İtaliyanın ən təhlükəli cinayətkar təşkilatlarından biri – “Ndrangheta” mafiyasına qarşı Avropada bir sıra koordinasiyalı reydlər zamanı 100-dən çox şəxs saxlanılıb.
araz.az-ın xəbərinə görə, təhlükəsizlik mənbələrinə əsaslanan ARD telekanalı bildirir ki, Almaniya, İtaliya, Fransa və Belçika da daxil olmaqla Avropa Birliyinin 6 ölkəsində keçirilən genişmiqyaslı əməliyyatda yüzlərlə polis əməkdaşı iştirak edib.
“Ndrangheta” mafiya qrupunu hədəf alan genişmiqyaslı əməliyyatda 108 nəfər haqqında həbs qərarı çıxarılıb. Məlumata görə, kod adı “Evrika” olan əməliyyat Cənubi İtaliyada yerləşən “Ndrangheta” mafiya qrupunu hədəf alan ən böyük beynəlxalq polis əməliyyatıdır.
Narkotik alveri, qanunsuz silah ticarəti və çirkli pulların yuyulması ilə məşğul olan 100-dən çox mafiya üzvü və tərəfdarı həbs edilib.
Polisin açıqlamasında bildirilir ki, cinayətkar qruplaşma çirkli pulların yuyulması, vergidən yayınma, kommersiya dələduzluğu və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.
Qeyd olunur ki, təkcə Almaniyada 100-dən çox iş yeri və yaşayış ünvanına basqın edilib. İstintaq 2019-cu ildə Belçikanın Gent şəhərindəki bir pizzaxananın mafiya ilə əlaqəsi olduğu zaman başlayıb.
İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Katanzaro, Vibo Valentia, Pescara, Milan, Salerno, Kataniya, Savona, Bolonya, Vicenza, L’Aquila, Ancona, Roma və Kalyaridə “Ndrangheta” ilə əlaqəli yerlərdə reydlər keçirilib.
“Ndrangheta”nın əsasən Belçika və Hollandiyadakı böyük ticarət konteyner limanlarından istifadə edərək Cənubi Amerikadan Avropaya külli miqdarda kokain apardığı güman edilir.
Müstəntiqlərin fikrincə, qrupun çirkli pulların yuyulması şəbəkəsi əsasən Almaniya, Belçika və Portuqaliyada fəaliyyət göstərir və müxtəlif ölkələrdə restoranlara və daşınmaz əmlaka sərmayə qoyub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.