“Azərbaycan və Ermənistan arasında ABŞ-ın ev sahibliyi etdiyi danışıqlardan heç bir sürpriz gözləmirəm. Lakin hər şeydən əvvəl danışıqların irəliləməsi onu göstərir ki, hər iki tərəf ənənəvi Minsk və son Moskva formatından başqa sülhə gedən digər yolları araşdırmaqda maraqlıdır”.
araz.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Rusiyada yaşayan amerikalı ekspert Endryu Koribko deyib.
O, mayın 1-də Vaşinqtonda keçirilən Blinken-Bayramov-Mirzoyan görüşünü, habelə Kremlin buna reaksiyasını şərh edib:
“Kreml çətin ki, tərəfdaşlarının Vaşinqtondan dəstək istəməsini bəyənsin, lakin Moskva bundan ehtiyat edərək, narazılığını birbaşa və ya açıq şəkildə bildirməyəcək”.
Analitikin fikrincə, sülhün hələ də əldə edilməməsinin səbəbi Ermənistanın 2020-ci ilin noyabrında Moskvanın vasitəçiliyi ilə imzalanmış Atəşkəs bəyanatına uyğun olaraq, Azərbaycanın hamılıqla tanınmış ərazisindən çəkilməkdən imtina etməsi ilə bağlıdır:
“Nəhayət, onu buna inandırmağa kömək etmək üçün edilən istənilən cəhd hamı, o cümlədən dünyanın ən ultramillətçi erməni diaspor icmalarından birinin məskunlaşdığı ABŞ tərəfindən belə alqışlanmalıdır. Lakin məhz həmin icmanın illərdir yürütdüyü müharibə təhriklərinə görə heç kim birdən-birə sıçrayışa ümid etməməlidir”.
E.Koribko əlavə edib ki, istənilən irəliləyişin əldə olunması üçün ABŞ hökuməti Ermənistana münasibətini dəyişməli olacaq:
“Lakin Vaşinqton İrəvanı sülhə doğru konkret addımlar atmağa inandırmaq üçün müəyyən prosesləri həyata keçirəcək. Mənə elə gəlir ki, bu addımlar anti-Rusiya xarakteri daşıyacaq və razılıq əldə olunarsa, bu, həmçinin, uzunmüddətli perspektivdə digər problemlərə də səbəb ola bilər.
Hər halda, bu barədə çoxlu spekulyasiya etmək hələ tezdir, çünki iki ölkə arasında son danışıqlara ev sahibliyi edən ABŞ-ı əhatə edən mənzərəni qeyd etmək və bu münaqişənin əbədiləşdirilməsində erməni diasporunun oynadığı rolu xatırlatmaq kifayətdir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.