Aprelin 29-da Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Yayılan görüntülərdə məşqçinin azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranması, onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırması və digər təhlükəli hərəkətlərin əksini tapması hiddət doğurub.
Sözügedən hadisədən sonra bir çox valideyn sosial şəbəkələrdə artıq övladlarını məşqə göndərməyəcəklərini yazıblar.
araz.az bildirir ki, mövzu ilə bağlı Ölkə.az-a danışan “Alpman” Taekvondo Klubunun direktoru və baş məşqçisi, Bədən Tərbiyəsi və İdman Akademiyasının Taekvondo üzrə müəllimi Zahid Nadirov bildirib ki, cəmiyyətin qınağı yerindədir. O bununla belə, uşaqları idmandan uzaq tutmağın doğru olmadığını düşünür:
“İnsanlarımız videoda olan şiddəti qınamaqda haqlıdırlar. İstər idman sahəsi olsun, istərsə də təhsil, fərq etməz, uşaqlara olan şiddət birmənalı şəkildə qınanılmalıdır. Amma düşünürəm ki, insanların idmana olan yanaşması yanlışdır. Çünki bizdə cəmiyyətin idmana münasibətində də yanlışlıq var. Bizdə bəzi valideynlər övladını idmana qoyanda deyir ki, “bərkisin”, “dalaşsın” və s. Bizdən fərqli olaraq başqa ölkələrdə insanlar övladlarını professional karyera ilə məşğul olmaq, sağlamlıq və s. üçün idmana göndərir.
Neqativ hallara istənilən sahədə rast gəlmək olar, amma sırf bu hal olub deyə, uşağı “idmana yazdırmayım” demək də yanlışdır.
Əslində, valideynlərin burada daha məsuliyyətli davranmasını tövsiyə edirəm. Onlar ilk növbədə maraqlanmalıdırlar ki, biz övladımızı hansı idman növünə qoymalıyıq. Əvvəlcə uşağın bacarığı, onun sevdiyi idman növü nəzərə alınmalı, bundan sonra isə idman növünün onun mövcud yaşına uyğun olub-olmadığı araşdırılmalı, daha sonra ona uyğun məşqçilərə müraciət edilməlidir”.
Z.Nadirovun sözlərinə görə, məşqçilər uşaqlarla yaşına uyğun davranmalıdır:
“Yaş qruplarına görə müəyyən metodlardan istifadə olunmalıdır. Məsələn, Kanadada məktəbdəki fiziki tərbiyə müəllimləri və yaxud məşqçilər uşaqların yaş kateqoriyasına görə ixtisaslaşırlar. Yeniyetmə yaşlılarla məşğul olan məşqçilər bir başqa olur, gənc və uşaqlarla məşğul olanlar isə tamam başqa. Çünki hər yaş kateqoriyasının spesifik xüsusiyətləri var. Onlara yanaşma fərqli olmalıdır. Biz də azyaşlılarla işləyirik. Onlar üçün əsasən, oyun və yarış metodu üzrə məşqlər keçirik. Onlar sanki oyun oynadıqlarını zənn edirlər, amma xəbərləri olmadan taekvando öyrənirlər. Yeniyetmələrin isə özünə aid xüsusiyyətlər var, onlar daha həssas olurlar”.
Məşqçi bildirib ki, nizamsız şagirdə cəza verilsə belə, bu, öyrədici olmalıdır:
“Bəli, cəza vermək mümkündür, qaçılmazdır. Çünki idmanın özəyi disiplindir. Amma heç bir halda cəzalandırmaq üçün şiddət tətbiq etmək olmaz.
Cəzalar da hərəkətlər kimi yaş qruplarına görə dəyişir. Azyaşlılarla işləyirsənsə, onlara idman növlərinə uyğun cəzalar vermək olar. Məsələn, oturub qalxmaq, 5 dəfə “jim” etmək və s. Onlar bunu cəza kimi başa düşsələr də, burada belə fayda götürürlər.
Həddindən çox disiplinsiz olan idmançılarla isə danışıqlar aparmaq, valideynləri ilə görüşmək, ən pis halda isə onları komandadan kənarlaşdırmaq olar”.
Mütəxəssis hesab edir ki, bu cür məşqçilərin aşkarlanması üçün idman federasiyaları və ya Gənclər və İdman Nazirliyi monitorinqlər keçirməlidir:
“Fiziki tərbiyə müəllimi işləmək üçün imtahan veririksə, mərhələlərdən keçiriksə, eyni mexanizm məşqçilər üçün də tətbiq olunmalıdır. Müəllimlərin işə qəbulu zamanı ilkin olaraq bizim nəzəri biliklərimiz, daha sonra isə psixoloji durumumuz, dünyagörüşümüz uşaqlarla işləmək bacarığımız və s. yoxlanır. Düşünürəm ki, bunu məşqçilər üzərində də tətbiq etmək olar.
Əfsus ki, bəzən lisenziyası olmayan məşqçilər fəaliyyət göstərir. Bunun qarşısını almaq üçün də monitorinqlər keçirilməlidir”.
Z.Nadirov hesab edir ki, valideynlərin “əti sənin, sümüyü mənim” yanaşması kökündən yanlışdır:
“Valideyn övladını əmanət edərkən dəridən araşdırmalıdır ki, məşqçi kimdir. Təəssüf ki, bizə də bəzən valideynlər yaxınlaşır ki, “müəllim, əti sənin sümüyü bizim”, yəni döyün, vurun, amma bu uşaq nəticə versin. Bəzən isə 5 yaşlı uşağın valideyni soruşur ki, “müəllim bu uşaqdan adam olacaq”. İlk növbədə maarifləndirmə işləri aparılmalıdır. Çox vaxt valideynlər heç bilmirlər ki, olimpiya və ya qeyri-olimpiya idman növləri nədir. Hər hansı bir adam çempion olursa, onun həvəsinə düşüb dərhal zallara üz tuturlar. Fərqi yoxdur, o zalda məşq keçən adam həqiqətən məşqçidirmi, qanuni lisenziyası varmı və yaxud peşəkarlığı hansı səviyyədədir.
Təəssüf ki, ona görə də belə bədbəxt hadisələr baş verir”.
Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir.
Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.