Azərbaycanda uzun müddətdir ki, bir sıra dövlət qurumlarına, orta məktəblərə işə qəbul imtahan vasitəsilə aparılır. Yəni ali məktəbdə onlarla imtahandan keçib sonda diplom alan məzunlar işə qəbul olmaq üçün yenidən imtahana çəkilir. Maraqlıdır ki, ali məktəbin bakalavriat və magistratura pilləsini fərqlənmə (qırmızı) diplomu ilə bitirən şəxslərə işə qəbul zamanı heç bir güzəşt tətbiq olunmur. Onlar da adi qaydada imtahanlardan keçməli olurlar. Bu isə həm həmin şəxslər tərəfindən, həm də təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.
Bəs, gələcəkdə fərqlənmə diplomu olan şəxslərə işə qəbul zamanı güzəştlər oluna bilərmi?
araz.az-ın xəbərinə görə, mövzu barədə Referans.az-a danışan təhsil eksperti Nadir İsrafilovun fikirncə, universiteti qırmızı diplomla bitirənlər üçün işə qəbul prosesində güzəşt olunmalıdır.
“Onlar imtahandan azad da oluna bilərlər” – deyən ekspert hesab edir ki, universiteti əziyyət çəkib fərqlənmə ilə bitirənlərə işə qəbuldan əlavə də güzəştlər olmalıdır:
“Çünki bu güzəşt tətbiq olunarsa, ali məktəbdə təhsil alan digər tələblər üçün situmul yaradar. Daha məsuliyyətli şəkildə təhsillərini davam etdirərlər. Ali məktəbi qırmızı diplomla bitirən biri işə qəbul imtahanında yanlışlıqla nə isə səhv edə bilər. Bu da həmin şəxsin 4 illik ali təhsil həyatını heçə endirməyə gətirib çıxarır. Qırmızı diplomla ali məktəbi bitirmiş birinin işə imtahanla qəbul olunması həmin universitetin professoruna, müəllim heyətinə qarşı edilmiş hörmətsizlikdir. Bu hörmətsizliyin olmaması üçün fərqlənmə diplomu alanı imtahan etməkdənsə, ona təhsil verən universitetdə monitorinq aparılmalıdır. Həmişə orta məktəbin üzərinə düşürük ki, təhsil zəifdi, amma heç vaxt ali məktəblərin təhsil səviyyəsini müzakirə etmirik”.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli isə düşünür ki, fərqlənmə diplomuna görə güzəşt olmamlıdır:
“Biz dəfələrlə bu problemi vurğulamışıq. Bu məsələdə bir çox qarışıq nüanslar var. Öncə onu deyim ki, bir-biri ilə əlaqəli fəaliyyət göstərməli olan sahələr və müəssisələr bir-birindən xəbərsiz, bəzən də bir-birinə zidd fəaliyyət göstərir. Bunun müxtəlif səbəbləri var. İlk növbədə, verilən təhsilə və diploma şübhə ilə yanaşmaq. Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi birlikdə və mütəşəkkil fəaliyyət göstərməyincə, bu tipli problemlərdən xilas olmayacağıq. Bu iki dövlət müəssisəsi sanki bir-birini haqsız çıxarmaq uğrunda savaşdadır, əziyyətini isə cəmiyyət, təhsil çəkir. Məsələ odur ki, DİM ETN-nin təsdiqlədiyi diplomlara güvənmir, ona görə də yenidən imtahan təşkil edir”.
V.Ağabəyli dedi ki, bir tələbə ixtisasa yiyələnmək üçün real şəkildə təhsilə cəlb olunub, diplomunu ala bilirsə, diplom artıq onun həmin ixtisasa yiyələndiyini təsdiqləyir:
“Onu yenidən imtahan etmək absurddur. Lakin gəlin məsələyə digər tərəfdən də baxaq. Əldə olunan diplomlar və yazılan qiymətlər tam realdırmı? Doğrudan da, diplomu alan tələbə keyfiyyətli təhsil yolu keçibmi? Bu kimi suallar və şübhələrdən çıxış edərək DİM işə qəbul imtahanı təşkil edir. Mən birlikdə fəaliyyət deyəndə nəyi nəzərdə tuturam. Əgər hər iki dövlət müəssisəsinin məqsədi, həqiqətən də təhsilin keyfiyyətidirsə, onda bu qurumlar bu prosesi səmərəli təşkil etməlidir. DİM və ETN-nin fəaliyyəti birlikdə olmalıdır. Bakalavr təhsilini alan tələbə Yekun Buraxılış Dövlət İmtahanı verirsə, həmin tələbəyə verilən ixtisasın təsdiqlənməsi üçün DİM də bu prosesi izləyə bilər ki, daha sonra tələbəyə verilən diploma şübhə ilə yanaşıb yenidən imtahan etməyə gərək qalmasın. Çünki bu cəmiyyətdə xaos yaratmaqla yanaşı, həm də çoxlu sayda vəsait, vaxt və gərgin iş tələb edən bir prosesdir”.
Dosent onu da qeyd etdi ki, beynəlxalq təhsil sistemində fərqlənmə diplomu kimi bir anlayış yoxdur.
“Diplomunu əldə edən şəxsin təhsil nəticələrini əks etdirən transkriptinə əsasən GPA (ümumi orta qiymət) əksər hallarda vacib göstərici hesab edilir. Bizim cəmiyyətdə isə fərqlənmə diplomunun da real və ya qeyri-real olduğuna dair bir çox fikir ayrılıqları mövcuddur. Yetəri qədər fərqlənmə diplomu əldə edən, lakin ixtisasından xəbəri olmayan nümunələr mövcuddur. Bu baxımdan da, fərqlənmə diplomu imtahana təsir edən bir faktor kimi rol oynaya bilməz”, – deyə V.Ağabəyli bildirdi.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.