Milli azadlıq hərəkatının fəallarından, Naxçıvan MR Ali Məclisinin keçmiş deputatı Bünyamin Qəmbərli bu gün cümə namazında qarşılaşdığı bir hadisədən xeyli narahat olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə açıq məktub yazıb.
Aktual olduğunu nəzərə alıb məktubu oxucularımızla paylaşırıq:
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Allahşükür Paşazadəyə!
Hörmətli Allahşükür Paşazadə!
Mən Bakıda yaşamağa başlayandan Cümə xütbəsi oxunan bütün məscidlərində xətibləri dinləmişəm. Təbii ki, bu xətiblərin, vaizlərin oxuduqları xütbələrdə də, nitqlərində də, leksikonlarında da, üslublarında da razılaşmadığım tərəflər olub. Ancaq bunları Azərbaycanda xütbə oxunması ənənəsinin uzun müddət pozulması, 70 il ərzində yetkin din adamlarımızın yetişməsi, formalaşması üçün imkan və şəraitin olmaması, dindarlarımızın böyük əksəriyyətində milli təfəkkürün, dövlətçilik maraqlarının formalaşması üçün zamanın yetərli olmamaması ilə əlaqələndirib bütün bu razılaşmadıqlarımı mümkün hesab etmişəm. Amma bu gün 24 avqust 2018-ci il tarixdə Əjdər bəy məscidində (Göy məsciddə), axundmu, vaizmi, ya başqa bir vəzifə sahibidirmi, bilmirəm, Bəhruz adlı bir məscid işçisinin oxuduğu xütbə zamanı dediyi fikirlər məndə bu adamın kimliyi, məqsədi, maraqları, mövqeyi, dini baxışları və səviyyəsi haqqında ciddi şübhələr oyatdı, suallar yaratdı.
Hörmətli sədr!
Bəhriz adlı bu məscid işçisi xütbəsini əsasən fitnəyə həsr etmişdi. O, xütbəsində 90-cı ildə Azərbaycanda fitnə salındığını, bu fitnəni özümüzünkülərin saldığını, camaatın birbirinə dəydiyini, Azərbaycanda çörək tapılmadığını, çörəyin 5 manata əllərdə satıldığını və s. dedi. İstər-stəməz bu sözlərin nə bir din adamına, nə bir vaizə yaraşdığını, nə həqiqətə, nə milli maraqlara, nə də din adamının-xətibin işinə və mövqeyinə uyğun olduğunu düşündüm. Bəhruz bəyin bu sözlərinin mahiyyəti nədi, nə anlama gəlir və biz buna necə münasibət göstərməliyik?
Hər hansı bir din adamı və xətib kimi ədalətli olmalıdır. Amma o nəfsinə və ya hisslərinə yenilərək, yaxud da başqasını təsiri ilə ədalətsizlik edib 1990-cı ildə gedən Milli Azadlıq Hərəkatını fitnə adlandırdı. Bəhruz bəy anlamır ki, 1990-cı ilə qədər Azərbaycanda məscidlər bağlı idi. Heç bir məsciddə xütbə oxunmurdu. Əgər bu gün Azərbaycanda yüzlərlə məsciddə xütbə oxunursa bu Milli Azadlıq Hərəkatının nəticəsində əldə olunan Azərbaycan Respublikasının müstəqilliyi hesabınadır. Bağa girib, üzümü yeyib, bağbanı və ya bağ sahibini söymək heç kimə, xüsusilə din adamına və xətibə yaraşan iş deyil. Əgər bir din adamı ədalət hissini itirirsə, onun başqalarına ədalətdən danışmaq haqqı yoxdur.
Bəhruz bəy, yaşına görə bu proseslərin hardan, nə üçün və necə başladığını, necə inkişaf etdiyini və Xalq Hərəkatının əhəmiyyətini bilməmiş deyil. Əgər bilmirsə belə, ən azından xütbə oxuyan şəxs kimi ya bilmədiyi bir məsələdən danışmamalıydı, ya da mütləq bu məsələni dərindən öyrənməliydi. 1987-ci ildə erməni Aqanbekyanın Parisdə Dağlıq Qarabağla bağlı bəyanatından və 1988-ci ilin yanvarında İrəvanda və Xankəndində baş verənlərdən sonra Azərbaycanda başlayan Xalq Hərəkatını fitnə adlandırmaq erməni dəyirmanına su tökmək və Azərbaycanı yenidən siyasi idarəsi altına almaq istəyən Rusiyanın əppəyinə yağ sürtmək, Xalq Hərəkatına böhtan atmaq, hərəkatda iştirak edənləri fitnəkar adlandırmaqla təhqir etmək, onların haqqına girmək, şəhidlərə və qan tökən qazilərə hörmətsizlik etmək deməkdir.
Din adamı kimi Azərbaycanın ərazi bütövlüyü üçün mübarizə aparan Xalq Hərəkatını və Azərbaycanın müstəqilliyini əldə edən Milli Azadlıq Hərəkatını müdafiə etmək, dəstəkləmək əvəzinə fitnə adlandırmaq Azərbaycanın dövlətçilik maraqlarına da, müstəqilliyinə də, milli maraqlara da xəyanət etmək, Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrə dəstək verməkdir.
Bir din adamının əsas vəzifələrindən biri hamını təmizliyə və düzlüyə çağırmaqdır. Xalq Hərəkatını və Milli Azadlıq Hərəkatını fitnə adlandırmaqla şər və böhtana yuvarlanan, “çörək 5 manat idi” deməklə yalan çirkabına bulaşan bir adamın bundan sonra din adamı və məscid görəvlisi kimi xütbə oxumağa, camaatın önündə durub onların ibadətinə rəhbərlik etməyə heç bir mənəvi və dini haqqı çatmır.
Hörmətli Şeyxülislam!
Bir ibadət əhli kimi sizdən xahiş edirəm ki, Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan Xalq Hərəkatını və Azərbaycanın müstəqilliyinə nail olan Milli Azadlıq Hərəkatını fitnə adlandırmaqla şər və böhtan dediyi, bu hərəkatlarda iştirak edənləri fitnəkar adlandırmaqla təhqir etdiyi, bu mübarizələrdə şəhid olanlara və qan tökən qazilərə hörmətsizlik etdiyi, ən nəhayət çörəyin 5 manata tapılmadığını deməklə yalan danışdığı üçün Bəhruz adlı məscid işçisinə xütbə oxumağı və öndə durub dindarların ibadətinə rəhbərlik etməyi qadağan edəsiniz. Dindarlarımızı, xüsusi ilə Azərbaycanın bütövlüyünü və müstəqilliyini istəyən, milli təfəkkürü olan, milli və dövlətçilik maraqlarını üstün tutan dindarlarımızı və bütövlükdə yurddaş və soydaşlarımızı isə bundan sonra Qafqaz Müsəlmanları İdarəsi Bəhruz adlı məscid işçisi ilə bağlı tədbir görmədikdə Bəhruz adlı məscid işçisinin xütbələrinə qatılmamağa, onun arxasında durub ibadət etməməyə çağırıram!
Bünyamin Qəmbərli
araz.az xəbər portalı.