Ebil Hesen0012
Əbil HƏSƏN

Nadir qəsəbənin hörmət-izzətə layiq sakinlərindən idi. Ətrafda kimsə tapılmazdı ki, xüsusi sevgi sahibi olan bu insan haqqında pis nəsə danışsın. Bu hörməti həm xarakterinə, həm də sevdiyi sənətinə görə qazanmışdı; Əsasən, qəsəbənin ən sevimli müəllimi olduğuna görə! Dolanışıq çətinliyini də biruzə vermirdi. Amma, çoxları bilirdi ki, aylıq məvacibi növbəti aya çatmır. Evinə qazanc gətirən təkcə özü idi. Əmək qabiliyyətini itirmiş oğlunun xəstəliyi də bir yandan onu karıxdırırdı. Qarabağ savaşına sap-sağlam yola saldığı oğlu, geri yarımcan qayıtmışdı. Güllə yarası almasa da, günlərlə ac qalması, soyuq, nəm kazarma və səngərlərdə yatması oğlunun mədə-bağırsaq və digər orqanlarını tamamilə sıradan çıxarmış, yataq xəstəsi etmişdi. Müalicə üçün tələb olunan dərmanları da çox bahalıydı. Bütün bunlara görə, eləcə də ailəsini dolandırmaq məcburiyyəti Nadir müəllimi dərsdən sonra müxtəlif işlər görməyə vadar edirdi. Gah bənnalıq edir, gah da bağlarda fəhləliklə məşğul olurdu. Çətinliklə də olsa, birtəhər ailəsini dolandırırdı.
Bir dəfə, Nadir müəllim Saray bağlarındakı villaların birinin həyətindəki zibilləri maşına yükləyirdi. Dəbdəbəli malikanə sahibi zəhlətökən adama bənzəyirdi. Sanki Nadir müəllimi incitməkdən, eyvanda oturub, onun üstünə qışqırmaqdan xüsusi bir zövq alırdı. Olduqca səbrli Nadir müəllim isə, iş xatirinə buna dözürdü…
…Qaranlıq düşər-düşməz, o, işini bitirdi. “Xozeyin” həyətə düşüb, Nadir müəllimi yanına çağırdı:
– Ə, bir bəri gəl. Məni tanıdınmı?
Nadir müəllim sifətinə diqqətlə baxandan sonra onu tanıdı. Qarşısında duran Qasım idi. İllər öncə, müəllimin şagirdi olmuş bu şəxs, ən avaralardan biriydi. Dərslərini oxumazdı. Nadir müəllim onun həyət-bacasının zibilini təmizlədiyi üçün sarsıldı. Belə bir görüşü heç arzulamazdı da.
— Müəllim, yadına gəlir, deyirdin ki, məndən bir şey çıxmayacaq. Görürsən, indi rayonda böyük bir təşkilatın rəhbəriyəm. Bilirəm, utanırsan, utanma müəllim, yaxın gəl, al zəhmət haqqını. Burada sənin bir illik məvacibin var! – deyə, Qasım hırıldaya-hırıldaya cibindən bir ovuc pul çıxarıb, Nadir müəllimə tərəf uzatdı. Nadir müəllim isə: “–Mən qəbahətli bir iş görməmişəm ki, utanım. Halal çörək qazanmaq nə vaxtdan utanmalı iş olub?! Qoy, mənim kimi müəllimləri, bir parça çərəkpulu üçün, sənin kimi parazitlərin qapısında zibil təmizləməyə vadar edənlər utansınlar. Mən niyə utanım?!” – deyə, Qasıma tutarlı bir cavab da verdi. Pulu da götürmədən qapını onun üzünə çırparaq, malikanəsindən uzaqlaşdı. Nadir müəllimin sözləri keçmiş şagirdinin sifətinə şillədən betər dəydi. Amma, nə olsun?!. Villadan ayrılan Nadir müəllim düşdüyü sarsıntıdan xeyli vaxt çıxa bilmədi.
Onu bir sual hələ də düşündürür: “Görəsən, millətin xoş gələcəyinin qarantı olan müəllimlər nə vaxtadək dərsdən sonra fəhləlik etməyə məcbur olacaqlar?!”.

araz.az xəbər portalı.