Ermənistanın 30 ilə yaxın davam edən işğalına Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda əsaslı bərpa-quruculuq işləri başladı.
Məlumatlara görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayış məntəqələrinin sayı işğaldan əvvəlki 936-dan 316-a endiriləcək və 620 kənd isə inzibati ərazi vahidi olaraq ləğv ediləcək. O da bildirilir ki, bu birləşmə yalnız hər iki iqtisadi rayonun tərkibində olan inzibati rayonların işğaldan azad edilmiş yaşayış məntəqələri üzrə deyil, həm də onların (Füzuli, Ağdam və Tərtərin) hazırda məskunlaşma olan, işğal altına düşməmiş kəndlərini də əhatə edəcək.
Qeyri-rəsmi mənbələrdə yayılan rayonlar üzrə nəzərdə tutulan birləşmə aşağıdakı kimidir:
Plana görə, Füzuli rayonunda 76 (əslində 99) yaşayış məntəqəsindən birləşmədən sonra 27-i qalacaq.
Ağdam rayonunda indiyədək mövcud olan 115 yaşayış məntəqəsindən 48-i qalacaq.
Tərtər rayonunda indiyədək mövcud olan 77 yaşayış məntəqəsindən 19-u qalacaq.
Cəbrayıl rayonunda işğaladək mövcud olan 97 yaşayış məntəqəsindən 25-i qalacaq.
Zəngilan rayonunda işğaladək mövcud olan 85 yaşayış məntəqəsindən 22-i qalacaq.
Qubadlı rayonunda işğaladək mövcud olan 85 (bəzi mənbələrdə 91) yaşayış məntəqəsindən 24-ü qalacaq.
Laçın rayonunda işğaladək mövcud olan 128 yaşayış məntəqəsindən 45-i qalacaq.
Kəlbəcər rayonunda işğaladək mövcud olan 147 yaşayış məntəqəsindən 63-ü qalacaq.
Xocavənd rayonunda işğaladək mövcud olan 82 yaşayış məntəqəsindən 15-i qalacaq.
Xocalı rayonunda 18, Şuşa rayonun 10, Xankəndində 1 yaşayış məntəqəsi olacaq.
Maraqlıdır, kəndlərin birləşdirilməsi hansı prinsiplə aparılır? Tarixi toponimlərin itməməsi üçün səylər göstərilirmi?
araz.az-ın xəbərinə görə, AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev sözügedən məsələni Teleqraf.com-a şərh edib.
Alim deyir ki, kəndlərin birləşdirilməsi təkcə toponimlərə deyil, həm genetik faktorlara, həm də kameral təsvirə təsir edir: “Elm adamları regionun tarixini kameral təsvir əsasında yazırlar. Məsələn, Qərbi Azərbaycan və yaxud Qarabağla bağlı araşdırma aparanda orada azərbaycanlıların yaşayıb-yaşamadığını təsdiqləmək üçün əlimizdə kameral təsvirlər olmalıdır. Kameral təsvir – əhalinin kəndlər üzrə yaşamasını təsdiq edən sənədlərdir. Başqa sözlə, regionda yaşayan ailələrin siyahısıdır.
100 il keçəcək, kimsə Qarabağla bağlı tarixi nəsə yazmaq istəyəndə yaza bilməyəcək. Çünki hər bir kəndin özünün xüsusi yaranma tarixi var. Bir kəndin yaranması təkcə toponim, oykonimlə (oykonim – yaşayış məntəqəsinin adını bildirən termin – red.) deyil, həm də bir nəsillə bağlıdır. Bəzən bir kənd bir nəslin adı ilə bağlı olur. İndi bu kəndləri birləşdirib azaltmaq gələcəkdə tarixi yerlərimizin itməsinə səbəb olacaq.
Çox da uzaq olmayan dövrə qayıtsaq, məsələn, 20-30 il sonra tarixi fakt, əsər yazanda və yaxud hansısa siyasi bir şərh verəndə deməyəcəyik ki, Kəlbəcərə birləşdirilmiş kənd. Hesab edirəm ki, dövlət bu sahədə bir az düşünməlidir”.
Müsahibimiz eyni adlı kənd və qəsəbələrin birləşdirməsini daha məqsədəuyğun hesab edir: “Amma Qarabağda elə kəndlər var ki, onların birləşdirilməsi gələcəkdə o regionda ciddi tədqiqat aparmağa mane olacaq. Birinci, toponimlər, ikinci oykonimlər, üçüncü tarixi abidələr itəcək. Hər bir kəndə mütləq şəkildə bir tarixi abidə var. Məsələn, “Abdal-Gülablı kəndinin yaxınlığındakı ərazi” deyə bilmərik. Onun yanında Mərzili, Gülablı kimi başqa kəndlər də olub axı… Onları birləşdirməyin nə mənası var?!
Hesab edirəm ki, bu dəyişiklik tarixi yerlərin, genetik kodların itməsinə səbəb olacaq. Məsələn, bir kənddə yaşayan insanlar genetik kodun daşıyıcılarıdırlar. Sabah bu kəndə köçən insanlar həmin nəslin davamçılarıdır. O nəslin yaşadığı kənddən çıxarılaraq başqa bir yerə birləşdirilməsi düzgün deyil. Bizdən sonra gələn nəsillər ortaya kameral təsvir qoymağa çalışacaqlar. 100 il sonra arxivlərdən çıxan sənədlərlə kimə sübut edə bilərik ki, Ağdamın Abdal kənd başqa idi, Gülablı başqa?! Bu kəndlərin özünün qəbiristanlıqları, abidələri var. Bu çox səhv addımdır. Buna ehtiyac yoxdur.
Təbii ki, bəzi istisnalar olmalıdır. Məsələn, Ağdamın Ayaq, Baş və Orta Qərvənd kəndlərini birləşdirmək olar. Əhalisinin sayı artdıqca bu kənd böyüyüb. Amma ərazi baxımından nə qədər yaxın olsalar da, rayonun Sırxavənd, Tatravənd kəndlərini Qərvəndə vermək düzgün deyil. Hərəsinin ayrı tarixi var. Bir kəndin digərlərinə birləşdirilməsi o kəndin tarixini silmək deməkdir. Ərazi olaraq qalır, amma coğrafiyadan silinir.
Elə bilirsiniz ki, ermənilərin ərazi davaları bununla bitir?! Bu gün biz hələ Qərbi Azərbaycana qayıdışdan danışırıq. Ermənilər orada Azərbaycanın kəndlərinin adını dəyişdirib, bəzilərin birləşdirib, biz onun davasını edirik. Amma daxildə götürüb öz kəndlərimizi ləğv edirik, birini digərinə qatırıq”.
Tarixçi alim təəssüflə qeyd edib ki, sözügedən prosesin icrasında mütəxəssis rəyii alınmayıb: “Ağdamda Budaqov adına olan küçəni ləğv etmək istəyirlər. Guya müəyyən ediblər ki, Budaqov rus olub. Amma heç kəs onun diplomat və mərhum Prezident Heydər Əliyevin yaxın dostu olduğunu bilmir. O, eyni zamanda Ağdamın fəxri sakini olub. O küçəni silməklə nə əldə edəcəklər? Küçələri, qəsəbələri, kəndləri ləğv edib mini Qarabağ yaratmağa çalışırlar. Belə olmaz axı…
Təxminən 3-4 il öncə Tarix İnstitutunda gedən müzakirədə iştirak etdim. Gördüm ki, bəziləri Qarabağda 30 erməni kəndinin, bəziləri 40 kürd kəndinin olduğunu yazıb. Biz bu kəndləri birləşdiririksə, sabah onlar Qarabağda 50 kürd kəndinin olduğun iddia edəcəklər. Əksini necə sübut edəcəyik? Ad özü göstərir ki, bu, türk kəndidir, yoxsa başqa.
Eyni zamanda, Laçındakı Ağoğlan kəndinin Malıbəyə birləşdirilməsi ilə bağlı fikirlər də var. Halbuki Ağoğlan Albaniyanın ən qədim kəndlərindən biridir. Ağoğlan kəndinin sakinləri indiki Hadrud ərazisində Ağoğlan qəsəbəsi salıblar, eyni qaydada Ağoğlan məbədi də tikiblər. Plansız iş görülür.
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna görə “İnzibati ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən iclaslar keçirilir”. Yığıncaqlarda iştirak etmiş vətəndaşların yarısından çoxu ərazi vahidinin qeydə alınmasının, birləşməsinin, inzibati tabeliyinin dəyişdirilməsinin, ərazi vahidinə ad verilməsinin və ya onun adının dəyişdirilməsinin “lehinə” səs verdikdə müvafiq qərar qəbul edilir. Ən azı milli referendum keçirmək lazım idi”.
Zaur Əliyev deyir ki, Qarabağın hər daşının altında, hər küçəsində, hər addımında tarix yatır: “O kəndlər elə-belə yaranmayıb, hansısa tarixi köklü bir tayfa, böyük bir ailə yaradıb. Ağoğlan kəndinin birləşdirilməsi Laçının böyük bir tarixinin sıradan çıxarılması, Alban tarixinin silinməsi deməkdir.
O cümlədən Qubadlının Balasənli kəndini tarixdən silirlər. Bu kənd Birinci vitse-prezident Mehriban Əliyevanın babası Yusif Ağanın kəndidir. Burada 30-35 ev olub. Bu kənddən Azərbaycan elminə xidmət etmiş yüzlərlə şəxsiyyət, Əmiraslanovlar çıxıb. Sonradan Yusif Ağa Şamaxıda pristav işləyib. Onlar Balasənli kəndinin fəxrləri olub”.
Qeyd edək ki, Teleqraf.com-un sözügedən məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına göndərdiyi sorğusu cavabsız qalıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.