrət, var-dövlət düşgünü olan arvadının erməni diaspounun nümayəndəsindən rüşvət olaraq aldığı qiymətli daş-qaşlarla daşnaklara satılmış M. Qorbaçovun göstərişi ilə general Dimitri Yazovun Bakıya yeritdiyi qoşunun “rezervist cəlladları”nın törətdikləri amansız 20 Yanvar qırğını — o müdhiş faciə, bütün xalqımızı həmin günlərdə elliklə ayağa qaldırmışdı. Qəhrəman oğul və qızları vəhşicəsinə gülləbaran edilərək öldürülmüş xalq daha topdan-tüfəngdən qorxmayaraq, qəddar Sovet rejiminə, qaniçən M. Qorbaçova kəskin etiraz səsi ilə, paytaxtın küçə və meydanlarına axışdığı bir vaxtda, Mingəçevirdə də, əhali, xüsusilə də gənclər, Sovet ordusu tərəfindən Bakıda törədilmiş qırğına görə böyük bir dəstə ilə, qəzəb və hiddətlə qışqırışaraq, səhər tezdən SSRİ Müdafiə Nazirliyinin şəhər hüdudunda olan hərbi hissəsinə tərəf irəliləyirdilər. Kütlə bu etiraz yürüşünün necə nəticələnəcəyinin fərqinə varmasa da, həmin anlarda bu barədə düşünmək belə istəməsə də, hərbi hissəyə hücumun daha bir qanlı faciəyə səbəb olacağını aydınlığı ilə duyan mayor Zabit Abdurahmanov, ani olaraq, situasiyanı qiymətləndirərək, tərəddüd etmədən izdihamın qarşısına çıxdı. Neçə illər idi ki, əynində sovet zabitinin hərbi geyimini gəzdirən və bir vaxtlar sovet hərbçisi olduğundan qürur duyan, lakin 20 Yanvar qırğınından sonra geyindiyi ulduzlu-nişanlı, paqonlu mundirə nifrətlə baxan, uzun illər xalqının etibarlı müdafiəçisi hesab etdiyi bir ordunun doğma millətinin amansız qatilinə çevrilməsindən acı təəssüf hissi keçirən Zabit Abdurahmanov, həmişə olduğu kimi, yenə də, bütün qəlbi ilə xalqla birlikdə idi. Lakin həmin anlarda çılğın gənclərdən bəzilərinin hərbi hissəyə və şəhərin əsas inzibati binalarına od vurmaq istəklərinin qarşısını almaq lazım idi. Odur ki, hərbi hissəyə hücum etmək istəyənlərin hədələri, qışqırıqları içərisində eşidiləcək bir səslə, ilk öncə, həmin anda deyilməsi vacib olan sözlərlə izdihama müraciət etdi:

— Camaat, əzizlərim, ayaq saxlayın, eşidin: Mən də, bu gündən sizinləyəm! Xalqımızı vəhşicəsinə gülləbaran edən Sovet ordusuna indi mən də nifrət edirəm. Qorbaçova, Yazova ölüm!..

Onu alqışlayanlarla yanaşı, sonacan səmimi olduğuna inanmayanlar da vardı və yerbəyerdən onların səsləri eşidilirdi:

— Yalan deyirsən, sən də, hamınız da satqınsınız! Kişisənsə, xalqın tərəfindəsənsə, azərbaycanlısansa, hərbi biletini, partbiletini də cir, tulla, inanaq ki, doğrudan da, bizimləsən…

— Razıyam, ancaq bir şərtlə ki, Rusiyanın yox, Azərbaycanın, sizinlə bizim olan idarə binalarına zərər yetirmək, od vurmaq, yandırmaq fikrindən daşınasınız. Bütün şərtlərinizə razıyam və sizin cərgələrinizə qoşuluram…

“Urra, Urra!..” sədaları altında, mayor əlini bütün sənədlərinin olduğu mundirinin döş cibinə atdı. Həmin anda hər şeydən, partiya biletindən belə keçməyə hazır olsa da, hələ uşaqlıqdan “Uzaq sahillərdə” filmindən sevdiyi Mehdi Hüseynzadəyə bəslədiyi məhəbbətlə, zabit olmaq istəyi ilə, çox əziyyətlər çəkdiyini göz önünə gətirərək, hərbi biletindən məhrum olmaq istəmirdi. Ancaq yüzlərlə adamın ona dikilmiş sualedici, qəzəbli baxışları altında döş cibindən məhz partbileti çıxarmaq dəqiqlik tələb edirdi və o, səhvə yol vermədən, sovet partbiletini uduşsuz lotereya bileti kimi cibindən çıxararaq, başı üzərinə qaldırıb, hamıya nümayiş etdirdikdən sonra vərəqlərini və qırmızı cildini cıraraq, izdihamın ön sıralarına atdı. Əvvəlcə səs-küy bir qədər də artdı, biletə od vurularkən isə nisbi sükut yarandı və bir qədər sonra yanan partbiletin izdihamın başı üzərinə atılması ilə yenidən “urra!..” səsləri eşidildi. Nədənsə, daha hərbi bileti tələb edən olmadı, əksinə: “Abdurahmanov, indi, biz də səninləyik, sən nə cür deyirsən, o cür də edəcəyik!” — sözləri eşidilirdi. Onun fikri isə, izdihamı şəhərdə qarışıqlıq salmaqdan, müxtəlif orqan və təşkilatların fəaliyyət göstərdikləri inzibati binalara od vurulmasından, dağıntı törədilməsindən çəkindirmək idi. Və az sonra, məlum oldu ki, mayor Zabit Abdurahmanov öz qətiyyətli və inamlı hərəkəti, eyni zamanda neçə illər idi ki, mingəçevirlilər arasında sadəliyi və səmimiyyəti ilə, qazandığı hörməti, etibarı sayəsində istəyinə nail ola bilmişdi.

Partbiletinin cırılıb-yandırılmasına könüllü razılıq verməsi və xalqın tərəfində olması (digər prizmadan yanaşılarsa, şəhərdə qarışıqlığın qarşısını almaqla o, eyni zamanda şəhər rəhbərliyinin mənafeyini müdafiə etmiş olurdu), yandırılmış biletin əvəzində təklif olunan yeni biletdən “kişi tüpürdüyünü yalamaz!” deyərək, qəti şəkildə imtina etməsi bir qədər sonra ona baha başa gəldi – hərbi komissarlıqda tutduğu komissar müavini vəzifəsindən azad edildi. Xüsusi göstərişə əsasən nəinki keçmiş hərbi zabit, heç ali təhsilli mühəndis kimi də (9 ilə yaxın Sumqayıtın kimya müəssisələrində texnoloq, növbə rəisi işləmişdi) Zabit Abdurahmanova şəhərin heç bir təşkilat və müəssisəsində iş verilmədi. Bir-neçə müddət işsizlikdən sonra məcburiyyət qarşısında qalaraq, 5 nəfərdən ibarət ailəsini dolandırmaq üçün Bakıdakı tikinti idarələrinin birində sıravi fəhlə kimi işləməli oldu. O vaxta qədər ki, Qarabağda, Azərbaycanın ğöz-bəbəyi olan Şuşada vəziyyət dözülməz həddə çatdı. Keçmiş hərbçi, vətən təəssüblü Zabit Abdurahmanov da bu dözülməsliyə dözə bilməyib, günlərin bir günü ailəsi ilə halallaşıb, birbaş Şuşaya yollandı…

…ŞUŞA, 1992-ci ilin əvvəli!

Hələ məktəb illərindən şeiriyyətinin vurğunu olduğu Molla Pənah Vaqifin, X.Natəvanın, misilsiz musiqi və nəğmələrini dinləməkdən doymadığı Üzeyir bəyin, Bülbülün doğma yurdunun müdafiəsində durmağı özünün müqəddəs borcu bilən peşəkar zabitə ilk günlər o qədər də ürək qızdırmır, nədənsə bir qədər inamsızlıqla, şübhə ilə yanaşırdılar. Daha doğrusu, o vaxtkı müdafiə naziri Rəhim Qazıyevin etibar etdiyi, sonradan erməni kökü olduğu söylənilən bir “könüllü”nün ona qarşı qəsd cəhdindən sonra Şuşanın müdafiəsinə qoşulmaq istəyən hər bir könüllüyə ehtiyatla yanaşılır, müəyyən müddət həmin adam sınaqlardan, yoxlamadan keçməlı olurdu. Hətta son günlər iş o yerə çatmışdı ki, hamı bir-birinə şübhə ilə, sınayıcı nəzərlərlə baxırdı. Ordu, döyüş prinsiplərindən xəbərsiz olmayan Zabit Abdurahmanov bunu təbii hal kimi qəbul edirdi, ancaq ifrat inamsızlıq heysiyyətinə toxunmaqla yanaşı, ümumi işə də mane olurdu. Ayrı-ayrı müdafiə dəstələrinin ümumi rəhbərliyə tabe olmaq istəməməsi, daxili hərbi intizama riayət edilməməsi, “burda mənəm, Bağdadda – kor xəlifə” hərc-mərcliyi onu çox narahat edirdi. Öz dəstəsi ilə, artıq neşə müddət idi ki Şuşanın müdafəsində dayanaraq, ermənilərə qan udduran igid Azərbaycan oğlu Tofiq Oğuzla bir dəfə axşam çağı ştabda təsadüfi görüşü Zabitə olan münasibəti tamam dəyişdi. Tofiq Oğuzun onu görən kimi çiynindəki silahı yerə qoymadan onunla qucaqlaşıb-görüşməsi hamıya elə həmin andaca Zabit haqqında “bizim adam”, həm də etibarlı adam, etibarlı hərbçi fikrini təlqin eləmişdi.
Onlar çoxdan, hələ Sumqayıtda yaşayıb-işləyrkən tanış idilər. Tofiq Oğuz o zamanlar Sumqayıtda sambo üzrə ən bacarıqlı məşqçilərdən biri, SSRİ idman ustası idi. Tofiqin məşqlərdən sonrakı asudə vaxtlarında tez-tez görüşüb, söhbətləşər, dərdləşərdilər. Bir sözlə, bir-birini çox yaxşı tanıyırdılar. Ştabdakıların yanında Tofiq Oğuzun ona müraciətlə “yaxşı ki sən də bura, Şuşanın müdafiəsinə gəldin. Səni burda görməsəydim, yəqin ki inciyərdim” deməsi, onların səmimi ünsiyyəti, tanışlığı-dostluğu Zabit haqqında tərəddüdlü fikirləri, ona olan əsassız şübhələri, inamsızlığı tamamilə aradan qaldırdı.

Həmin görüşdən sonra, bəzi mühüm tapşırıqları Zabit Abdurahmanova həvalə edirdilər. O isə, bütün diqqət və fəaliyyətini Şuşanın müdafiəsində, onun ön xəttində daha çox hər bir ordu, hər bir döyüşçü üçün, ilk növbədə, vacib olan hərbi intizamın möhkəmləndirilməsinə, gənclərin döyüş hazırlığının yüksəldilməsinə yönəltmişdi. Və bu döyüşən şəhər üçün olduqca mühüm idi. Nəticədə döyüş dəstələrinə könüllülərin dağınıq-pərakəndə gəliş-gedişinə, komandirlərə qarşı bəzi itaətsizlik, saymazyanlıq hallarına, intizamsızlığa son qoyuldu.

Düşmən tərəfi tez-tez, demək olar ki, gündəlik olaraq Şuşanı top və qrad atəşinə tuturdu. Şəhərin müdafiə xəttində, döyüş yerlərində olarkən mayor Zabit Abdurahmanov gəncləri, elə, yerindəcə təlimatlandırır, müvafiq məsləhətlər verirdı. Bir dəfə Şuşaya yeni könüllülər dəstəsi gələrkən, o, Stepanakert tərəfdən ştabın yerləşdiyi Polis İdarəsinin binasına tuşlanmış qrad mərmisinin şığıdığını onun səsindən hiss edib, dərhal: “Yerə yatın, zirzəmiyə!” — komandası verərək, onlarla döyüşçünün həyatını xilas edə bilsə də, çaşqınlıq içərisində qalmış, əmrə tabe olmayan, onu saniyələr fərqi ilə ləng yerinə yetirən bir-neçə gənc həlak olmuş, bir-neçəsi isə, ağır yaralanmışdı...

Zabit Abdurahmanov üçün, daha ağır günlərdən biri isə, fevralın 25-dən 26-na keçən gecə — Xocalının erməni-rus faşistləri tərəfindən oda qalanıb, yandırılması, köməksiz qalmış yüzlərlə həmvətənimizin, qocaların, qadın və uşaqların vəhşicəsinə atəşə tutulub, öldürülməsi olmuşdu. Gecənin qaranlığında Xocalı istiqamətində ərşə ucalan alovu-tüstünü görən Zabit Abdurahmanov bu barədə həyəcanlı xəbəri Şuşanın o vaxtkı rəhbərlərindən olan Vahid Bayramova, o isə təcili olaraq Naxçıvana – Heydər Əliyevə çatdırmışdı. O günlərdə xalqının ağrı-acısı ilə yaşayan Ulu öndər isə A.Mütəllibov komandasının qətiyyətlə təkzib etməyə (guya, ciddi bir şey olmamışdı, 2-3 nəfər adam həlak olmuşdu) çalışdığı bu dəhşətli xəbər barədə dünyanın bütün ölkələrinə məlumat verilməsinə nail ola bilmişdi.

…Bir-neçə ay Şuşanın müdafiəsində dayanaraq, hərbi taktika və strategiyanı yaxşı bilməsi, həm də səmimiyyəti ilə döyüşçülərimizin rəğbətini qazanmış Zabit Abdurahmanova bir gün axşama yaxın xəbər verdilər ki, yanınıza gələn var. Ştabın qarşısında 21 yaşlı oğlu, bir il əvvəl Ağdərə döyüşlərində iştirak etmiş Nazimi gördükdə sevinclə, həm də bir az kövrələrək onu bağrına basdı. Novruz Bayramı ərəfəsi olduğundan, Nazim “atama bir baş çəkim, bayram payı aparım” bəhanəsilə anasının hazırladığı xeyli bayram şirniyyatı və digər ərzaqla Şuşaya gəlib çıxmışdı. Əsas fikri isə bir-neçə gün atasının yanında qalmaq, ona arxa-dayaq olmaq, Şuşanın müdafiəsində iştirak etmək idi. Zabit müəllimin etirazına, narahat olmasına baxmayaraq, Nazim bir həftəyə qədər şəhərin müdafiəçiləri ilə birgə döyüş mövqeyinə çıxır, bəzən orada da gecələməli olurdu. Gənc və çevik, uca boylu Nazim qısa müddətdə özünün cəsarəti, təcrübəli əsgər kimi döyüşlərdə fəallıq göstərməsi, silahlardan bacarıqla istifadə edərək, sərrast atəş açması, çılğınlığı ilə döyüşçü dostlarının rəğbətini qazana bimişdi. Atasının təkidi, anasının intizarla onun yolunu gözləməsi olmasaydı, Şuşadan ayrılmaq istəməzdi. Atası ilə, əsgərlərlə xüdahafizləşib evə qayıdarkən demişdi: “ürəyinizi sıxmayın, 5-3 gündən sonra yenə gələcəyəm” (Nazim və kiçik qardaşı Nəsimi Ağdərə və Ağdam cəbhələrində vuruşmuşlar. Hər ikisi Qarabağ müharibəsi iştirakçısıdır).
Aprelin əvvəllərinə doğru Şuşanın müdafiəsində, müxtəlif taktiki məsələlərdə anlaşılmazlıqlara, səhvlərə yol verilməsi Zabit Abdurahmanovu və onun komandir dostlarını ciddi narahat etdiyindən, o, özünün etibar etdiyi döyüşçülərdən biri ilə Bakıya gələrək, müdafiə naziri Rəhim Qazıyevlə görüşməyi, Şuşanın təhlükəsizliyini qorxu altına alan bəzi mətləbləri, situasiyaları onun diqqətinə çatdırmağı, Şuşanın, Laçının etibarlı müdafiəsini təşkil edə bilməyəcəyi təqdirdə istefasını tələb etməyi planlaşdırmışdı. Və hər ehtimala qarşı Şuşadan Bakıya silahlı-sursatlı gəlmişdilər. Lakin müdafiə naziri Şuşanın müdafiəsindən çox özünün şəxsi müdafiəsini yaxşı təşkil etdiyindən onlar, bir-neçə cəhdə, gətirdikləri müxtəlif səbəblərə baxmayaraq, Rəhim bəylə görüşə bilməmişdilər. Əksinə – göstəriş verilmişdi ki, mayor Zabit Abdurahmanov bir daha Laçın-Şuşa zonasına buraxılmasın…

***
Çernobılın “çornı-qara” fəsadları.

O, Qarabağ müharibəsi veteranı, həm də Çernobıl əlili idi. 1986-cı ilin aprelində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı “hiss olunmayan” radiasiyanın nəticəsi idi ki, son illər səhhəti ağırlaşmağa başlamışdı. 2011-ci ildən başlayaraq əvvəlcə Mərkəzi Hərbi Qospitalda, sonralar isə həkim nəzarəti altında evdə müalicə olunurdu. Lakin sonrakı il yarım ərzində düçar olduğu paraliç nəticəsində əvvəl əl-qol hərəkəti, yerişi, daha sonra isə nitqi məhdudlaşdı, danışığı kəsildi, hafizəsi pisləşdi, doğmalarını belə tanıya bilmədi. Bununla belə, son günlərə qədər ölümlə mübarizə aparır, ona asanlıqla təslim olmaq istəmirdi. Hətta bir dəfə xaricdə olan böyük oğlu Nazim “skaypla” atasından soruşanda ki, “necəsən?”, danışa bilməsə də, özünü sındırmayaraq, qərib yerdə olan oğlunun narahat olmaması üçün çətinliklə də olsa, əlini irəli uzadaraq, baş barmağını dik qaldırıb, “əla!” olduğunu bildirmişdi. Ağır vəziyyətdə olmasına baxmayaraq, evdəkilər onun iradəsinə, mətinliyinə, dözümünə-qüruruna heyran qalmışdılar. O, öz halını, ağır vəziyyətini bir anlıq da olsa unudaraq, oğluna ürək-dirək verməyi bacarmışdı.
Hafizəsini itirənə kimi əmim həmişə Qarabağın xiffətini-dərdini çəkirdi, Vətənini, xalqını çox sevirdi. Doğmalarına, ata-anasına, qardaş-bacılarına, ailəsinə də daim qayğıkeşlik göstərir, dostlarına arxalanır, onlara güvənir, onlarla qürrələnirdi. Ancaq təəssüf ki, Çernobıl AES-in radiasiyası mənim istəkli, vətənpərvər əmimin vücudunu illərlə sarsıdıb, zəiflədərək, onun vaxtsız ölümünə səbəb oldu. O, 2016-cı ilin yanvarında – 71 yaşı tamam olmadan bu dünyadan ağrılarla, əzablarla köçdü…

Hiddətlənməyə bilmirəm. Ay, Sovetin gorbagor olmuşları, o qüsurlu AES-i siz icad edib, siz tikmişdiniz, siz işlətmişdiniz. Onun Azərbaycana nə dəxli vardı? Bəs onda nəyə görə minlərlə Azərbaycan oğlu tələm-tələsik səfərbər olunaraq, radiasiyanın tüğyan etdiyi ilk günlərdəcə Çernobıla göndərilmişdi? Kiminsə – Kamran Bağırov kimi bacarıqsız, amorf bir adamın öz kreslosunu qoruyub-saxlaması üçünmü?!.

…Bu gün minlərlə Çernobıl şikəsti kimi, bu dəhşətli faciənin 2-ci dərəcəli əlili, Qarabağ Müharibəsi veteranı olan əmim Zabit Abdurahmanov da, artıq, həyatda yoxdur! Böyük Allahımızdan qanlı-qadalı Sovet sisteminə də, onun bəduğur rəhbəri olmuş Mixail Qorbaçova da, min lənət diləyirəm! Tanrı bütün Çernobıl faciəsi qurbanlarına və Vətənin şəhid övladlarına rəhmət eləsin! Məzarları nurla dolsun, məkanları cənnət olsun!

Rəhman ORXAN,
xüsusi olaraq, araz.az xəbər portalı üçün.

araz.az xəbər portalı.